Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ailəsi 3 saylı İstintaq Təcridxanasında onunla görüşüb. Onun qızı Nigar Həzi deyir ki, atasının sümükləri sızıldayır və yeriməkdə çətinlik çəkir. T.Yaqublu həmçinin ailə üzvləri ilə görüşə ləng buraxıldığından da şikayət edib:
Gəlib mənə deyirlər ki, pandemiyaya görə görüşə gələnləri bir-bir buraxırıq. Mən bilirdim ki, siz saat 10-un yarısından buradasınız. Ona görə də güclə olsa da ayağa durub, məni çağıracaqlarını gözlədim. 30 dəq ayaqüstə gözlədim. Ancaq məni görüşə çıxarmırdılar. Qapını yumruqla bərk-bərk döyməyə başladım. Birdən huşumu itirdim. Çarpayının üstə yıxıldım. Həkim gəlib tez müayinə etdi. Bir müddət keçəndən sonra özümə gəldim. Təzyiqim 60-90 idi. Artıq sürətlə zəifləyirəm. Hər gün azı 700 qram çəki itirirəm”.
Hazırda aclıq aksiyasının 9-cu günündə olan Tofiq Yaqublu onu da deyib ki, aksiyanı dayandırmaq fikri yoxdur, amma o özünü 15-ci gündəki kimi hiss edir:
“İradəm möhkəmdir. Bu işin zarafatı yoxdur. Buradan mən ya azadlığa çıxacam, ya da ki, buradan mənim meyitim çıxacaq”.
Niyə aclıq edir: Tofiq Yaqublu saxta ittihamla həbs edildiyini və onla bağlı ədalətsiz hökm çıxarıldığını düşünür. Buna görə də o, artıq 9 gündür ki, aclıq aksiyasını davam etdirir.
Nə baş verib: Martın 22-də Tofiq Yaqublu ona qarşı təxribat törədildiyi barədə məlumat yayıb. O bildirib ki, 8-ci kilometr bazarı yaxınlığında onun dayanmış halda olan maşını qəsdən vurulub və maşındakılar Tofiq Yaqubluya hücum edib. Bundan sonra siyasi fəala cinayət işi açılıb. O, ifadə vermək üçün dəvət olunsa da vəkili Elçin Sadıqov uzun müddət onun yanına buraxılmayıb. Martın 23-də isə Nizami Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan qərarı çıxarıb. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə ittiham olunur.
Tofiq Yaqublu kimdir: Siyasi fəal 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Bu, onun ilk həbsi deyil. T.Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunub. O, Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə təqsirli bilinib və 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə imzalanan əfv sərəncamı ilə həbsdən azad edilib.