Müharibə zamanı dövlət bu dövrün silah və texnika kimi ehtiyaclarını ödəmək üçün büdcəsindən xeyli vəsait xərcləyir.
Müharibə digər iqtisadi xərcləri də özündə ehtiva edir ki, bunlara tikililərin, infrastrukturun itkisi, işləyən əhalinin azalması, qeyri-müəyyənlik, borc artımı və normal iqtisadi fəaliyyətin pozulması daxildir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, 44 günlük müharibə ərzində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın 9 şəhər və rayonu üzrə 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib.
Bir neçə ay bundan əvvəl keçmiş İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, COVID-19 pandemiyası dövründə Azərbaycan iqtisadiyyatı gündəlik 120-150 milyon manat itirir.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi ilin əvvəlində Azərbaycanla bağlı proqnozunda ölkənin beynəlxalq ehtiyatlarının təqribən 10 milyard dollar azalacağını açıqlayıb.
44 günlük müharibədən çıxmış və pandemiya dönəmindən keçən ölkə kimi Azərbaycan iqtisadiyyatının hazırki vəziyyəti necədir? Azərbaycanda müharibədən əvvəlki və sonrakı vəziyyət necə fərqlənir? Bundan sonra əhali nəyə hazır olmalıdır? Pandemiya və müharibədən sonra ölkə iqtisadiyyatı neçə ilə özünə gələ bilər? İqtisadçı Toğrul Marşallı izah edir!
Müharibədən əvvəlki və sonrakı vəziyyət necə fərqlənir?
Azərbaycanda müharibədən əvvəlki vəziyyət onsuz da böhranlı idi, müharibədən sonrakı dövrdə də böhrandan çıxmaq ehtimalı aşağıdır. Çünki Azərbaycan daha çox dünya bazarından asılıdır. Neftin qiyməti artsa da Azərbaycanda hasilat azalır. Faktiki olaraq iqtisadiyyata dəyişiklik etmək üçün ən azı neftdən imtina olmalıdır.
Bundan sonra əhali nəyə hazır olmalıdır?
Dövlətin rolu artacaq, dövlət investisiyalarının payı artacaq, çünki Qarabağın bərpasına kifayət qədər investisiya ayrılacaq. Güman edilir ki, yeni iş yerləri daha çox orada yaradılacaq, nəinki Azərbaycanın digər bölgələrində. İqtisadiyyatın stimullaşdırılması üçün tikinti işlərinin böyük hissəsi orada həyata keçiriləcək, əsas diqqət ora ayrılacaq.
“Büdcəyə yığılan pul çox səmərəli şəkildə orduya xərcləndi” fikri nə qədər doğrudur?
Ordunu başqa sahələrdən fərqləndirmirəm. Orduya ayrılan vəsaitlər eyni effektivliklə xərclənib. Sadəcə bunu nəticəsini biz indi görürük, amma digər sahələrdə uzun müddətdir ki, görürük, ona görə də fərqi anlamaqda çətinlik çəkirik. Əslində isə orduya kifayət qədər çox vəsait ayrılmışdı və bunu müqabilində alınan nəticə normaldır.
Pandemiya və müharibədən sonra ölkə iqtisadiyyatı neçə ilə bərpa ola bilər?
Bu əsasən iqtisadi sistemdən, dövlətin iqtisadi siyasətindən asılıdır. Rəsmi məlumata görə, Azərbaycan 2022-ci ildən neftdən tədricən imtina etməyə başlayacaq. Bu proses daha gec də baş verə bilər. İqtisadiyyatın müəyyən qədər bərpası da o zaman baş verə bilər. Həmin dövrə kimi iqtisadiyyatın bərpasına inanmaq çətindir. Çünki Azərbaycan neft-qaz hasilatından asılıdır və hazırda o sahələr dünya iqtisadiyyatında sabit deyil. Yeni iqtisadi münasibətlər yaradılsa, ölkə tədricən böhrandan çıxa bilər. Sadalanan amillər nəzərə alınsa, ölkə iqtisadiyyatının bərpası 2022-2023-cü ilə qədər davam edə bilər.