Azərbaycanlı rejissorun “Fainanın sirri” adlı animasiya filmi ilk dəfə Annecy Beynəlxalq Animasiya Film Festivalında nümayiş etdiriləcək. Durna Səfərovanın müəllifi olduğu film 2007-ci ildə həbsxanada ölən siyasi fəal Faina Kunqurovanın həyatından bəhs edir.
Jurnalist və rejissor Durna Səfərova Cənubi Qafqazı əhatə edən yaradıcı vizual platforma – “Chai-Khana”nın Azərbaycan üzrə meneceridir. O, Bakı Dövlət Universitetində jurnalistika üzrə bakalavr təhsili, İstanbul Bilgi Universitetində Kino və Televiziya ixtisası üzrə magistr dərəcəsi alıb. Mətbuat sahəsində 15 illik fəaliyyəti ilə yanaşı, Durna Səfərova ssenari yazılışı, film istehsalı, kinoda beynəlxalq əməkdaşlıq, habelə kinoprokat sahəsində də təcrübəlidir. O, müxtəlif qısametrajlı filmlərin müəllifidir və “Qonaq: Hələb-İstanbul”, “Bütün canavarlar insandır” kimi mükafat qazanan filmlərdə işləyib.
Durna Səfərova festivalda nümayiş etdiriləcək filmi ilə bağlı Mikroskop-un suallarını cavablandırıb.
Animasiya sahəsində təcrübəniz nə qədərdir?
“Fainanın sirri” mənim animasiya sahəsində ilk təcrübəmdir. Bundan əvvəl sadəcə həvəskar şəkildə “stop-motion” animasiya hazırlamışam – plastilindən obrazlar yaratmaqla.
Animasiya yaradıcılıq üçün müəllifə müxtəlif imkanlar tanıyan bir sahədir, burada istədiyin qədər “uça” bilərsən. Bu metod ilə hadisələrə, hadisələrin arxasındakı görünməyən tərəflərə müəllif kimi öz yanaşmamı nümayiş etdirə bilirəm. Animasiyadan istifadə etməklə görünməz olan nəsnələri görünən hala gətirə, onlara can verə bilirəm. Amma ümumiyyətlə, mən konkret hansısa janrda və ya formada işləməyə qərarı texniki olaraq vermirəm; bu, yaratmaq istədiyim hekayənin, atmosferin, məzmunun özünün tələbilə formalaşdırılır. Hər hekayə özünün formasını tapır.
Bu animasiyanın ssenaristi və rejissoru mənəm, vizuallaşdırmanın texniki tərəflərini isə animatorlardan ibarət komanda edib.
“Fainanın sirri” animasiyası nədən bəhs edir? Niyə məhz Fainanın hekayəsini seçdiniz?
“Fainanın sirri” bir siyasi fəal qadının – Faina Kunqurovanın həyatından bəhs edir. Onun başına gələnlər barədə çox az insan məlumatlıdır, hətta onu tanıyanlar, onun içində olduğu siyasi çevrələrdə belə, hekayəsinin hansısa hissəsinə bələddirlər. Mən də təəssüf ki, Fainanın adını ölümündən sonra eşitmişəm. Onun başına gətirilənlərdən çox mütəəssir olmuşdum və onu araşdırdıqca marağım böyüdü, bu hekayənin itməməli olduğuna, bu insanın yoxa çıxmamalı olduğuna qərar verdim. Beləliklə, sənədli film hazırlamaq ideyası doğdu. Üzərində işlədikcə, onu tanıyanları tapıb söhbət etdikcə işin həcmi çoxaldı, tammetrajlı film ssenarisi ortaya çıxdı. Lakin vizual material olduqca məhduddur, odur ki, hekayəni hibrid formada – sənədli animasiya ilə çatdıra biləcəyimi düşündüm.
Hələlik sadəcə animasiyadan ibarət 5 dəqiqəlik bir film hazırlaya bildik. Bu, Fainanın həyatına çox qısa bir baxışdır, oradan bir səhifədir deyə bilərəm. Tammetrajlı versiya üzərində isə hələ daha çox iş var.
Faina Kunqurova kimdir?
Siyasi fəal Faina Kunqurova Azərbaycan Demokrat Partiyasının üzvü olub və siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs olunub. İlk dəfə 2002-ci ildə xuliqanlıq ittihamı ilə həbs olunan fəal daha sonra əfv sərəncamı ilə 2004-cü ilə azadlığa buraxılıb. Partiyadaşları isə hesab edirdi ki, onun həbsinin səbəbi xuliqanlıq yox, Rəsul Quliyevi müdafiə etməsi olub. Sonuncu dəfə 2007-ci ildə həbs olunan F. Kunqurova saxlanıldığı Şüvəlan təcridxanasıda 2007-ci il noyabrın 26-da vəfat edib. Onun həbsxanada hansı şəraitdə və niyə öldüyü isə dəqiq məlum deyil.
Belə mövzuda animasiya formatının seçilməsi daha geniş auditoriyaya çatmaq üçün nə qədər effektivdir?
Məzmun və forma bir-birilə vəhdət təşkil etməlidir, əsas budur. Formatın, janrın müəyyənləşməsi yaradıcı prosesin təbii bir hissəsidir. Geniş auditoriyaya çatmaqda digər faktorlar daha böyük rol oynayır, nəinki format.
Azərbaycanda məhz animasiyaya maraq nə qədər qənaətbəxşdir?
Animasiya sahəsinə marağın nə dərəcədə olub-olmaması barədə məlumatlı deyiləm, doğrusu. Amma animasiya filmlərinə fokuslanan bir festivalın yaradılması bu sahəyə marağı artırıb, əvvəlki dövrə görə daha çox müzakirə edilir.
Animasiyanın nümayiş etdiriləcəyi festaival nə vaxt baş tutacaq və neçə ölkə iştirak edəcək?
Bu il 14-19 iyul tarixlərində keçiriləcək Annecy Beynəlxalq Animasiya Film Festivalı ən qədim və böyük animasiya festivalıdır. Hər il animasiya sevərlərin və animasiya yaradıcılarının gözünü dikdiyi bir hadisədir. Yüzə yaxın ölkədən film seçilib bu il. “Fainanın sirri” ilə ilk dəfədir Azərbaycandan film nümayiş etdiriləcək Annecy Festivalında. Filmim “Perspektivlər” adlı kateqoriyada göstəriləcək.
Festivaldan gözləntiniz nədir?
Xüsusi bir gözləntim yoxdur, açığı. Məqsədim digər filmlərlə, rejissorlarla yarışmaq deyil onsuz da. Festivallar mənimçün auditoriya ilə, həmkarlarla görüş yeridir. Fainanın dünyasını insanlara çatdırmaq istəyirəm.
Bu sahədəki gələcək planlarınız nədir?
Hələ ki, tammetrajlı layihəmin üzərində işləyirəm. Uzun müddət onunla məşğul olacağam.