Beynəlxalq insan hüquqları təşkilatı “Freedom House” Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, T.Yaqublu və siyasi motivli ittihamlarla həbs olunan digər onlarla şəxs sərbəst buraxılmalı və onlara qarşı ittihamlar ləğv edilməlidir.
Tofiq Yaqublunun həbsi hökumət tənqidçilərinə qarşı gücləndirilmiş təzyiqin, hakimiyyətin söz azadlığına və qanunun aliliyinə açıq şəkildə məhəl qoymadığının göstəricisidir”
bəyanatda bildirilir.
“Freedom House” baş verənləri belə təsvir edir:
Azərbaycanın ən böyük siyasi fəallarından biri və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu martın 22-də “avtoxuliqanlıq” ittihamı ilə saxlanıldı və 4 il 3 ay həbs cəzasına məhkum edildi. Yaqublunun həbsi prezident İlham Əliyevin COVID-19 pandemiyası ilə bağlı məhdudlaşdırma tədbirlərinin istənilən siyasi fəala tətbiq edilə biləcəyini açıq elan etməsindən bir neçə gün sonra baş verdi”.
T.Yaqublunun aclıq aksiyasına başlaması barədə məlumatın da yer adığı bəyanatda vurğulanır ki, müxalifət liderlərinə və üzvlərinə qarşı saysız-hesabsız haqsız ittihamlar, mühakimələr və həbs cəzaları İ.Əliyevin dövründə meydana gəlib.
Freedom House hesabatlarında Azərbaycanın yeri necə olub: Azərbaycan “2020-ci ildə azad olmayan”, “2019-cu ildə internet azadlığında azad olmayan” və “2020-ci ildə avtoritar rejimi olan” ölkələr sırasında yer alıb.
Nə baş verib: Martın 22-də Tofiq Yaqublu ona qarşı təxribat törədildiyi barədə məlumat yayıb. O bildirib ki, 8-ci kilometr bazarı yaxınlığında onun dayanmış halda olan maşını qəsdən vurulub və maşındakılar Tofiq Yaqubluya hücum edib. Bundan sonra siyasi fəala cinayət işi açılıb. O, ifadə vermək üçün dəvət olunsa da vəkili Elçin Sadıqov uzun müddət onun yanına buraxılmayıb. Martın 23-də isə Nizami Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan qərarı çıxarıb. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə ittiham olunur.
Tofiq Yaqublu kimdir: Siyasi fəal 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Bu, onun ilk həbsi deyil. T.Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunub. O, Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə təqsirli bilinib və 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə imzalanan əfv sərəncamı ilə həbsdən azad edilib.