Ter-Petrosyan hakimiyyəti dövründə xarici siyasət üzrə məsləhətçi olan Jirair Libaridyan, Ermənistanda Qarabağ məsələsini çox ciddi bir problem hesab edib təcili olaraq həll edilməsində təkid edən əsas ictimai xadimlərdən biridir. O, məsələnin həllini, həmçinin Bakıdan əlavə Ankara-Yerevan arasındakı rəsmi münasibətlərin normallaşması üçün zəruri hesab edir. Mikroskop, onun müharibə başlamadan qısa müddət əvvəl siyasi olaraq liberal və müstəqil olan Aravot qəzeti üçün yazdığı məqaləsinin tərcüməsini təqdim edir.
Qarabağ münaqişəsinin həllinə süründürməçilik olmadan qarşılıqlı güzəştlər əsasında üstünlük verilməli olduğunu, bu münaqişənin həlli olmadan digər problemlərin həlli mümkün olmayacağını, münaqişənin həll müddətinin ləngidilməsinin müstəqilliyimizi təhlükə altında qoyacağını, yəni problemlərimizi öz maraqlarımız əsasında həll etmək mümkünatını itirəcəyimizi deyən bəzi insanlar var idi.
Həmçinin Qarabağ münaqişəsinin təcili bir məsələ kimi həll edilməsinin zəruri olmadığına, olduğumuz kimi davam edə biləcəyimizə, bu vaxtdan güclü bir dövlət yaratmaq və maksimal tələblərimizi əldə etmək üçün istifadə edə biləcəyimizə, əvvəlcə digər problemlərimizi həll etmək üçün vaxtımız olduğuna təkid edən insanlar da var idi.
Hətta problemin artıq həll olunduğunu belə irəli sürənlər var idi.
Müharibənin nəticələrinin çox vaxt ehtimal edilməz olduğuna, əsgərlərimizin qəhrəmanlığının və ordumuzun vətənpərvərliyinin qələbəni təmin etmək üçün yetərli olmadığına işarə vuran insanlar var idi; onlar “mütəmadi müharibə” anlayışının gələcəyin yolu kimi qəbul edilməsinin təhlükəli olduğunu qeyd etdilər. Bəzi insanlar da var ki, onlara görə belə bir problem ümumiyyətlə mövcud deyil; düşmənin iyul ayında dəf olunduğuna sevinənlər və bu səbəbdən həmişə belə olacağını düşünənlər. Son.
On və ya daha çox gün əvvəl, Məxməri İnqilabı (2018-ci ildə Ermənistadan baş tutan inqilab–tərc.) qiymətləndirən bir veb-seminarın sonunda mən təkidlə qeyd etmişdim ki, Ermənistana demokratiya, qanunun aliliyi və davamlı iqtisadi inkişaf gətirmək cəhdləri, Qarabağ problemi həll olunmadığı üçün uğursuzluğa məhkum edilib.
Və biz indi 2020-ci ilin sentyabr ayının əvvəlində haradayıq?
Mənim nəzərimdə, Qarabağ münaqişəsinin həllinə təsir etmək qabiliyyətimiz son baş verənlərə görə ciddi ölçüdə azaldı.
Son dövrdə belə bir ifadəyə haqq qazandıracaq nə baş verdi?
Bir neçə şey:
A) Azərbaycan döyüş meydanında iyul ayında bir qələbə qazana bilmədi, ancaq öz məğlubiyyətini Türkiyənin də məğlubiyyəti olduğuna inandıraraq bunu əhəmiyyətli diplomatik qələbəyə çevirdi və bununla da Türkiyəni problemə tam cəlb etdi.
B) Keçən ay Ermənistan Sevr Müqaviləsini ölkənin xarici siyasətinin vacib hissəsinə çevirdi. Türkiyə üçün bu ən vacib hissə oldu. Rəhbərlərimizin bunu bilərəkdən edib-etmədiyini bilmirəm, amma Ermənistan prezidenti və Baş nazirinin açıqlamaları Türkiyəyə qarşı ən azından diplomatik müharibə elan etməyinə bərabər idi. Və bu, Ərdoğan kimi təhlükəli bir liderlə Türkiyədir. Xarici siyasət aləti kimi Sevr müqaviləsini qəbul edən Ermənistan, ərazilərinin Türkiyədən alınmasını gündəminə gətirdi. Bu, rəqiblərimizin və beynəlxalq ictimaiyyətin nəzərində, Qarabağ probleminin ərazimizin genişlənməsi məsələsi olaraq müəyyənləşdirməsinə, insanlarımızın Artsaxda öz müqəddəratını təyinetmə haqqının siyasətimizin əsas hissəsindən kənarda qalmasına vəsilə olacaq bəlkə də son addım idi və bu revanşist yanaşma, tələblərini təmin etmək üçün eyni beynəlxalq birliyin rəğbətindən çox asılıdır. Bəziləri üçün “Erməni məsələsinin həlli” hesab olunan şey, beynəlxalq ictimaiyyət üçün ən azından mənasızdır. Üzləşdiyimiz əsl problemlərin həlli üçün olan imkanlarımıza daxili istehlak üçün dediklərimiz və etdiklərimiz ilə ziyan vurmağı dayandırmağın vaxtı deyilmi?
C) Bu bəyanatların ardınca Türkiyənin Müdafiə nazirinin, bundan sonra da Türkiyənin özünü Qarabağ münaqişəsinin tərəfi hesab etdiyini bildirən açıqlaması gəldi. Bu o deməkdir ki, (a) hazırda münaqişə, bir tərəfdə Ermənistanla Artsax, digər tərəfdə Azərbaycanla Türkiyə arasındadır, və (b) Türkiyə indi Azərbaycana əlavə dəstək verməyə hazır olduğunu bildirsə də yeni dəstəyin hansı formada olacağı dəqiq deyil. Buna baxmayaraq qeyd etmək lazımdır ki, bu bəyanat Xarici İşlər Naziri və ya başqa bir vəzifəli şəxs tərəfindən deyil, Müdafiə naziri tərəfindən verilmişdir.
Və bu, sadəcə başlanğıcdır.
Ermənistan və Artsax belə bir vəziyyətdə nə edəcəklər. Bəzi insanlar fəryad qopara bilər ki, bütün bunlar Türkiyə və türklərin nə qədər cani olduğunu göstərir. Ancaq bu fəryadlar yeni reallığı dəyişdirməyəcək. Həm də bu cür insanlar, Türkiyənin də münaqişənin tərəfi olduğunu və Azərbaycana qeyd-şərtsiz dəstək verdiyi üçün Minsk Qrupundan çıxarılmalı olduğu fəryadlarının da özlərinin olduğunu unudurlar. Nə olursa olsun; nə qədər fəryar qoparsaq da və ya Ərdoğanı, Türkiyəni və türkləri təsvir etmək üçün hansı sifətlərimiz olsa da, indi Azərbaycanla yanaşı birbaşa Türkiyə ilə qarşı-qarşıya gəlmə ehtimalını da görməli olduğumuz fakt olaraq qalır.
Əlbəttə ki, Türkiyənin bəyanatının sadəcə boş bir təhdid olduğunu, Ermənistanın Rusiya ilə qarşılıqlı müdafiə müqaviləsi bağladığı üçün Türkiyənin heç vaxt Ermənistana qarşı hərbi əməliyyat aparmağa cəsarət etməyəcəyini iddia etmək mümkündür. Ancaq belə bir mübahisə yalnız bu müqavilənin, bütün bu müqavilələr kimi, bu hal baş verəcəyi təqdirdə, Rusiyanın Türkiyə ilə avtomatik olaraq müharibəyə girməyəcəyi, Ermənistanla Rusiya arasında əvvəlcə müşavirələr keçirdiyi unudulmamalıdır.
Bu proses ərzində ən mümkün ehtimal budur ki, Türkiyənin yaratdığı təhlükəni aradan qaldırmaq üçün Rusiya əlverişli bir məqamda Moskvanın İrəvandan çoxdan bəri gözlədiyi güzəşt üçün erməni tərəfinin tələblərini təqdim edəcək. Əsas suallar budur ki, (a) maksimum tələblərimizlə heç bir əlaqəsi olmayacaq bu güzəştlər heç olmasa, minimal maraqlarımıza nə dərəcədə uyğun olacaq və (b) Ermənistan bu tələblərə müqavimət göstərə bilərmi?
Düzdür, Ermənistanın Türkiyə ilə sərhədlərinin müdafiəsi Rusiyanın da maraqlarına cavab verir. Ancaq bu o demək deyil ki, Rusiya həmişə olduğu kimi bizdən bunun müqabilində güzəştlər tələb etməyəcək.
Birinci Ermənistan Respublikasını necə itirdiyimizi unutmuşuq. Türk-Rusiya iş birliyi var idi. Sevr müqaviləsinin təqibi də var idi. O zaman, indiki kimi, mümkün olanlara fokuslanmaq əvəzinə xəyallarımıza ilişib qaldıq və mümkün olanın bir hissəsini itirdik. Üstəlik, müstəqilliyimizi itirdik.
Başqa sözlə, bütün bunlar ehtimal edilən idi və ehtimal da olunurdu.
İyirmi ildən çoxdur ki, münaqişənin həllini sürətləndirmək üçün heç bir səbəb tapa bilməyən insanların belə bir ehtimalı düşünməmələri mümkündürmü? Əgər düşünməyiblərsə, demək problemi həqiqətən başa düşməyiblər və ya gedişatdakı amilləri kifayət qədər ciddi qəbul etməyiblər. Əgər bu amillər haqqında ciddi düşünüb, amma yenə də vəziyyətə cavab verən bir siyasət qəbul etməkdən imtina etdilərsə, o zaman daha ciddi ittihama layiqdirlər. Hələlik bununla bağlı təfərrüatlara girməyəcəm.
Əlavə edim ki, aparılan danışıqların uğursuzluğunun məsuliyyətini sadəcə Azərbaycan və Türkiyənin üzərinə yıxmaq, qonşularımızla münasibətlərimizin əsası olaraq Sevr Anlaşmasını qəbul etmək kimi daha bir səhvimizi inkar etməkdir. Bu münasibətləri normallaşdırmaq üçün hər şeyi etmədiyimizə əminəm.
Əvvəlki analizlərimdə olduğu kimi, ümid edirəm yanılıram. Ancaq vaxt keçdikcə daha çox əmin oluram ki, son onilliklər ərzində bir neçə dəfə yazdığım və danışdığım ssenari bu gün onsuz da daha aydın bir forma alır.
Jirair Libaridyan (Arovat, 1 Sentyabr 2020)
Tərcümə: Bilal Əşrəfov (@bllshrfv)