“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qadağan olunmuş kassetli raketlər atdığını təsdiqləyib.
Təşkilatın oktyabrın 29-da yaydığı bəyanatda deyilir ki, həmin hücum nəticəsində ən azı 21 mülki şəxs öldürülüb və 70 nəfərdən çox insan yaralanıb.
“Amnesty international” yerli və beynəlxalq jurnalistlərin və sakinlərin çəkdiyi fotoları təhlil edərək oktyabrın 28-də Bərdəyə atılan silahlardan ikisinin Smerç raketləri olması qənaətinə gəlib.
“Ermənistan kassetli bombalardan istifadəni, yaxud Dağlıq Qarabağ qüvvələrini onlarla təchiz etməyi dərhal dayandırmalıdır. Bu bombaların mülki ərazilərə atılması qəddarlıq və düşüncəsizlikdir”
deyə təşkilat bəyanatda bildirir.
Qurum bütün ölkələrin Dağlıq Qarabağ müharibəsində kasset bombalarından istifadəni pisləməli və münaqişə tərəflərini onlardan istifadəni dayandırmağa çağırmalı olduğunu vurğulayır.
Təşkilat oktyabrın 5-də Azərbaycan tərəfindən qondarma Dağlıq Qarabağ respublikasının paytaxtı hesab olunan Stepanakert şəhərinə kassetli raketlər atıldığını bəyan etmişdi.
Ötən həftə isə təşkilat hər 2 tərəfi mülki ərazilərdə ağır partlayıcı silahların istifadəsini dərhal dayandırmağa və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıb.
“Amnesty International” ilə yanaşı “Human Rights Watch” insan haqları təşkilatı da Bərdəyə kasset bombalı raketlər atıldığını təsdiqləyib.
Təşkilatının oktyabrın 30-da yaydığı bəyanatında deyilir ki, Ermənistan tərəfi Bərdə şəhərinə hücumda qadağan edilmiş döyüş sursatları və uzunmənzilli raketdən istifadə edib.
Təşkilat bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan həmin gün Bərdənin Smerçlə vurulması haqda Azərbaycan tərəfinin bəyanatını “əsassız və saxta” adlandırıb. Ardınca isə nazirlik Bərdədə yerləşdiyi iddia edilən hərbi obyektlərin siyahısını yayıb.
“Hadisə yerində olan xarici jurnalist Bərdədə hər hansı əsgər, yaxud hərbi maşın görmədiyini deyib. Hətta ərazidə hərbi obyekt olsaydı belə, kasset bombalarının effektini nəzərə alaraq onlardan yaşayış məkanından istifadə müharibə qanunları ilə yolverilməzdir”
qurum bildirir.
Nə baş verib: Sentyabrın 27-də Azərbaycanla Ermənistanın təmas xəttində döyüşlər başlayıb. Azərbaycan 1 ay ərzində 4 rayon və 150-dən çox kəndi işğaldan azad etdiyini bəyan edib.
Kasset bombaları nədir: Kasset bombalar mülki şəxslərə uzunmüddətli təsirinə görə qadağan olunmuş silahdır. Bu silah havada partlayaraq futbol meydançası böyüklüyündə əraziyə onlarla, bəzən yüzlərlə bombacıqlar göndərir.
“Amnesty İnternational” deyir ki, 2008-ci ildə “Kasset Bombaları üzrə” Konvensiya qəbul olunub və onların istifadəsi qadağan olunub. Ancaq nə Ermənistan, nə də Azərbaycan konvensiyaya qoşulub. Hər 2 tərəf münaqişə bitənədək bu sazişə qoşula bilməyəcəyini deyir.