Mənbə: Post Nauka
Müəlliflər: Kseniya Harlamova (redaktor), Liyena Xapayeva (“Post Nauka”nın direktoru). Konstantin Boronçov (fizika-riyaziyyat elmləri doktoru, professor)
Tərcümə: Lamiyə Göycəyeva
“Empatiya” sözü əvvəlcə sırf elmi anlayış kimi istifadə edilsə də, indi “şəfqət”ə sinonim kimi istifadə olunur, lakin bu, doğru yanaşma deyil. Terminin mənasını aydınlaşdırmaq qərarına gəldik, həmçinin humanist keyfiyyətlərimizi artırmağın yolları ilə bağlı təcrübələri bir araya topladıq. Empatiya necə işləyir, bu, təkamülün nəyinə lazımdır və onun qaranlıq tərəfi haradır?
Empatiyaya təqlidçi sinir şəbəkəsi cavab verir
Alimlər empatiyanı beynin təqlidçi iş prinsipi, konkret olaraq perception-action (dərk və hərəkət) fərziyyəsi ilə izah edirlər. Bu hipotezə əsasən, başqa bir insanın hansısa hərəkətini və ya vəziyyətini müşahidə etdikdə beynimizin eyni bölgələri aktivləşir, sanki bütün bunları özümüz hiss edir və ya özümüz icra edirik.
Məsələn, yanımızdakı insanın molyusku gördükdən sonra iyrənirmişcəsinə üzünü büzüşdürdüyünə şahid oluruqsa, bizim özümüzdə də beynin iyrənmə hissinə reaksiya verən sahəsi – Reyl adacığı həyəcanlanır. Həmin insan əlini kəssə, onda beynin ağrı ilə əlaqəli ön qabığı və Reyl adacığının ön hissəsi aktivləşəcək. Fərqi yoxdur, bunlar filmdə baş verir, yoxsa gözümüzün qabağında. Bundan başqa, sizə sadəcə lampa yananda insanın ağrı stimulu alacağını desələr belə, empatiya işə düşəcək.
Başqa sözlə, beyin səviyyəsində başqa insanın fəaliyyət və ya vəziyyət modeli formalaşacaq. Güman edilir ki, bu cür mexanizm təkamülə özümüzdən olan birini dərhal başa düşməyimiz üçün lazım olub: “Tərəfdaşım nə hiss edir?” – bu tip fərziyyələr irəli sürüb, onları yoxlamaqdansa, baş verənləri hiss etmək qat-qat tez başa gəlir.
Belə çıxır ki, empatiya mərhəmət və şəfqət vasitəsilə başqasını başa düşməkdir. Biz onu kənardan qiymətləndirmirik, stereotiplərin və ya nəzəriyyələrin köməyi ilə onun davranışını təhlil etməyə çalışmırıq, ancaq onun bu hadisəni necə gördüyünü, daxildən özünü necə hiss etdiyini güman edir və başa düşürük.
Empatiyanın ən azı üç səviyyəsi var
Empatiyanın tərifinə gəldikdə, neyropsixoloq Kris Frit (Chris Frith) onun üç səviyyəsini ayırd edir.
Birinci emosional yoluxma səviyyəsi və ya əsas neyron empatiyası adlanır: “Mən sizin emosiyalarınızı hiss edirəm, lakin həmin hissələrin sizə aid olduğunu dərk etmirəm”.
London Universitet Kollecində aparılan araşdırma bu fenomeni belə izah edir: kiminsə qorxmuş siması qısa zaman kəsiyində görünüb yoxa çıxsa və onun üz ifadəsini anlamağa macal tapmasanız belə, qorxunu hiss edəcəksiniz.
İkinci səviyyə: “Sizin emosiyaları hiss edirəm və bunun mənə deyil, sizə aid olduğunu bilirəm, halbuki müəyyən dərəcədə onları əks etdirirəm”.
Üçüncü səviyyə: “Müəyyən emosiyalar hiss etdiyinizi bilirəm və sizə kömək etmək istəyirəm, odur ki, əhval-ruhiyyəniz pis olsa, kefinizi qaldırmaq istəyəcəm”.
Bunun daha lakonik izahı da var. Psixoloq Tatyana Karyagina deyir ki, hazırda empatiya ikili anlayış kimi təsdiqlənib: dərk və münasibət. Mərhəmət vasitəsilə insanı başa düşür, münasibətimizi bildirir və cavabında öz hisslərimizi ifadə edirik (bu da ümumilikdə üçüncü səviyyəyə uyğun gəlir).
Empatiya səviyyəsi irqdən necə asılıdır?
Araşdırmalarda həyəcan təbili çalan bir məqam: empatiyanın səviyyəsi ağrı hiss edən insanın irqinin sizin irqlə üst-üstə düşüb-düşməməsindən asılıdır. Pekində neyropsixoloqlar avropalı və çinlilərin “özününkülər” və “başqaları”nın ağrılarına reaksiyalarını yoxlayıblar. Məlum olub ki, avropalı ağrı stimulu alırsa, avropalının neyron empatiya cavabı daha yüksəkdir. Çinli iştirakçıya münasibətdə isə bunun tam əksi vaş verir.
Ancaq qərəzi aradan qaldırmaq üçün metodların mövcud olduğunu göstərən eksperimentlər var. Bunun üçün çoxmillətli mühitdə yaşamaq və ya müxtəlif insanlarla dostluq etmək lazımdır: başqa irqə məxsus insan sizin daxili qrupunuzun bir hissəsinə çevrilsə, onda empatiya dəri rəngindən və göz quruluşundan asılı olmayacaq.

Empatiya problemlərini üç xəstəliklə əlaqələndirirlər
Empatiya pozğunluğu ən az üç xəstəliyin əlaməti hesab edilir. Birincisi, narsistlik şəxsiyyət pozuntusudur. Bu zaman insan özünün böyüklüyü ilə bağlı xəyallara qapılır və özünün seçilmiş olduğuna inanır. Başqaları ona mərhəmət üçün deyil, heyranlıq və məqsədlərinə nail olmaq üçün lazımdır.
İkincisi psixopatiyadır. Sadəcə olaraq insanda mərhəmət və şəfqət hissi yaranmır, özünü başqasının yerinə qoya bilmir, ona görə heç nə onun amansızlığını və aqressiyasını dayandıra bilmir. Bu cür insanlarda beynin emosiya və empatiyaya cavab verən bölgələrində əhəmiyyətli dəyişikliklər aşkar edilir.
Üçüncüsü autizmlə əlaqəli pozuntudur.
Əlbəttə, təkcə bu üç xəstəlikdə empatiya dəyişikliyi müşahidə edilmir. Amma məhz bu xəstəliklər üçün empatiya problemləri o qədər vacib hesab edilir ki, diaqnostik əlamətlər siyahısına daxil edilib.
Empatiyanın qaranlıq tərəfi var
Empatiya kifayət qədər qarışıq bir vəziyyətə gətirib çıxara bilər. Başqa birinin neqativ hisslərinə cavab olaraq bizim özümüzdə reaksiya silsiləsi – mərhəmət, emosional yoluxma, qəzəb, narahatlıq, qıcıqlanma və başqa hallar meydana çıxa bilər. Bu cür duyğu qamması empatiyanın yenidən tənzimlənmə fenomeni və ya şəxsi distress adlanır.
Bir insan distressin öhdəsindən gəlmirsə, dəstək artıq onun vecinə deyil, onu narahat edən özüdür. Araşdırmalar göstərir ki, bu cür insanlar kömək edəndə belə, bunu başqalarına görə deyil, vəziyyətdən tez bir zamanda çıxmaq üçün edirlər. Onlar çox vaxt ümumiyyətlə kömək etməkdən imtina edirlər, xüsusilə bu barədə heç kimin xəbər tutmayacağından və onu heç kimin mühakimə etməyəcəyindən əmin olduqda.
Ancaq insanlarda başqalarının problemlərinə bu cür reaksiya onların mənəviyyatsız və hissiz olduğu demək deyil. Heç də. Təcrübələr göstərir ki, distress riski insanın öz emosiyalarına münasibətindən asılıdır: o, həmin hissləri nə qədər tanıyır və nə qədər qiymətləndirir, onlara nə qədər etibar edir. Və özünü tanımaq qabiliyyəti nə qədər pis inkişaf edibsə, başqalarına kömək lazım olanda onların bu işin öhdəsindən gələ bilməmə ehtimalı bir o qədər çoxdur.