Müəllif: Mikhail Lopatin
Mənbə: Esquire.ru
Tərcümə: Lamiyə Göycəyeva
Yalnız dəvətnamə (invite) ilə daxil ola biləcəyiniz yeni sosial şəbəkə “Clubhouse” internetin yeni fenomeninə çevrilib. İnsanlar virtual audio-otaqlarda bir araya gələrək emiqrasiyadan tutmuş yeni etikaya qədər ən müxtəlif mövzularda müzakirələr aparırlar. Mixail Lopatin məsələyə aydınlıq gətirməyə çalışır: “ClubHouse” nədir — yeni mədəni fenomen, yoxsa altı aydan sonra hamının yaddan çıxaracağı növbəti IT-heçlik?
“ClubHouse” haqqında hər şey
Sosial kollektiv çevrədə yeni həyəcan dalğası başlayıb. Yüksək və yarıyüksək təbəqədən olan xanımlar, siyasətçilər, jurnalların baş redaktorları, dizaynerlər və bir vaxtlar praqmatik yoldaşların “Yaradıcı sinfə” daxil etdiyi hər kəs cuşa gəlib. Yeni sosial şəbəkə meydana çıxıb. “ClubHouse” adlanır. Orada şəkil yoxdur, yazmaq, “like” qoymaq (İlahi!) olmur. Orada yalnız danışa bilərsiniz.
Vaxt çatışmazlığı fonunda iki gün ərzində gözlənilmədən məlum oldu ki, kifayət qədər məşhur insan öz mətbəxindən (qismən virtual) söhbətə qoşulmağa hazırdır. Nə haqda olursa olsun. Nə zaman olursa olsun. Və bir o qədər də insan onlara qulaq asmağa yığışır. Bir tərəfdən, inqilabi heç nə yoxdur. Digər tərəfdən — artıq iki gündür orda-burda sevinc nidaları eşidirəm, bəziləri artıq bu tərzdə mesaj yazır: “Həyat yoldaşımla gecə saat üçə kimi bu otaqlarda oturduq – heç cürə ayrıla bilmirdik. O qədər tanış adam var idi, o qədər söhbət etdik, o qədər yeni şey öyrəndik”.
Kobud şəkildə desək: hamı yazmağa ərinir (hələ bunu bacarmaq da lazımdır), amma hamı “hər şeyi bilirəm – hər şeyi deyərəm” tərzində fikir bildirmək istəyir. Uşaqlar, iş, qar basmış yollar – hamısı cəhənnəmə olsun, imkan verin, hər şeyi deyim. Ya da deməyə sözüm yoxdursa, heç olmasa qulaq asım.
Əslində, “Clubhouse” sosial şəbəkələr arasında ən sadəsidir, radio formatındadır. “Dəvət” əsasında qeydiyyatdan keçdikdən sonra (bəli, hələlik sosial şəbəkə dəvətlə işləyir) burada “otaq” adlandırılan radio stansiyanızı təşkil edə bilərsiniz. Həmin otağın moderatoru olursunuz və həmsədrləri “rəyasət heyətinə” çağıra bilirsiniz. Ardınca tanışlarınızı axtarır, onları izləyirsiniz və onlar öz xəbər lentlərində sizin elanlarını görməyə başlayırlar. Təyin olunmuş saatda otağınıza daxil olursunuz, qulaqlıqlarınızı taxıb maraqlı bir şəkildə dilboğaza qoymamağa başlayırsınız.
Otağınıza gələn hər kəsə söz haqqı verə bilərsiniz. İştirakçılardan kimsə öz fikrini bildirmək istəyirsə, əlini qaldırır və əgər (istəyirsinizsə) ona danışmağa imkan yaradırsınız.
Əsas yenilik ondan ibarətdir ki, paralel olaraq istənilən sayda yayım etmək mümkündür. Hələlik otaqlarda iştirakçıların sayı məhduddur. Maksimum 5 min nəfər iştirak edə bilər. Ancaq inanıram ki, tezliklə bu da dəyişəcək.
Üstünlükləri nədir?
Hər şeydən öncə, başqasının kontentini öz adınıza çıxara bilmirsiniz. “Instagram”da retuşçu tuta və fotoşəkillərinizə cidd-cəhdlə düzəlişlər edib, aralarından yaxşısını seçə bilərsiniz. “Facebook” və ya “Telegram” kanalınızı “kabus yazıçı” idarə edə bilər və Puşkindən yerində iqtibas gətirdiyinizi görən hər kəsin ağzı açıq qalar. “YouTube” üçün ssenari yazmaq və peşəkar prodüsser dəvət etmək olar. İnteraktivlik elementinin olmadığı hər yerdə etibarsızlıq elementi var.
Burada vəziyyət fərqlidir. Canlı yayımdır. Sizsiniz, bir də “otağınızda” auditoriyanız. İstənilən adama söz haqqı verin və mübahisəyə girişin. Otağa dostunuz gələ bilər, əlini qaldırar, siz də ona söz deməyə imkan verərsiniz və o, sizi dəstəkləyər. Lakin bura sizin antaqonistiniz də daxil ola bilər və (cəsarətiniz çatırsa) ona da söz verə bilərsiniz. Ya da elə ola bilər ki, İvleyevanın ombasının (aparıcı Anastasiya İvleyevanın “Instagram” postu nəzərdə tutulur – red.) müzakirə edildiyi qrupa qoşulmusunuz, moderator isə ən yaxşı Dovlatov ənənələrinə uyğun Lermontovdan sitat gətirərək sizi təhrik edir, hiyləgərcəsinə “işığa gələn təsadüfi” puşkinşünasa danışmaq imkanı yaradır və minlərlə (“simsiz teleqram” sayəsində yüz minlərlə) insan başa düşür ki, siz maksimum İvleyevanı Malıginadan (model Darya Malıgina – red.) ayıra bilirsiniz, Puşkin və Lermontov arasındakı məsafəni isə şərti qəbul edirsiniz.
Təhlükəlidir? Çox. Əyləncəlidir? Özü də necə. Təkcə spikerə yox, dinləyiciyə də. Qlobal “stand-up” müşahidəçisinə çevrilirsiniz. Bura elə bir yerdir ki, hər əllamə Mərkəzi Bankın faiz dərəcələrinin azalmasını tənqid edə, ertəsi gün real Elvira Nabiullina (Rusiya Mərkəzi Bankının rəhbəri – red.) ilə baş-başa gələ, sonuncu da ən yaxşı ənənələrdə “bazar aça bilər”.
İkinci – iştirakdır. Təsəvvür edin: kübar cəmiyyətdən olan bir neçə qadın “Semifreddo” restoranına eniş edir. “Instagram”-ın köməyi ilə Patriarx gölündən şərti Qlaşa İrina Volskayanın (biznes-ledi – red.) nə qədər cavanlaşdığını, Kseniya Tarakanovanın (Moskvada “V-confession” agentliyinin təsisçisi – red.) “Bvlgari”-dən hansı geyimdə olduğunu, İrina Zarkovanın (“White Rabbit Family” restoran holdinqinin kommunikasiya departamentinin rəhbəri – red.) necə gözəl gülümsədiyini qiymətləndirəcək. Maksimum stola düzülənlərə baxacaq, fotoşəklin altına “Qızlar belə qızlardır!” tərzində yazılan şərhləri oxuyacaq və qəmgin-qəmgin özü kimi “qlamurka” ilə qəhvəsini içib birlikdə acı talelərinə görə heyfsilənəcəklər.
Bir anlıq təsəvvür edin ki, Qlaşanı rəfiqəsi ilə həmin masanın arxasına – ya da heç olmasa on dəqiqəlik söhbətə qulaq asmağa dəvət ediblər. Belə bir fürsətdən Qlaşanın beyni yanardı. Bu, sizin üçün televiziyada səhnələşdirilən və hər kəsin yalan danışdığı tok-şou deyil. Şəkil öz yerində, amma hamı qulaq asmağı daha çox xoşlayır. Qeybətləşmək, dedi-qodu etmək isə bir başqa aləmdir. Yalandan ağıllı görkəm almayın. Statistikaya görə, sizin özünüz də bütün mümkün kommunikasiya kanalları vasitəsilə gündə bir neçə saat bu işlə məşğul olursunuz.
Bəs təhlükəli tərəfləri?
Uşaqların söyüş eşidəcəyini və ya açıq şəkildə ekstremist otaqların meydana çıxacağını görməzdən gəlsək, onda platforma istənilən an bloklana bilər. Çin Kommunist Partiyası “ClubHouse”-un işini çox tez həll etdi. Heç kim cınqırını da çıxara bilmədi (sözün əsl mənasında).
Biznes baxımından söhbət formatında olan radiostansiyalar potensial təhlükəni hiss edə bilər. Hələlik “dinləmə qruplarına” cəmi 5 min nəfər yığılır. Bəs texniki imkanlar otağın ölçüsünü Ay səthindəki kraterin ölçüsünə çatdırmağa şərait yaradanda nə baş verəcək?
Peşəkar yayım cədvəli, istedadlı redaktura və informasiya biznesinin digər atributları tanınmış spikerlərin cəlb edilməsi baxımından təhlükə ilə üzləşə bilər. Radio, hər şeydən əvvəl, məşhur insanı lazım olan vaxtda çıxış etməyə razı sala bilən aparıcının nüfuzundan asılı olan müəyyən efir vaxtıdır.
Burada isə heç bir problem yaratmadan gözləyirlər. Bəlkə bu vaxt “otağa” daha maraqlı biri gəldi?! Bəxtiniz gətirsə, dəvət edilən məşhuru şuluqluq salmağa məcbur etmək olar. Təsəvvür edirsiniz, necə qlobal “stand-up” (adamın dilinə elə hey “bazar” sözü gəlir) təşkil etmək olar?
Sonra?
Yeni bir şey yoxdur. “Twitter” də ağıllı adamlarla başlamışdı və tezliklə radarlardan itdi, hərçənd sonradan mövqeyini geri qaytara bildi. “Facebook”da indi ən yaxşı halda pensiyaçılardan Qruşinski festivalının yolunu öyrənmək olar. İndi əsas beyin “Telegram”dır, onurğa beyin isə “Instagram”. Can sıxıntısı.
Vizual kontentin və müxtəlif orta səviyyəli mətnlərin çoxluğu göz qabağındadır. Bu baxımdan, “Clubhouse” həqiqətən maraqlı istehlak oyuncağına bənzəyir və onun tərəfdarları mütləq tapılacaq. Bu tərəfdarların sayı on min, yoxsa milyonlar olacaq, bax, bunu tezliklə öyrənəcəyik.
Sosial medianın ömrü getdikcə qısalır. “ClubHouse” kimi yeni formata artan maraq qaçılmaz idi. Bu maraq eyni sürətlə yoxa da çıxa bilər.