Türkiyənin “Cumhuriyet” qəzetinin baş redaktoru Can Dündarın barəsində açılan cinayət işi ilə bağlı məhkəməsi davam edir. Ali Məhkəmə onun 5 il 10 ay azadlıqdan məhrum edilməsi barədə qərarı ləğv etsə də, hazırda davam edən məhkəmədə prokurorluğun tələbi ilə yeni qərar qəbul olunub. Qərara əsasən, Can Dündar hazırda yaşadığı Almaniyadan 15 gün ərzində Türkiyəyə, məhkəməyə gətirilməyəcəyi halda onun bütün əmlakının müsadirəsi və jurnalist “qaçaq” elan olunması barədə qərar qəbul edilib.
“Hürriyet” yazır ki, prokuror C.Dündarın 2016-cı ilin may ayında ölkədən çıxıb və bu tarixdən sonra heç bir iclasda iştirak etmədiyinu əsas gətirərək belə tələb irəli sürüb. Məhkəmə protokolunda C. Dündar barəsində 2018-ci il aprelin 10-da “yoxluğunda həbs” elan edildiyi və aprelin 17-də isə “qırmızı bildiriş” verildiyi qeyd edilib.
Vəkil nə deyir: C.Dündarın vəkili Abbas Yalçın jurnalist barəsində qaçaq hökmünün tətbiq edilə bilməyəcəyini deyir. Vəkil bunu belə əsaslandırıb:
C.Dündar istintaqın əvvəlindən mütəmadi olaraq məhkəmədə iştirak edib. Hətta hökm iclasında iştirak edib. Lakin qərar iclasında silahlı hücum və həyatına təhlükə olduğu üçün xaricə getməli olub. Bu səbəbdən də sözügedən müddəalar tətbiq edilə bilməz”.
Can Dündar nə deyir:
Məhkəmənin 4 dəqiqədə verdiyi bu qərar 40 illik səyimizdir. Əlbəttə ki, 100 ildir bu xalqın əməyini israf etmiş, meşəsini, gölünü, maralını və Cümhuriyyət qurumlarını satan bir hökumət, bizim evimizə göz dikməkdən çəkinməz. Bizim borcumuz son nəfəsimizə qədər doğru hesab etdiyimizi inamla və inadla dilə gətirməyə davam etməkdir”.
Baş redaktor mülklərinin həyat yoldaşının və özünün adına olan 1 evdən, 1 bağ evindən və atasından qalan , hazırda anasının tək yaşadığı evdən ibarət olduğunu bildirib.
Nə baş verib: C.Dündar 2014-cü ildə Milli Kəşfiyyat Təşkilatına (MİT) məxsus yük maşınlarına basqınla bağlı gizli görüntülərin yayımlanmasında şübhəli bilinib. 2015-ci ilin noyabrında “hərbi və siyasi casusluq”da ittihamı ilə həbs olunub.
MİT-in yük maşınları 2014-cü il yanvar ayının əvvəlində Adananın cənubunda müharibə şəraitində olan Suriyaya silah-sursat daşıyan zaman prokurorluğun qərarı ilə dayandırılıb.