Müəllif: Kris Teylor (Chris Taylor)
Mənbə: Mashable
Tərcümə: Lamiyə Göycəyeva
Bir-neçə ay öncə ABŞ-ın keçmiş prezidentinin memuarlarının yer aldığı yeni kitab mağazalarda öz yerini tutdu. Həm xələfinin, həm sələfinin yazıçı kimi ad qazanmadığını nəzərə alsaq, çox güman, müəllifin Barak Obama (Barack Obama) olduğunu artıq başa düşdünüz. Hətta bu kitab barədə heç nə eşitməsəniz belə. Həmin əsərdən bəzi hissələri təqdim edirik:
- Obama Ağ Evdə də siqaret çəkməyə davam edirmiş, ancaq səhiyyə qanunu qəbul edildikdən sonra siqaret çəkməyi tərgidib;
- O, Yaxın Şərqdəki irsindən narahatdır;
- Obama Mitç Makkonnel (Mitch McConnell) kimi insanları tənqid atəşinə tutur və bununla öz qəzəbinə nəzarət etməyi ilə tanınan prezidentin başqa tərəflərini görmüş oluruq.
Gəlin, başlıqları bir kənara ataq və “Vəd olunmuş torpaq” (“A Promised Land”) əsərinin bu qədər maraq doğurmasının səbəbini aydınlaşdıraq. Çünki minnətdarlıq bölməsini və əlifba göstəricilərini çıxsaq, kifayət qədər böyük həcmli bir kitabı – 700 səhifəlik bir kitabı vərəqləməli olacaqsınız. Obamanın 1995-ci ildə işıq üzü görən birinci kitabı “Atamın arzuları: İrq və irsiyyət hekayəsi” (“My Father: A Story of Race and Inheritance”) yaxşı işlənmiş və olduqca qarışıq ailə hekayəsi ilə baş çıxarmalı olan obyektiv bir gənc tərəfindən yazılmışdı. İdeyanın davamı olaraq 2006-cı ildə çapdan çıxan “Ümidin cəsarəti: Amerika arzusunun geri qaytarılması haqqında fikirlər” (“The Audacity of Hope: Thoughts on Reclaiming the American Dream”) əsəri daha ehtiyatlı yazılmışdı (onda Obama prezident seçkilərində iştirak etməyi düşünən ABŞ senatoru idi), siyasi fikirlərlə daha zəngin və daha oxunaqlı idi.
Məsələnin yaxşı tərəfi ondan ibarətdir ki, “Vəd olunmuş torpaq” əsərinin təxminən 80%-i “Atamın arzuları”, 20%-i isə “Ümidin cəsarəti” əsərlərinə oxşayır. Obyektivlik öz yerinə qayıdıb; kitabın 2020-ci il seçkilərinə qədər nəşr olunmayacağını bilən Obama sözün əsl mənasında ürəyi istəyəni “zibil” (bullshit) adlandıra bilər (yeri gəlmişkən, o, bu sözdən əsərdə tez-tez istifadə edir). Baxmayaraq ki, memuarların birinci cildi keçmiş prezidentin birinci prezidentlik müddətini tam əhatə etmir və 2011-ci il Üsamə bin Ladenin (Osama Bin Laden) məhv edilməsi ilə başa çatır. Bu, Obamaya Trampı (Donald Trump) irqçilikdə ittiham etməsinə və ya bugünkü Respublikaçılar Partiyasının köklərinin 2008-ci ildə Sara Peylin (Sarah Palin) və 2009-cu ildə “Çay partiyası hərəkatı” (“Tea Party Movement”) ilə azadlığa buraxılan qara qüvvələrə kimi uzandığını qeyd etməyə mane olmur.
O, bəzən mövzudan çox uzaqlaşır; əsl peşəkar kimi əmin olmaq istəyir ki, bizim hər bir daxili və beynəlxalq münaqişə haqqında geniş bilgimiz var. Lakin müəllif kimi – dialoqlarda, təhkiyə tempində, personajların yaradılan portretində, hətta gülməli epizodlarda istedadlıdır. Xatırladığı gülməli söhbət elə də gülməli deyil, amma onu necə çatdırır! Hər səhnədə onlarla birlikdə olduğunu hiss edirsən. “Akvariumdakı həyat”la heç cür barışmayan Mişel (Michelle Obama) ilə söhbətləri gerçək, hətta məhrəm görünür.
Qısacası, Tramp dövründə siyasət mövzusunda çox kitab oxumuşdum və bu, sürətimi yavaşlatmalı olduğum ilk kitab oldu. Əsər asta-asta, dadını çıxara-çıxara oxumağı tələb edir. Bəlkə də bu, Obamanın günlərin bir günü “kompyuterin ən kobud qaralamalara da həddindən artıq səlis parlaqlıq verdiyini və natamam düşüncələrə səliqə maskası taxdığını” (ön sözdə belə yazılıb) aşkar etdikdən sonra hələ də qələm və qeyd dəftərçəsindən istifadə etməsi ilə əlaqədardır. Nə demək istədiyimi başa düşürsünüz? Hətta yazı sənətinə dair verdiyi tövsiyələrdə də heyrətamiz fikirlər var.
Yuxarıda qeyd edilənlərin hamısını nəzərə alsaq, indiki dövrdə, xüsusilə mövzunun növbəti post-travmatik stress pozuntusuna səbəb olacağı bir vaxtda 700 səhifəlik kitabı vərəqləməyə kim vaxt tapacaq? Əgər “Vəd edilmiş torpağ”a səyahəti təxirə sala bilmirsinizsə, onda görün, bu kitabda mən nələr tapmışam.
Həyata keçməyən arzular diyarı
Şəxsən mən 2020-ci ildən geriyə boylanıb Obamanın prezidentlik dövrünə baxanda anlayıram ki, beynim “bəs belə olsaydı”larda ilişib qalıb. O, ilk iki ildə Konqresdə açıq-aşkar vicdansızcasına hərəkət edən respublikaçıların “iki partiyalı” səslərinin axtarışına bu qədər vaxt sərf etməsəydi, nə olardı? Dövlət sığortası “Obamacare”-dən çıxardılmasaydı, nə olardı? 2008-ci ildə qurduğu hərəkatdan imtina etməsəydi və 2010-cu il ərzində kütləvi mitinqləri davam etdirərək, “Çay partiyası”nı heç olmasa aralıq qələbəsindən məhrum etsəydi, nə olardı? Ya da… Senatda üç ildən artıq təcrübə əldə etmək qərarına gəlib, 2008-ci ildə ikinci dəfə prezidentliyə namizədliyini verməsəydi, Amerika Trampı hakimiyyətdən kənarlaşdırmaq əvəzinə, Obamanı ikinci müddətə təkrar prezident seçərdimi?
Odur ki, “istədiklərim-bacardıqlarım-lazım olanlar”ın Obamanı da əldən saldığını bilmək təskinlik verməsə də, təəccüblü gəldi. Kitab bu fikirlərlə doludur. Obama onları bölüşməkdən çəkinmir.
Mən özümdən soruşmalı idim ki, həqiqəti gördüyüm kimi söyləməklə həddindən artıq sərt davranmamışam ki?
üçüncü səhifədə yazır.
Obama Qərb Qanadına işə gedərkən gəzintilərini xatırlayır,“zamanı geri döndərmək və hər şeyi yenidən başlamaq istəyi” ilə alışıb yanır. 2008-ci ilədək olan karyerasını dəyərləndirən Obama “özünü belə bir sual verməkdən saxlaya bilmir”: cəmiyyət təşkilatçısı olaraq qalsaydı, nə baş verərdi? 2008-ci il seçki kampaniyasında yol verdiyi ən böyük səhv – “silaha və ya dinə sarılan qəzəbli” seçicilər haqqında söylədikləri indiyədək ona rahatlıq vermir:
Bu günün özündə də həmin sözlərimi geri götürmək və bir neçə sadə düzəliş etmək istəyirəm.
Kitabı keyfiyyətli edən tərəflərindən biri də odur ki, əsər bizə, o cümlədən Obamaya “bəs, belə olsaydı”ların öhdəsindən gəlməyə və dünyanı olduğu kimi qəbul etməyə kömək edir (yeri gəlmişkən, bu cür kollektiv müalicənin adı var – tarix). Obama üzləşdiyi böyük təzyiqi bizə xatırlatmaq üçün sakit və metodik bir şəkildə faktları toplayır. Çox az sayda prezident səhv seçimin bu qədər faciəvi nəticələri ilə üzləşib.
Dünya iqtisadiyyatının iflas həddinə çatdığı, hakimiyyətinin ilk iki ayını nəzərdən keçirən prezident Problemli Aktivlərin Xilası Proqramı (TARP) həyata keçirildikdən sonra Uol-Stritin dərs çıxarmamasından şikayətlənən “ağıllı tənqidçilərlə bir çox cəhətdən” razılaşdığını görür. Bəlkə də fürsətdən istifadə edib böyük bankları dağıtmalı və “ağ yaxalıqlıları həbsxanaya göndərməli” idi:
Görəsən, həmişəlik dəyişən və daha ədalətli iqtisadi sistemin axtarışında olaraq qısa müddətdə daha böyük iqtisadi ağrı yaşatmaqla həmin ilk aylarda cəsur davranmalı idim mi? Bu fikir mənə rahatlıq vermir. Bununla belə, keçmişə qayıtmaq və nəyisə düzəltmək imkanım olsaydı belə, deyə bilmərəm ki, fərqli bir seçim edərdim… ən pis halda tammiqyaslı depressiyaya düşə bilərdik.
Yeriyən ziddiyyət
Bir faktı dərk etməyənədək Obamanı başa düşə bilməyəcəksiniz: heç Obamanın özü özünü başa düşə bilmir. Əsli-nəcabətinə görə də yeriyən ziddiyyətdir: Havay adalarında anadan olub, Çikaqoda yaşayıb, Kanzas və İndoneziyadan əcdadları var. Həm qaradərili, həm ağdərili mədəniyyətin daşıyıcısıdır. Publikada ünsiyyətcildir, ancaq gecələr təklikdə işləməkdən xoşu gəlir. Bizi İraqdan çıxarıb Əfqanıstana aparan prezidentdir. Hökumətin genişləndirilməsinin tərəfdarı, vergiləri Reyqandan daha çox azaldan biridir. Bəziləri üçün sosialist, bəziləri üçün son dərəcə mötədil baxışların tərəfdarıdır.
2009-cu ilin həmin gərgin ayları başqa cür yaşamaq istəməməsi ilə bağlı haşiyəyə çıxdıqdan dərhal sonra növbəti abzasda Obama siyasi baxışlarının bu vaxta qədər gördüyüm ən qısa təsvirini təqdim edir – bu, elə bir təsvirdir ki, onunla həm tərəfdarları, həm əleyhdarları mübahisə etməkdə çətinlik çəkər. Obama deyir ki, “inqilabçı ruhuna sahib olmayıb, baxışları ilə olmasa da, ən azından temperamentinə görə mühafizəkar ishalatçı olub”.
Başqa heç bir ifadə Obamanın hakimiyyətdə olduğu bütün bu illər ərzində real və xəyali nailiyyətlərə bundan daha yaxşı yekun vura bilməzdi. O, islahatlardan məsul idi, möhtəşəm ideyaları var idi, milyonlarla insana ümid verirdi (və hələ də verir), amma məhz mühafizəkar xasiyyəti bütün dəyişikliklərin inqilabi dəyişikliklərə yaxınlaşmasına belə mane oldu. Hadisələr eyni ssenari üzrə inkişaf etdi. “Bu razılaşma xoşuma gəlmədi, – 2009-cu ildə Əfqanıstana əlavə qüvvə göndərilməsinin vacib olduğu barədə yazır. – Ancaq köhnə davranış modelləri daha pis alternativlər təklif edirdi”.
Qeyri-müəyyənlik…
Hər şeyi görən siyasi dahinin iflic edən ikifikirliliyi bütün kitab boyu hiss olunur. “Əgər hər mübahisənin iki tərəfi varsa, mən adətən dördünü tapırdım”, – Obama yazır (bu, özünüdərk deyilmi?). Və bu ikifikirlilik gənc yaşda prezident postuna namizədliyini irəli sürmək qeyri-müəyyənliyi ilə müqayisədə göz qabağındadır.
Əlbəttə, Obama hərəkətverici qüvvələrin eqoizm və peşə instinkti olduğunu etiraf edir. Ətrafında olan hər kəs ona hansısa tarixi hadisənin bir parçası olduğunu söyləyirdi. Bura demokratik çoxluğun lideri Harri Rid (Harry Reid) də daxil idi. Rid 2006-cı ildə Obamanı inandırırdı ki, Senatdakı süstlük on il daha ondan daha yaxşı prezident düzəltməyəcək. “Onlar mənim ən yaxşı tərəflərimi kəşf edirdilər”, – Obama 2008-ci il seçiciləri barədə danışır, “bütün fikir ayrılığına rəğmən, xalq olaraq birlikdə qaldığımızı israr edən səs”.
Eyni zamanda Obama həmin sürrealist il ərzində tərəfdarlarının onu yüksəltdiyi pyedestaldan daha çox narahat olmağa başlamışdı. O əmin idi ki, adi bir insan olduğu üçün onları mütləq məyus edəcək. 2006-cı ildə prezident postu uğrunda mübarizəyə qoşulduğunu elan etməmişdən öncə yuxu görmüşdü, ya da onu qara basmışdı: başqa bir dünyaya açılan portala daxil olur və (bu cür yuxularda tez-tez rast gəlinən) “yox, yox, yox” səsi eşidir. Bu səs onu yatağından qalxıb, sakitləşmək üçün bir stəkan su içməyə məcbur etmişdi. O, ən çox “posta uyğun olmayacağından və ya Senatda ilişib qalacağından, hətta mübarizədə məğlub olacağından deyil, qalib gələ biləcəyindən” qorxduğunu yazır.
…və əminlik
Obama qeyri-müəyyən vəziyyətdə olduğu qədər tez-tez özündən əmin olmasaydı, ziddiyyətli bir fiqur olmazdı. O, bir şey haqqında uzun-uzun düşünə bilər, lakin qərar qəbul edilən kimi qərarına sadiq qalır. O, bir növ beynində dönüş nöqtəsini keçdimi, deyəsən, bu xüsusiyəti bəd xəbər müjdəçisi Kassandra kimi gələcəklə bağlı müəyyən əminliyə də şamil edilir.
Bu cür aydınlanma məqamlarından biri 2008-ci ilin oktyabr ayında baş verir. Rəqibi Con Makkeyn (John McCain) hər ikisinin Ağ Evdə Konqres liderləri və o vaxtkı prezident Buş (George Bush) ilə oturub sürətlə genişlənən maliyyə böhranını müzakirə etməyə israr edir. Amma həll yolu istəyəndə Makkeyn özünü itirir.
Həyatda olduğu kimi seçkiqabağı mübarizədə də elə anlar olur ki, bütün mümkün yollar birdən bağlanır, yalnız biri qalır; onda ehtimal edilən nəticələrin geniş spektri qaçılmaz addıma qədər daralır.
O, seçkilərdə qalib gələcəyini bilirdi.
Obamanın prezident postunda bütün vacib və çətin qərarları qəbul etdiyindən əmin olduğu məqamlar da var. Məsələn, bin Ladenin ələ keçirilmə məsələsində Obamanın kabinetində fikir ayrılığı yaşanıb. Co Bayden (Joe Biden) bunun olduqca riskli olduğunu hesab edirmiş. Hillari Klinton (Hillary Clinton) “51-40” sistemi üzrə “lehinə” olduğunu deyirmiş. Lakin Obama bir neçə həftə ərzində variantları yavaş-yavaş ələkdən keçirib, “sakit bir şəkildə və çox vaxt gecə yarısına kimi müsbət və mənfi tərəflərini öyrənib” və nəhayət, bu addımı atmaq üçün “özünü tamamilə hazır və əmin” hiss edib.
Liderlik də məhz budur: son dörd ildə hamımızın əziyyət çəkdiyi, xaos yaradan sırf şüuraltı deyil, müxtəlif insktinklərin nizama salınmasıdır.
Kor zona
Bununla belə, Obama da adi insan olub; bəzən gözünün qabağında olanları görməyib.
O, əvvəlcə “Çay hərəkatı partiyası”na olduqca etinasız yanaşıb, çünki onların arqumentləri kökündən məntiqə sığmırdı və o, öz seçicilərinə inanırdı. O, Massaçusetsdən olan keçmiş senator Ted Kennedinin (Ted Kennedy) yerinə Demokratlar Partiyasından namizədliyini irəli sürən Marta Kokli (Martha Coakley) ilə yaşanacaq problemi əvvəlcədən görə bilmir. Kokli uduzur, Obama isə Senatda obstruksiyadan müdafiə olunan çoxluğu itirir. Obamanın Trampın onun doğulduğu yerlə bağlı irəli sürdüyü bəyanatlara rəsmi cavabı çox gecikir; qalmaqal o həddə çatır ki, respublikaçıların 40%-i prezidentin ABŞ-da doğulmasına rəsmi şəkildə inanmır. Obama doğum şəhadətnaməsinin təqdim edilməsi üçün Havay adalarına çox gec müraciət edir.
Obama, deyəsən, ilkin mərhələdə Mitç MakKonnelin timsalında maneələri tamamilə dərk etsə də, vicdanla hərəkət etdiyini nümayiş etdirərək, qərarını təxirə salmağa davam edirdi. O, senator Lindsi Qrem (Lindsey Graham) ilə bağlı da xəyala qapılmırdı: “Lindsi [oğurluq filmində] özünü xilas etmək üçün hər kəsi aldadan bir oğlandır”, – Obama 2009-cu ildə etiraf edir. Bununla belə, Qremə Senatda iqlim qanunu ilə bağlı fikir bildirməyə imkan verir (Qremlə bağlı ədalətli olmaq gərəkirsə, Obama qazma hüququnu neft şirkətlərinə verməklə həqiqətən onun qanadlarını kəsir, hətta bundan “kozır kart” kimi istifadə etmir – Obamanın kor olduğuna daha bir sübut).
Xələf
İndi Obamanın kitabı seçkilərə qədər niyə nəşr etdirmək istəməməsinin səbəbini görürsünüz. Baydenin bin Ladenə hücum əməliyyatını dəstəkləmədiyini kontekstdən çıxarmaq keçmiş vitse-prezidentin seçicilərindən bəzilərinin səsini itirməyə kifayət idi. Lakin onu da söyləmək lazımdır ki, Co bu kitabda xeyli yaxşı oğlan kimi qələmə verilir. O, bütün vacib qərarların qəbulunda əsas səs və heç nəyə baxmayaraq, Konqresdən kompromis əldə edə bilən oğlan kimi təqdim edilir.
MakKonnelə görə, [Buşdan sonra vergilərin azaldılmasının uzadılıb-uzadılmaması ilə bağlı Baydenlə aparılan] danışıqlar respublikaçıların səsinə təsir etməyib.
Heç nəyə baxmayaraq, Corciyada demokrat seçicilər öz partiyalarını yanvarda hər iki turdan keçirməsələr, Amerika siyasətində vəziyyət tezliklə dəyişə bilər; MakKonnel elektoratın inamını sarsıtmadan Bayden ilə danışıqlar apara bilər, yoxsa yox? Bu məsələ ilə bağlı MakKonnel özü nə düşünür? Bütün bunların artıq heç bir fərqi yoxdur. Onun bazasında artan radikallaşmanı nəzərə alsaq, ümidimiz azdır.
Ancaq gəlin, sonuncu ümid müdafiəçisinin memuarlarını belə bədbin notda yekunlaşdırmayaq. Yaxşısı budur, mənim üçün yeni olan bir fakt barədə düşünək; həm Baydenin, həm Obamanın əcdadları bir neçə həftə fərqlə Amerikaya emiqrasiya edən irlandiyalı pinəçilər olub. Əgər bu, HBO-da ekrana çıxacağını gözləyən tarixi yoldaşlıq dramı üçün layiqli süjet deyilsə, onda mən heç nə bilmirəm.