Bu gün gecə Azərbaycan, Ermənistan və Rusiya arasında müharibənin bitməsinə dair sənəd imzalanandan sonra Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları başlayıb.
Etirazların əsas yeri hara olub: Küçələrə axışan insanlar hökumət binasına daxil olub, şüşələri sındırıblar. Parlament binasına girən etirazçılar millət vəkillərinin oturacaqlarını sındırıb, “istefa” şüarları səsləndiriblər. Ermənistan parlamentin spikeri Ararat Mirzoyan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Paşinyanın istefa tələbi: Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı sənədə imza atdığını açıqlamadan əvvəl 17 müxalifət partiyası onun istefasını tələb edən birgə bəyanatla çıxış edib. Partiyalar hərbi məğlubiyyətə görə baş nazirin məsuliyyət daşıdığını bildiriblər.
Paşinyan nə deyir: Etirazların fonunda N.Paşinyan canlı yayım vasitəsi ilə sənədə imza atmaqdan başqa yolunun olmadığını bildirib. O, vəziyyətin indiki həddə çatmasında əvvəlki hökumətləri günahlandırıb və onların yol verdiyi korrupsiyanı səbəb kimi göstərib.
Qisasa hazırlaşmalıyıq. Korrupsioner, oliqarx yaramazlarla, ölkəni talan edənlərlə, əsgərin ərzağını, silahını oğurlayanlarla lazımınca məşğul olmamışıq”
Paşinyan deyib.
Paşinyanın ölkəni tərk etməsi haqda: Bəzi yerli KİV-lər Paşinyanın Ermənistanı tərk etdiyini yazandan sonra baş nazir bunu təkzib edib. Deyib ki, hazırda Ermənistandadır və baş nazir vəzifəsini icra edir.
Ermənistanın prezidenti nə deyir: Prezident Armen Sarkisyan Dağlıq Qarabağda müharibənin dayandırılması xəbərini mətbuatdan öyrəndiyini açıqlayıb. Sarkisyan sənədlə bağlı Rusiya prezidenti ilə hər hansı məsləhətləşmə, yaxud müzakirə aparmadığını qeyd edib.
İndi vəziyyət nə yerdədir: Hazırda Yerevanda sakitlikdir. Şəhərin mərkəzindəki mağazalar, kafe və restoranlar fəaliyyətin davam etdirir. Xarici işlər nazirliyinin binasının yaxınlığında daxili işlər nazirliyinə məxsus təxminən 10 avtomobil keşik çəkir. Həmçinin küçələrdə gücləndirilmiş post patrullar və güc strukturları yoxdur.
Sənəddə söhbət nədən gedir:
- Dağlıq Qarabağa Rusiyanın təxminən 2 min sülhməramlı hərbçsi yerləşdiriləcək.
- Həmin sülhməramlılar 5 illik gəlib. Hər iki tərəf etiraz etməzsə daha 5 il də avtomatik uzadılacaq.
- 15 noyabradək Kəlbəcər rayonunu, 1 dekabradək isə Laçın rayonunu Azərbaycana qaytarılır.
- Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir.
Nə baş verib: Sentyabrın 27-də Azərbaycanla Ermənistanın təmas xəttində atəşkəs pozulub. Bu 44 gün ərzində Azərbaycan 200-dən kəndi, Şuşa və daha 4 şəhəri – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı işğaldan azad etdiyini açıqlayıb.