Türkiyə Xalqların Demokratiya Partiyasının (HDP) Hakkaridən olan keçmiş millət vəkili və Demokratik Cəmiyyət Konqresinin (DTK) həmsədri Leyla Güvən 22 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. BBC yazır ki, kürd siyasətçi terror qruplaşmasına üzv olmaqda ittiham olunur.
Güvənin qızı Sabiha Temizkan “Twitter”də anasının Diyarbakır qadın həbsxanasına göndərildiyini yazıb.
Kürdlərin tökdüyü hər göz yaşının hesabını verəcəksiniz. Bu gün olmasa da, sabah mütləq”
S.Temizkan deyib.
Leyla Güvən kimdir: 56 yaşlı Güvən vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiyalar, hüquqşünaslar və hüquq müdafiəçilərindən ibarət məclisin həmsədri olub. Güvən 2018-ci ildə Türkiyənin Suriyanın şimalında, əsasən kürdlərin yaşadığı Afrin qəsəbəsində həyata keçirdiyi hərbi əməliyyatlara dair tənqidi fikirlərindən sonra həbs olunub. O, suriyalı kürd silahlı qruplaşmasına qarşı aparılan hərbi əməliyyatı “işğal” adlandırıb.
Həbsdə olarkən 1999-cu ildən bu yana Türkiyədə ali təhlükəsizlik həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalanın saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlamışdı.
80 günə yaxın aclıq aksiyasından sonra şərti azadlığa buraxılıb.
HDP nə deyir: Partiyanın rəsmi açıqlamasında Leyla Güvən “həyatını sülhə həsr edən bir mübarizə adamı, şərəf abidəsi” kimi təqdim olunub.
Son illərdə Türkiyə hökuməti onlarla HDP liderini və yerli məmuru PKK ilə əlaqədə olmaqda günahlandıraraq həbs edib.