Mənbə: Esquire.ru
Müəllif: Esquire redaksiyası
Tərcümə: Lamiyə Göycəyeva
“Storytel” kitab xidmətinin baş redaktoru, tərcüməçi Anastasiya Zavozova Aqata Kristi (Agatha Christie) kitablarının müalicəvi təsirindən danışır, “Lolita” romanının ingilisdilli versiyasının rusdilli versiyasından qat-qat yaxşı olmasının səbəbini izah edir, həmçinin Bronte bacıları və Ceyn Ostin (Jane Austen) arasında seçim edir.
İlk kitab şoku
Özümü oxumağı öyrənəndən sonra tanımışam: heç vaxt aktiv oyunlara, ümumiyyətlə hərəkətli olmağa həvəsim olmayıb. Görünür, ilk üç ilimi oxumağı öyrənəcəyim və vicdan əzabı çəkmədən yerimdən tərpənməyəcəyim günü gözləmişəm. Bununla əlaqədar uşaq vaxtı oxucu kimi iki güclü şok yaşamışam: ilk cümləmi oxuyanda (anam maqnit əlifbada “Balaca və Karlson” sözlərini düzmüşdü) və dörd yaşımda miflər, Qədim Yunan qəhrəmanları haqqında lüğət məqalələrinin bir araya toplandığı “Mifoloji lüğət”i özü üçün kəşf edəndə. Böyük sevinclə kitabı hər yerə özümlə daşıyırdım. Görənlər adətən valideynlərimdən “o qız orada neyləyir, şəkillərə baxır?” deyə soruşurdular (Kitabda “maraqlı” şəkillər var idi, nəşr çılpaq antik heykəllərlə dolu idi, ancaq görünür, insanlar üçün uşağın erkən cinsi yetkinliyə çatdığına inanmaq onun həqiqətən nəsə oxuduğuna inanmaqdan daha asan imiş.) Orada elə sözlər var idi! — indiyədək yadımdadır, məhz o kitabdan “eyniləşdirmək” sözünü öyrənmişdim, Demetra Serera ilə eyniləşir və s.
Təsir edən sonuncu kitab
Son altı ayda, bəlkə də, ən çox Loran Binenin (Laurent Binet) “Dilin yeddinci funksiyası” (“La Septième Fonction du langage”) romanını bəyənmişəm. Birincisi, müəllifin yaxşı yumor hissi var. Son vaxtlar həqiqətən gülməli romanların sayı nəsə azalıb; yadınızdadırsa, bir il hətta Vudhauz mükafatı təqdim olunmadı, çünki yazıçılar münsiflər heyətini güldürə bilməmişdilər. Bu fonda Binenin kitabı karnaval kimi başlasa da, beldən aşağı zarafatlar etməkdən çəkinməsə də, ədəbiyyata və ədəbiyyatşünaslığa aşiq olan hər kəs üçün son dərəcə yeni bir şey olaraq qalır. Öz kitabında Donna Tartta (Donna Tartt) ötəri də olsa yer verən yazıçıya ürəyini necə verməyəsən axı?!
Bundan başqa, nəhayət, Ceremi Ayronsun (Jeremy Irons)ifasında “Lolita” əsərini ingilis dilində dinlədim və bir daha əmin oldum ki, rusdilli versiyasından fərqlənir. Tamam başqa əsərdir. İngilis dilində olan “Lolita”, sözün əsl mənasında, son dərəcə qurudur. Orada artıq heç nə yoxdur, hər şey hecasına kimi yoxlanılıb, orada inanılmaz ahəngdar ritm var və o, əlbəttə ki, çox müasirdir. Rusdilli “Lolita”da sözlər bir az naftalin həblərinə oxşayır. Bu, itirdiyimiz rus dilinin təsirli xatirəsidir və zamanla ayaqlaşan, onu qabaqlayan ingilisdilli versiyası ilə müqayisədə bu ziddiyyət daha çox nəzərə çarpır.
Oxucu kimi ilin üçüncü sevincinə gəldikdə — yeri gəlmişkən, kitab bu il olmasa da, gələn il rusca çapdan çıxacaq — bu, isveç yazıçısı Mikael Nieminin (Mikael Niemi) “Ayını bişirmək” (“To Cook a Bear”) romanıdır. Müəllifin “Vittuladan populyar musiqi” (“Popular Music from Vittula”) əsərini çox bəyənirəm. İndi onun başqa romanı da bizdə işıq üzü görəcək. “Ayını bişirmək” həm detektivdir, həm tarixi saqa, həm də Niemidə adət etdiyimiz kimi, emosional, qəribə sevgi etirafıdır: “Vittuladan populyar musiqi”də bu musiqiyə sevgi idi, burada isə müəllif kitablara sevgisini etiraf edir.

Təkrar-təkrar oxunulan kitab
Yəqin ki, Aqata Kristinin cənab Arli Kin (Mr. Harley Quin)haqqında olan hekayələri. Ümumiyyətlə, Kristi mənim təsəlliverici mütaliəm olaraq qalır. Onun “Avtobioqrafiya”sı saçlarından tutub özünü qəm-qüssədən çəkib çıxarmaq vasitəsidir, çünki Kristidə elə gözəl özəllik var ki, bəlkə, pəri olsaydı, doğulan hər uşağa belə bir xüsusiyyət – nəşə arzu edərdi. Nə olursa olsun, onda daxili, fasiləsiz günəş şüası var, həmin şüanı həmişə kitabları vasitəsilə tutmaq mümkündür. Arli Kin haqqında hekayələr magiyanın, müəmmanın, nağıl cazibədarlığının olduğu mükəmməl topludur, bu toplu rahatlıq və uşaqlıqdan başa düşülən konstruksiyalar, əsl hekayələr haqqındadır.
Uşaqlıqda oxuduğum kitabları təkrar oxumuram — məyus olmaqdan çox qorxuram. Daha çox uşaq mütaliəsinin həmin gözəlliyini, acgözlüyünü yenidən yaşamaq istərdim. Kitabı əlinə alırsan, onun içinə düşürsən, təzədən başdan oxuyursan və bunu dəfələrlə təkrarlaya bilirsən. İndi nədənsə bu hissi yenidən canlandırmaq çox çətindir: ya hər şey adamın ürəyini vurub, ya da — kifayət qədər çox kitab oxusan — hekayənin yeniliyindən həzz almaq olmur. Axırıncı dəfə bu hisslə kitab oxumağım, deyəsən, ötən ilə təsadüf edir. Merion Zimmer Bredlinin (Marion Zimmer Bradley) “Avalon dumanları” (“The Mists of Avalon”) əsərini. Bu, böyük həcmli, sanballı arturianadır.
Tolstoy, yoxsa Dostoyevski
Dostoyevski. Ümumiyyətlə düşünürəm ki, məktəbdə bizi yaxşıca aldadıblar (ümid edirəm, indi vəziyyət başqa cürdür), 15 yaşda “Cinayət və cəza”nı qəbul etmək və başa düşmək mümkün deyil, çünki bunun üçün çox şey görən, çox əzab-əziyyət çəkən bir qəlb lazımdır. Onuncu sinifdə isə heç cürə dərk etmək olmur ki, necə olur (aclıqdan, bədəndə cəhalətin ümumi çoxluğundan) bir insanın beynində qoca qarını öldürməklə bağlı fikir meydana çıxır.
Və elə alındı ki, Dostoyevski ilə ikinci dəfə iyirmi yaşımda görüşdüm. Onda başa düşdüm ki, məni aldadıblar. Onun necə maraqlı, gözəl süjeti olan romanlar yaza bildiyini əvvəl mənə deyən olmamışdı. Bir dəfə “İdiot” və “Şeytanlar” əsərlərini oxudum (“Şeytanlar” dəhşət qorxulu idi, amma ayrıla bilmirdim) və fikirləşdim ki, əgər məktəbdə bunun mümkün olduğunu mənə desəydilər, ümumiyyətlə rus klassiklərinin bir çox əsərinə münasibətim başqa cür olardı.
Ceyn Ostin, yoxsa Bronte bacıları
Tarixən elə alınıb ki, ingilisdilli ədəbiyyatın öz “sərhəd xətti” var: Ostin (Jane Austen)ya da Bronte bacıları (The Brontë Sisters). Və bu məsələdə mən birmənalı olaraq Ostinin komandasındanam. Bronte bacıları, sözsüz, son dərəcə dahidirlər. Əsərləri, üslubları, cəsarətləri, büsbütün yenilikləri və obrazlarının fantasmaqoriyası – bütün bunlar, bilmirəm, dahilik qarışığına oxşayır, mənim üçün həddindən artıq çoxdur. Nümunə göstərə biləcəyim əla bir hekayə var. Şarlotta Bronte (Charlotta Bronte) Brüsseldə sevimli bacısından uzaq tək qalır, yalnızlıq və həsrət atəşki ilə küçələri dolaşır, yetər ki, evə qayıtmasın. Birdən katolik kilsəsinə daxil olur. Kiminləsə danışmaq istəyir. Bu istək o qədər güclü olur ki, keşişdən tövbəsinə qulaq asmasını istəyir. Şarlottanın katolik olmadığını öyrənən keşiş əvvəlcə onun təklifini rədd edir, lakin qadın təbii olaraq qəzəblənir və sözün əsl mənasında keşişə özünü dinlətdirir. Bronte bacılarının kitabları da mənə çox vaxt belə təsir edir: “Sən yenə də mənim tövbəmi dinlə!”. Budur, bütün yaraları və çılpaqlıqları ilə sənə çox yaxın gəlirlər.
Ostin tamam başqa məsələdir. Onun yumor hissini, təmkinini, tonunu sevirəm. Bir sözə o qədər məna sığışdıra bilir ki, yaradıcılığını araşdıranlar indiyədək onun bir cümləsindən dissertasiya yaza bilirlər: məsələn, bu yaxınlarda britaniyalı ədəbiyyatşünas Helena Kellinin (Helena Kelly) elmi məqaləsini oxudum. O, cənab Naytlinin (George Knightley) elə də yaxşı obraz olmadığını sübut edib, çünki cənab Naytli çəpərləmə (kəndli icmasına daxil olan torpaqların zorla ləğvi – red.) ilə məşğul olur. Ostinin bütün şəxsi məlumatlarını gələcək tədqiqatçılardan mahircəsinə gizlətməyi də xoşuma gəlir: onun haqda çox az şey bilməyimiz, əksinə, onu daha maraqlı və güclü edir.
Peşəkar karyeranı müəyyənləşdirən kitablar
Əslində, məni mən edən kitablar olub. Əvvəlcə Norveç ədəbiyyatından 47 cildlik “Buz insanlar haqqında saqa” (“The Legend of the Ice People”) kitabını oxumuşam. Onu yeniyetmə vaxtı mütaliə etmişdim. Maraqlı, eyni zamanda erotik kitab idi. Həmin kitablarda nəsə həqiqi bir şey var idi, onlar özlərində Norveç ədəbiyyatının izini saxlayırdılar. Bu səbəbdən universitetə Skandinaviya dillərini öyrənməyə getdim və sonradan skandinavist-filoloq oldum. Universitetdə əlimə A.S.Bayettin (Antonia Susan Byatt) “Sahib olmaq” (“Possession”) kitabı düşmüşdü. Həmin əsəri mənə tərcümə üzrə müəllimim Aleksandra Borisenko məsləhət görmüşdü. Hələ də o fikirdəyəm ki, bu kitab istənilən ədəbiyyatşünas üçün ən vacib kitabdır. Onun sayəsində ixtisasımı dəyişdim və diplomumu ingilis ədəbiyyatı üzrə müdafiə etdim. Və əlbəttə ki, Donna Tarttın “Payızbülbül”ü (“The Goldfinch”) olmasaydı, həyatım tamam başqa cür olardı. Bu əsəri tərcümə edərkən özümdə elə böyük sevgi və xoşbəxtlik ehtiyatı yığdım ki, bu, mənə uzun müddət bəs elədi.
Lazımi dəyər görməyən Skandinaviya ədəbiyyatı
Həmişə elə hiss etmişəm ki, həyatımızda skandinaviyalı yazıçılar daha çox olmalıdır. Məsələn, Taryey Vesosun (Tarjei Vesaas) “Buz saray” (“The Ice Palace”) əsərini çox sevirəm. İki qız haqqında yarı-real hekayə – onlardan biri gəzinti zamanı buzlaqların arasında itkin düşür, rəfiqəsi isə vicdan əzabı ilə böyüyür. Bu, həm böyümə hekayəsidir, həm qorxulu skandinav nağılıdır, həm də kiçik fraqmentlərdən ibarət normal “Əbədilik” sözüdür.
Qaute Heyvollun (Gaute Heivoll) payız ətirli yarı-sənədli əsərini – “Atəşin dili” (“For Jeg Brenner Ned”) kitabını çox sevirəm. Müəllif bunun öhdəsindən necə gəlib? Həqiqətən sətirlərin arasından payız günü, yarpaq və tonqalların ətri hiss olunur.
Tomas Espedalın (Tomas Espedal) kiçik həcmli bir kitabı var — “Sənətin əksinə” (“Imot kunsten”). Prustsayağı gizlədilmiş avtofikşndır. Poeziya sevmirəm, amma bu elə bir poeziya axınıdır ki, onu sırf sözlərin xətrinə oxumaq lazımdır.
Herman Banqın (Herman Bang) “Tine” (“Tine”) povesti kimi Skandinaviya ədəbiyyatının elə də çox tanınmayan klassik əsərlərini xoşlayıram. Bu əsər gənc qızın yaşlı kişiyə duyduğu son dərəcə mənasız sevginin birdən faciə həddinə çatmasından bəhs edir. Ya da “Cinayət və cəza”nın skandinav variantı – Yalmar Sederberqin (Hjalmar Söderberg) “Doktor Qlas” (“Doktor Glas”) povesti.
Avqust Strinberqin (August Strindberg) “Divanənin öz müdafiəsinə dediyi sözlər” adlı yarı-uydurma avtobioqrafiyası necə gözəl əsərdir…bu barədə susuram. Həm müəllif, həm lirik qəhrəman nə qədər etibarsız təhkiyəçi olmaqla bağlı kişilənirlər də.

Dövrün ruhunu ən yaxşı çatdıran kitab
Leonid Yuzefoviçin “Durnalar və cırtdanlar” əsərini oxuyanda özümü nə qədər narahat hiss etdiyim yadımdadır, çünki müəllif doxsanıncı illərin ruhunu dəqiq tuta bilmişdi. Həmin hisslər mənim də yadımdadır: total pul çatışmazlığının səbəb olduğu əbədi qəm və hüznlə yanaşı yenidən doğulan dünyanın xoşbəxt bayağılığı.
XXI əsrin ən yaxşı xarici mətni
Mənim üçün bu, həmişə “Payızbülbülü” olacaq. Tartt böyük yazıçılar kimi ovsunlaya bilir. Və bir dəfə bu ovsunun qurbanı olmusansa, onda bu, ömürlükdür. Bundan başqa, getdikcə Tartda hekayəni gözəl üslub və müəyyən avanqard ilə birləşdirmək bacarığının daha rahat alındığını, süni çıxmadığını görürəm. Məsələn, romandan şəkil düzəldə və onu şəkil kimi qura bilər, bu zaman onun mətnlərinə xas olan əsl XIX əsr hissini itirməz. Dikkens (Charles Dikkens) artıq başdan-ayağa təkrar-təkrar oxunulub, lakin bu əsrdə heç olmasa Tarttın bir romanına hələ də ümid var.
Gec oxunmuş kitablar
Əlbəttə, “Çovdarlıqda uçurumdan qoruyan” (“The Catcher in the Rye”). Mənə elə gəlir ki, onu on altı yaşa qədər oxumaq lazımdır, yeniyetmə əsəridir – başdan-ayağa iyirmi yaş kimi artıq tamamilə unudulan emosiyaların partlayışıdır. Mən isə onu imtahanlara hazırlaşanda iyirmi yaşda ingiliscə oxumuşam. Və roman sarı simimə toxuna bilmədi.
Bundan başqa, bir çox şərti vacib kitab var ki, onları hələ oxumamışam. Məsələn, Steynbekin (John Steinbeck) “Cənnətdən şərqə” (“East of Eden”), Ellisin (Bret Easton Ellis) “Amerika psixopatı” (“American Psycho”) əsərləri, Elizabet Hardvik (Elizabeth Hardwick) və ya Cuna Barnsın (Djuna Barnes) romanları. Bununla belə, müəyyən yaşa kimi mütaliə edilməsi gərəkən kitabların az olduğunu düşünürəm, ona görə inanıram ki, nə vaxtsa bu kitabları əlimə ala biləcəm.
Müasirliyi ən yaxşı təsvir edən kitab
Fikirləşmədən deyəcəm: Dmitri Qluxovskinin “Mətn” romanı. Bu əsər telefondakı həyatdan və dünyamızın bir hissəsinin – istədiyimizdən daha artıq bir hissəsinin ekran arxasına keçməsindən bəhs edir.
Oxumağa dəyər, layiqincə qiymətləndirilməmiş yazıçı
Müasir yazıçıların adını çəkməyəcəm. Yəqin istərdim ki, bizdə də nəhayət, Elizabet Bouenin (Elizabeth Bowen) qələmə aldığı romanların bütün gözəlliyini və gücünü qiymətləndirsinlər. Onun ən məşhur “Ürəyin ölümü” (“The Death of the Heart”) romanını tərcümə etmək mənə nəsib oldu və çox istərdim ki, bu yazıçı haqqında mümkün olduğu qədər daha çox oxucu xəbər tutsun. Bouen yaxın insanlar arasındakı səssizlik duyğusunu istedadlı bir şəkildə ötürə bilir. Bu elə bir hissdir ki, bir söz demək istəyirsən, amma ağzından tamam başqa bir söz çıxır və bu deyilməmiş sözlər sətirlər arasından asılı qalır.