Mənbə: Süddeutsche Zeitung
Müəllif: Von Sonja Zekri
Tərcümə: Lamiyə Göycəyeva
“Belarusda inqilab başa çatmayıb”. Bu sözləri Berlində mühacirətdə yaşayan belarus yazıçı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç deyib. O, Almaniyanın “Süddeutsche Zeitung” nəşrinə müsahibəsində ölkəsində baş verən hadisələrdə Avropanın sabitliyinə təhlükə gördüyünü bildirir.
“Etiraz yeni forma axtarışındadır, – nəşrin həmsöhbəti qeyd edib. – Müstəqillik günü hər yer əsgərlər və hərbi avtomobillərlə dolu idi. Nəticədə insanlar öz evlərinin yanında durdular, simvolsuz, işarəsiz. Bu o demək idi ki, mən buradayam. Mən etiraz edirəm. Bu günə kimi 40 min insan həbs edildi, döyüldü, şikəst edildi, öldürüldü. Hər bir ailə əziyyət çəkdi, bütün millət alçaldıldı. Biz bunu unutmayacağıq”.
“Hətta biz, yaşlı nəsil də hökumətin resurslarının tezliklə tükənəcəyinə ümid edirdik. Başlanğıc hamımızı həvəsləndirmişdi. Ağ paltar geyinən qadınlar. Hər yerdə dalğalanan ağ-qırmızı bayraqlar, göyə qaldırılan hava şarları, səslənən musiqi. Bayram idi! Hər şeyin 1990-cı illərdə necə başladığını yada salırdıq. Romantika dövrü! Onda əmin idik ki, bizə yalnız kommunistlərdən qurtulmaq lazımdır və döngəni burulan kimi bizi azadlıq gözləyir. 1990-cı illərdə də azadlığın bayram olduğunu düşünürdük. Amma hər şey tərsinə oldu. Müəssisələr bağlandı, insanlar işlərini itirdi, bəziləri varlandı, başqaları dəhşətli yoxsul vəziyyətə düşdü. Biz Belarusda qalib gəlsək belə, qorxuram ki, daha heç vaxt aramızda indiki kimi birlik olmayacaq”, – deyə yazıçı bildirib.
“Belarus qeyri-zorakı inqilabın yeni növünə nümunədir. Biz qan tökmədən inqilab etmək istəyirdik. Bu, idealist plan idi. Və insanlar hələ də öz inanclarından dönməyiblər, lakin onlar bilirlər ki, bunun çox böyük bədəli var”, – deyə Aleksiyeviç qeyd edib.
“Mat qaldım, Stalin maşını iki daşın arasında necə yenidən işə düşdü, – nəşrin həmsöhbəti fikirlərini bölüşüb. – Heç kim heç nəyi yaddan çıxarmamışdı. Hər yerdə xəbərçilər meydana çıxdı, KQB-nin yerli bölmələri tam sürətlə işləyir. Həkim rəhbərindən xəbərçilik edir, onu işdən qovurlar, donosçu isə onun vəzifəsinə keçir. Əsl 1937-ci il terroru”.
“Biz müstəqil, firavan bir ölkə yaratmaq istəyirik. Ancaq necə? Lukaşenko və Rusiya kimi iki təhlükə arasında yaşayırıq (…) İnsanlardan Belarusda yaşayışlarının necə olduğunu soruşanda, bilirsiniz, nə cavab verirlər? “Svetlana, biz işğalda yaşayırıq”. Onlar absurd, qorxunc həyatlarından bəhs edirlər. Qırmızı velosipeddə, qırmızı çantada pizza daşıdığı üçün həbs edilən kuryerdən danışırlar. Halbuki bu, firmanın rəngi olub. Eyvanda qırmızı rəngli alt paltarını qurutduğu üçün mənzilinin qapısı qırılan kişidən danışırlar. Qırmızı-ağ inqilabımızın rəngidir. Yeni ildə şaxta babalara qırmızı palto və şapka geyinmək olmazdı, yalnız mavi rəngdə. Bu dəlilikdir. Bütün xalq belə yaşayır”, – deyə yazıçı bildirib.
“Bəziləri hələ də Lukaşenkoya inanır. Başqaları ona nifrət edir. Bunların arasında hələ qərər verməyənlərdən ibarət boz zona var. Onlar dəyişikliklərdən qorxurlar. Xarici avtomobil ala bildikləri, tətillərini Misirdə keçirə bildikləri və Çindən paş-paltar ala bildikləri üçün razıdırlar. Əvvəllər onların belə bir imkanı yox idi. Onlar qorxurlar ki, Lukaşenkodan sonra rus kapitalı gələcək, zavodlar və müəssisələr ucuz qiymətə alınacaq, kolxozlar ləğv ediləcək. Onlar Rusiyadan, kapitalizmin rus modelindən qorxurlar”, – deyə Aleksiyeviç aydınlıq gətirib.
“Məncə, Avropa Belarusdan necə böyük bir təhlükənin gəldiyini tam başa düşmür. Axı söhbət təkcə bizim əzab-əziyyətimizdən getmir. Avropanın sabitliyi təhlükə altındadır. Vətəndaş müharibəsi, qaçqın axını başlaya bilər. Belarus kommunizmin sonuncu istehkamıdır. Kommunizmin qələbə çalacağı təqdirdə, Rusiya, Polşa və Macarıstanda millətçi hərəkat və avtoritar hökumət güclənəcək”, – yazıçı düşüncələrini dilə gətirir.
Aleksiyeviçin sözlərinə görə, belaruslulara “tarixən formalaşmış iflic, qorxu geni” xasdır. “Amma başqa bir şey, kölə düşüncəsi var. Ən yaşlılarımız da azadlıqda həyatın necə olduğunu xatırlamır. Bizim azadlıq təcrübəmiz yoxdur”, – deyə o qeyd edib.