Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında müharibənin bitməsinə dair sənəd imzalanıb. Bundan sonra Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları başlayıb.
Etirazların fonunda Baş nazir istefa verməyəcəyini açıqlayıb:
Mənim gündəliyimdə yalnız bir məsələ var – ölkədə sabitliyi təmin etmək. Başqa məsələlər gündəliyimdə yoxdur”.
Nikol Paşinyan istefa verməsə də Ermənistanda bir neçə nazir və hökumət rəsmisi istefa verib.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan ilk istefa verənlərdən biridir. İstefa qərarını noyabrın 12-də açıqlayan Ovannisyan bundan sonra elmi fəaliyyətlə məşğul olacağını deyib.
O, nazirliyin dezinformasiya yaydığı iddiları ilə bağlı Baş Qərargah və “Dağlıq Qarabağ Respublikasının” müdafiə ordusunu ittiham edib. Onun sözlərinə görə, bütün dezinformasiyalar məhz bu iki qurumun məlumatlarına əsaslanıb.
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan noyabrın 16-da istefa verib.
Baş nazir Nikol Paşinyan deyib ki, XİN başçısının işdən azad edilməsinə səbəb 2018-ci ildən başlayaraq danışıqlar prosesinin faktiki olaraq torpaqların təhvil verilməsi istiqamətində getməsidir. O qeyd edib ki, danışıqlarda nəinki ətraf rayonların, hətta Şuşanın Azərbaycana qaytarılması məsələsi də müzakirə olunub. XİN-in sözçüsü Anna Naqdalyan isə baş nazirin iddiasını təkzib edərək danışıqlar prosesində Şuşadan imtinanın nəzərdə tutulmadığını deyib.
Noyabrın 16-da Ermənistanda istefa verən təkcə XİN rəhbəri olmayıb. Həmin gün XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Karen Mirzoyan, Ətraf Mühit nazirinin müavini İrina Kaplanyan və nazirliyin mətbuat katibi David Qriqoryan istefa verib.
Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan noyabrın 17-də N.Paşinyanın sərəncamı ilə işdən çıxarılıb.
12 ildir bu postu tutan Ş.Koçaryanın bundan bir neçə gün öncə istefa ərizəsi yazdığı deyilir.
Ermənistanın Fövqəladə Hallar naziri Feliks Tsolakyan noyabrın 17-də istefa verib.
Məlumatı nazirliyinin mətbuat katibi Anna Baqdasaryan təsdiqləyib. Nazir bu posta 2018-ci ildə təyin olunmuşdu.
Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Movses Hakobyan noyabrın 18-də vəzifəsindən istefa verib. M.Hakobyan istefa səbəbini hələ ki, açıqlamayıb.
Hakobyan bu vəzifəyə ötən ilin mayında N.Paşinyanın qərarı ilə təyin edilmişdi.
Noyabrın 20-də Ermənistanın Müdafiə naziri David Tonoyan istefa verib.
Sentyabrın sonu başlayan 44 günlük müharibədə Azərbaycanın işğaldan azad etdiyi ərazilərə görə Ermənistan ictimaiyyəti əsasən D.Tonoyanı günahkar hesab edir.
Müdafiə nazirinin istefasından sonra qurumun mətbuat katibi Şuşan Stepanyan da istefa verib. O, istefası barədə “facebook” hesabında məlumat yayıb.
Noyabrın 23-də nazirliyin daha bir rəsmisi istefa verib. Müdafiə nazirinin müavini Qabriel Balayan bu barədə itkin düşən hərbçilərin valideynləri ilə görüşdə məlumat verib.
Nə baş verib: Sentyabrın 27-də Azərbaycanla Ermənistanın təmas xəttində atəşkəs pozulub. 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan 200-dən çox kəndi, Şuşa və daha 4 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını işğaldan azad etdiyini açıqlayıb.