Azərbaycanın daha altı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq məkan indeksləri kataloquna daxil ediləcək.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) noyabrın 25-də yaydığı məlumatda deyilir.
Məlumata görə, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, işğaldan azad edilmiş Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq.
Qeyd edilən hava limanlarının kodları ICAO-nun 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının prinsiplərinə uyğun olaraq AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.
İşğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib”
AZAL-ın məlumatında qeyd olunub.
ICAO barədə nələr məlumdur:
BMT-nin ixtisaslaşmış orqanı olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) beynəlxalq mülki aviasiyanın dünya üzrə təhlükəsiz və nizamlı inkişafını təmin etmək məqsədilə 1944-cü ildə yaradılıb.
Qurum aviasiyanın təhlükəsizliyi, səmərəliliyi, müntəzəmliyi, habelə aviasiya sahəsində ətraf mühitin qorunması üçün zəruri olan standartları və qaydaları müəyyən edir.