Mənbə: Livelib.ru
Müəllif: Güzel Yahina
Tərcümə: Lamiyə Göycəyeva
Martın əvvəli Yelena Şubinanın redaksiyası altında 2021-ci ilin ən gözlənilən kitablarından biri, Güzel Yahinanın “Səmərqəndə gedən eşelon” romanı işıq üzü görəcək.
Bu əsər Volqaboyu aclığın bədii mənzərəsidir. Səyahət tərzində qələmə alınan roman mədəniyyətlərin, xalqların və talelərin bir-biri ilə kəsişməsi, maneələrin dəf edilməsi və insana inam üzərində qurulub. Sovet hakimiyyətinin ilk illərində məhv edilmiş ölkə fonunda əsl odisseya təsiri bağışlayır.
Sovet dövrünün ilk onillikləri maqnit kimidir. Bu illər indiyədək açdığımız düyünlərin bağlandığı dövrdür. Bu gün bizlərdə əks-səda oyadan həmin dövr bir çox mənada bizi formalaşdırır , – Güzel Yahina həmin dövrə marağını belə təsvir edir. – 1920-ci illərin aclığı barədə az yazılıb. Bu, yaddaşımızda qara dəlikdir və eyni zamanda indiyədək tədqiq edilməmiş, haqqında danışılmamış böyük kollektiv travmadır. Arxanda bir neçə milyonluq insan həyatı ölçüsündə dəliklər ola-ola irəliyə gedə bilməzsən.
Roman 1923-cü ildə “Dzerjinski qatarlarından” birində baş verir. Aclıqdan əziyyət çəkən uşaqların ölkənin tox bölgələrinə köçürüldüyü eşelonlar belə adlanırdı.
Vətəndaş müharibəsində gənc cəbhəçi kimi xidmət göstərən eşelon komandiri Deyev ürəyiyumşaq və dəliqanlıdır. Qatarı müşayiət edən uşaq komissarı Belaya zəhmdil və sərt, “kişi” xarakterli prinsipial qadındır. Onlar yaxşılıq anlayışının bir-birinə tamamilə zidd iki qütbüdür, lakin səyahətdə bir-birilərinə hava-su kimi lazım olurlar. Ümumi məqsəd – uşaqların xilas edilməsi onları bir müddət yaxın insanlara və müttəfiqlərə çevirir.
Yol boyu baş verən bir sıra dəhşətli macəralar qəhrəmanlıq mifinə oxşayır. Onlar yemək, dərman və yeni doğulan körpəyə süd anası tapmalı, səhrada dolaşmalı və hər növ quldur dəstəsi ilə toqquşmalı olurlar. Deyev əfsanəvi sələfləri – Odissey, Herakl və Yason kimi Aclıq, Xəstəlik, Qətl kimi bir çox adı olan Şər qüvvənin və əlbəttə ki, öz iblislərinin öhdəsindən gəlməlidir.
Kimsəsiz beş yüz ac uşaq. Altı həftəlik və dörd min verstlik uzun bir yol. Kazan, Volqaboyu meşələr, qazax çölləri və Aralboyu qumluqlardan keçərək Qızımqum səhraları, Türkmənistan dağları və məhsuldar Səmərqəndə uzanan yol. Və hər yerdə qatı düşmənlər: qaçqınlar, quldurlar, çekistlər, kazaklar, basmaçılar… Ancaq bu təhlükəli səyahətdə risk altında olan uşaqların həyatı romanda bütün qəhrəmanlar üçün insanlıq ölçüsü olacaq. Uşaqların xilası isə ən ali məqsədə çevrilərək sosial düşmənçiliyi bir müddətlik unutduracaq.