Azərbaycanda hərbçilərin və Ermənistan ordusunun hücumları nəticəsində zərər görmüş vətəndaşların istehlak kreditləri tam həcmdə silinəcək.
Azərbaycan Banklar Assosiasiyasının oktyabrın 24-də yaydığı məlumatda belə deyilir.
Sözüngedən şəxslərin dəstəklənməsi məqsədilə Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər:
- Torpaqların azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş hərbçilərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
- Ermənistan ordusunun hücumları nəticəsində həyatını itirmiş mülki vətəndaşların banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
- Hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;
- Torpaqların azadlığı uğrunda döyüşlərdə həlak olmuş bank əməkdaşlarının ailələrinə həlak olan şəxsin 1 illik əmək haqqı miqdarında vəsait ödənilsin;
- Torpaqların azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun 3 aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.
Ölkədə hərbi vəziyyətin elan edildiyini nəzərə alaraq, cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış şəxslər haqqında və digər əlaqədar məlumatlar məxfi xarakter daşıyır.
Bu barədə bankların da məlumatı olmur. Bu səbəbdən, banklar tərəfindən müştərilər haqqında əlavə məlumatlar yalnız onlarla kredit öhdəlikləri ilə bağlı əlaqə saxlanıldığı zaman məlum olur və banklar müştərinin kredit tarixçəsində nəzərə almaq üçün müvafiq qeydlər aparır.