Milli Məclisdə Fransa Senatında noyabrın 25-də qəbul olunan “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnaməyə etirazlar səsləndirilib.
MM-in noyabrın 26-da baş tutan iclasında Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən geri çağrılması üçün Azərbaycan hökumətinə çağırış edilib.
MM-in qəbul etdiyi bəyanatda deyilir:
- Son günlər tutduğu mövqe ilə bitərəfliyini şübhə altına qoyan Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət edilsin;
- Azərbaycan Respublikası və Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın;
- Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılsın, dərindən təhlil edilsin və müvafiq tədbirlər görülsün”.
Deputatların bəziləri də ayrı-ayrılıqda Fransa Senatının qətnaməsinə etiraz ediblər:
Deputat Əli Məsimli: “Bu, artıq siqnaldır. Azərbaycana bundan sonra təzyiqlər artacaq. Ona görə də bu siqnallara adekvat cavab vermək lazımdır. Qətnamədən çıxan məqamlarla Fransanın üzərinə getmək lazımdır ki, ATƏT-in Minsk Qrupu həmsədrliyindən imtina etsin”.
Deputat Məlahət İbrahimqızı: “Biz Fransaya qarşı çox sərt bəyanat qəbul etməliyik. Əlbəttə biz Fransaya qarşı müharibə elan edəsi deyilik, ancaq hökumətlərarası münasibətlərə yenidən baxmalıyıq”.
Deputat Elman Nəsirov: “Fransa Senatının atdığı bu addım bütün Qərb demokratiyasının iç üzünü açdı. Bütün reallıqları nəzərə alaraq deyirəm ki, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olmaq üçün heç bir haqqı yoxdur”.
Deputat Zahid Oruc: “Senatın müstəqilliyi tanıma tövsiyəsi faktiki olaraq, ikinci Azərbaycan dövlətini tanımaq cəhdi sayıla bilər. Çünki yaxın gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağda əhali sayına görə Hadrutda, Xocavənddə, Ağdərədə və Şuşada yerləşərək digər ünvanlardakı bir ovuc erməni azlığından sayca çoxluq təşkil edəcəklər”.
Deputat Fəzail Ağamalı: “Azərbaycanın Fransadakı səfiri geri çağrılmalıdır.Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır”.
Nə baş verib: Rəsmi Paris sentyabrın 27-də Dağlıq Qarabağda başlamış münaqişədə Yerevanı dəstəkləyib. Münaqişə başa çatdıqdan sonra da Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyan ilə söhbəti zamanı Ermənistana və onun xalqına olan dostluq hislərini ifadə edib.
Senatın qərarı nə deməkdir: Fransa senatının, yəni parlamentin yuxarı palatasının qərarları tövsiyə xarakteri daşıyır və icra orqanları onlara riayət etmək məcburiyyətində deyil.
Qondarma Dağlıq Qarabağ Respublikası nədir: 1992-ci ilin yanvarında rəsmən “müstəqillik” elan edib. Lakin Ermənistan da daxil olmaqla, BMT-ə üzv olan heç bir ölkə tərərfindən müstəqilliyi tanınmayıb. Dağlıq Qarabağ BMT də daxil olmaqla, bütün dünya dövlətləri Azərbaycanın ərazisi olaraq tanınır.
Dağlıq Qarabağın “müstəqilliyini” kim tanıyıb: BMT üzvü olmayan Abxaziya, Cənubi Osetiya və Dnestryanı tərəfindən tanınır.