Atalar, analar kimi valideyn olmurlar və ya analar evdə olmayanda onların əvəzləyicisi deyil. Gözləntilərin əksinə atalar ailəsi və uşaqlarına mühüm töhfə verirlər. Tədqiqatın həmmüəllifi Daniel Notermanın bu yaxınlarda IFS-ə verdiyi məlumata görə, araşdırmanın nəticələri “ata üçün mərkəzi rol uşağının rifahı üçün optimal” olduğunu ortaya çıxarıb.
Bəs tək valideynlər uşaq böyütməkdə uğurludur?
Əlbəttə, amma etiraf etməliyik ki, nikahdan kənar böyüyən uşaqlar ailədəki qeyri-sabitlik riski daxil olmaqla, maddi və psixoloji problemlərlə daha çox üzləşirlər. Ümumilikdə, tək anaların yoxsulluqla üzləşmə ehtimalı evli valideynlər ilə müqayisədə beş dəfədən çox olsa da, tək atalar və birlikdə yaşayan valideynlər də yoxsulluqdan sığortalanmayıb. Evli valideynləri ilə yaşayan uşaqların daha təhlükəsiz həyatı olduğu da məlumdur. Evli qadınların fiziki istismara məruz qalma ehtimalı subay və ya sevgililəri ilə birlikdə yaşayan qadınlara nisbətən daha az olduğundan, ailədaxili zorakılığa məruz qalma riski daha azdır. Həmçinin, subay ana sevgilisi ilə birlikdə yaşadığı zaman uşaqların istismara məruz qalması və laqeyd münasibətlə böyümə riski də çoxdur.
Digər tərəfdən “ana və ata” ənənəvi düşüncəmizdə xoşbəxt və sağlam uşaq yetişdirmək üçün həmişə nömrə bir komandadır. Mübahisələrin müəyyən bir məntiqi var; iki valideynin böyütdüyü uşaqlar yalnız bir valideynin himayəsində böyüyən uşaqlarla müqayisədə iki dəfə çox sevgi, diqqət və digər resurslara sahib olmur? Bundan başqa evli cütlüklərin bir-birinə sevgisi və dəstəyi olduğuna görə onlar daha yaxşı valideynlik etmir?
Bu fikirlər cəmiyyətdə həmişə öz təsdiqini tapsa da, araşdırmalar göstərir ki, həqiqət fərqlidir. Tək valideynlilik ilə bağlı ritorikanı nəzərə alsaq, bir neçə il əvvəl aparılmış sorğunu xatırlamaq lazımdır. Sorğuya görə, tək anaların böyütdüyü övladların müxtəlif maddələrdən asılılıq kimi prpblemlərlə üzləşməsi nisbəti 5,7%, iki bioloji valideynlə böyüyən uşaqlarınkı isə 4,5%-dir. Fərq təxminən 1%-dir, yəni “2 qat” sevgi və diqqətdən hasil olan nəticə gözləniləndən çox yüksək deyil.
Ümumilikdə isə düzgün ailədə valideyn olmağın sirri iki nəfər olmaqda deyil — orta hesabla, uşaqlar üçün bir ana ilə yaşamaq, başqası ilə evlənmiş bir ata ilə yaşamaqdan daha yaxşıdır. Ən yaxşı ailə quruluşu isə dörd yetkindən ibarətdir: ana, ata, nənə və baba.
Bəs bacı-qardaş və həmyaşıdlarla münasibətlər?
Bu sual üzərində də araşdırma aparılıb. Müxtəlif növ milli ailə formaları — iki bioloji valideynli ailələr, təkcə ana olan ailələr, uşağın övladlığa götürüldüyü ailələr, ögey ana və ögey ata ailələrinin əslində heç bir ciddi fərqi yoxdur. Neçə valideynin olması və ya onların uşaqlarla bioloji əlaqəsi bir o qədər əhəmiyyət daşımır. Bunun əvəzinə uşaqların təhsilləri və ya bacı-qardaşları, dostları ilə probleminin olub-olmaması, ailədaxili münaqişələr, valideynlər arasında kəskin fikir ayrılıqları və ya valideynlər ilə uşaqlar arasında mübahisələrin olub-olmaması daha ciddi əhəmiyyətə malikdir.
Bəzi hallarda isə tək valideynlərin övladları evli valideynlərin övladlarından daha uğurlu olurlar. Məsələn, yüzlərlə 10-14 yaşlı uşaq və onların valideyni üzərində aparılan araşdırma göstərir ki, subay valideynlər evli valideynlərlə müqayisədə öz övladları ilə daha çox dost münasibətində olur. Tək valideyni olan övladlar da ailə üzvləri ilə daha çox vaxt keçirirlər.
Bəs əgər iki valideynli ailələrdə böyüklər uşaqların hər ehtiyacını təmin edirsə, onda niyə onlar tək valideynli ailələrdəki həmyaşıdlarından daha uğurlu olmur? Onlar niyə elə eyni keyfiyyətdə və ya daha da pis həyat yaşayır? Nə qədər də öz təsdiqini tapmamış fikir olsa da, müşahidələr göstərir ki, tək valideynli ailələrdə böyümüş uşaqlar sosial, maddi və mənəvi çətinliklərlə erkən yaşdan tanış olur və bəziləri bu proseslə mübarizədə çox güclü ola bilməsələr də (bu da tamamilə normal və gözlənilən haldır) həmin problemlərin köməyi ilə reallıqla üzləşən və bunun nəticəsində də daha uğurlu olanlar var.
Bununla yanaşı Bella Depaulo “Singled Out” kitabında subay valideynlərlə bağlı yazısında belə izah verir:
Düşünürəm ki, bu dilemma qarşısında bir neçə yol var. Birincisi, elementar ailələrdə yaşayan bütün uşaqların hamısı bir-birini dəlicəsinə sevən və hörmət edən valideynlərinin himayəsində sevgi və diqqətlə əhatə olunmuş, eyni zamanda qəzəb, qarşıdurma və ittihamlardan azad mühitdə böyümür. İkincisi isə digər bir ehtimaldır, tək ana ilə yaşayan uşaqların bir çoxunun həyatında onlar üçün vacib olan digər böyüklər də var. Mən burada təkcə onlarla bir yerdə yaşayan nənələri nəzərdə tutmuram, eyni zamanda baba, bibi, dayı, əmi, qonşu, müəllim, ailə dostu və onlarla maraqlanan, qayğı göstərən digər yetkinləri nəzərdə tuturam.
Fərqli irq, sinif və cinsi oriyentasiyalı subay anaları araşdıran sosioloqlar bu anaların nadir hallarda övladlarını tək başına böyütdüklərini aşkar edib. Əksinə, özlərinə və övladlarına qayğı göstərən və illərdir həyatlarının bir parçası olan dost, qohum və qonşularla sıx əlaqələri var. Sabitlik məsələsində ənənəçilərlə razıyam; bu, uşaqlar üçün faydalıdır. Digər tərəfdən, evin qapısından kənarda gəzə biləcəyinizi və sizə inanan digər böyüklərin də olduğunu bilməyin rahatlığı da belədir. Tək valideynli ailədə böyüyən övlad, onu sevən valideynin sabitliyinə, təhlükəsizliyinə və onu dəstəkləyən sosial çevrəyə sahibdir.
Family Story düşüncə mərkəzinin həmtəsisçisi və direktoru Nikol Rocers bu mövzu barədə qeyd edir:
Ailə həmişə inkişaf edir və sorğulardan gördüklərimiz, qismən də olsa qadınların dar bir yoldan qurtuluşunu əks etdirir. Bu yaxşı bir şeydir.
Müəllif: Çinarə Kazımlı