Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 18-də Azərbaycandan göndərilən 3 şikayət üzrə qərarlarını elan edib. Şikayətləri təmin olunanlar arasında 2013-cü ildə həbs olunan keçmiş siyasi məhbuslar Məmməd Əzizov və Şahin Novruzlu da var.
AİHM hesab edib ki, onlara münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsinin pozuntusuna yol verilib. Qərara əsasən, Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 43 min 500 avro təzminat ödəməlidir.
Keçmiş məhbuslar nə deyir: Həm Şahin Novruzlu, həm də Məmməd Əzizov çıxarılan qərarı ədalətli hesab edir. Ş.Novruzlu deyir ki, AİHM 18-ci maddəni tanıyıb və Azərbaycan hökuməti onlara bəraət verməlidir.
Atama məxsus 94 min manat pulla bağlı isə AİHM mənim həbsimlə evdən götürülən pul arasında məntiqi əlaqə tapmadığına görə şikayəti rədd edib. Atam rəhmətə gedib deyə mən onun adından müraciət etməli olacam.
Şahin Novruzlu tələb edir ki, evindən götürülən pul geri qaytarılmalıdır:
Çünki o pulu cinayət əməlində istifadə olunan pul kimi götürüblər. Ortada bir cinayət yoxdursa, o pul da geri qaytarılmalıdır.
Məmməd Əzizov isə bildirir ki, əvvəlki məhkəmələrin nəticələrini bildiyi üçün bu qərarı gözləyirdi və razıdır. O, hazırda təhsilini davam etdirir:
Hazırda heç bir siyasi fəaliyyətim yoxdur. Hələ də həbsə görə yarım qalmış təhsilimlə məşğulam.
Nə baş verib: 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə NİDA vətəndaş hərəkatı fəalları Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundov hər biri 8 il, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu isə 6 il müddətinə azadlıqdan məhrum edilib. NİDA-çı fəallar Cinayət Məcəlləsinin 3 maddəsi ilə təqsirli biliniblər:
- 234.1 – qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma
- 228.1-ci – qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə
- 220. 1 – zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə
Nə vaxt azad olunublar: Şahin Novruzlu 2014-cü il 18 oktyabr, Məmməd Əzizov isə 2016-cu il 18 mart tarixində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar.
Konvensiyanın 18-ci maddəsi nədir və neçə qərarda tanınıb: Avropa Konvensiyasının 18-ci maddəsinin izahı belədir: “Hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır”. Başqa sözlə, bu maddə dövlətin öz vətəndaşlarının hüquqlarını hər hansı məqsədlə məhdudlaşdırmasını qadağan edir. Azərbaycana qarşı bu maddə ilə ümumilikdə 29 qərar çıxarılıb. Rusiyaya qarşı 18, Ukrayna 18, Türkiyə 11, Gürcüstana qarşı 10, Moldovaya qarşı isə 4 qərar çıxarılıb.
Azərbaycan rəsmiləri isə bildirirlər ki, Azərbaycanda heç kim siyasi motivlərlə həbs olunmur. Prezident İlham Əliyev:
Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur.