Mənbə: Esquire.ru
Tərcümə: Lamiyə Göycəyeva
107 il əvvəl sufrajist Meri Riçardson (Mary Raleigh Richardson) Dieqo Velaskesin (Diego Velazquez) “Güzgülü Venera” (La Venus del espejo) tablosunu kəsik-kəsik edir. Bu məqalədə Riçardsonun ispan rəssamı niyə görə sevmədiyinə, həbs cəzasından necə xilas olduğuna və onu faşist partiyasına gətirib çıxaran səbəblərə aydınlıq gətiriləcək.
10 mart 1914-cü ildə səhər saat on bir radələrində dar boz palto geymiş arıq bir qadın London milli qalereyasına daxil olur. İkinci mərtəbəyə qalxan ziyarətçi salonların heç birində ləngimədən, əmin addımlarla XII əsr rəsm əsərlərinə doğru irəliləyir. Zalda adam az idi. Tablolardan birini iki konstebl və bir qalereya əməkdaşı qoruyurdu. Onları görən qadın geri dönür, hər rəsm əsərinin qarşısında uzun müddət ayaq saxlayıb zalda gəzişməyə başlayır.
Təxminən günorta saatlarında konstebllərdən biri nahar fasiləsinə gedir, o biri ayaqlarını çarpazlayıb oturur və qəzetini açır. Həmin an qadın sakitcə rəsmə yaxınlaşır, tablonu qoruyan şüşəni sındırır və paltosunun altından çıxardığı qiyməkeşlə zərbə endirə-endirə “var qüvvəsi ilə əsərin üstünə cumur”. Absurd ingilis komedi-şousu tərzində qovğa düşür: növbətçi irəli atılır, ancaq hamar döşəmədə sürüşür və üzü üstə sınmış şüşənin üstünə düşür, iki turist bələdçi kitabçalarını Riçardsona atır, qadın qiyməkeşlə hücumları dəf edir, amma yaxınlıqdakı xəfiyyə tərəfindən saxlanılır. Hüquq mühafizə orqanının əməkdaşı Riçardsonu zirzəmiyə kimi müşayiət edir, artıq sakitləşən qadın salona toplaşanlara deyir:
“Bəli, mən sufrajistəm. Başqa bir şəkil çəkə bilərsiniz, amma yeni həyat çəkə bilməzsiniz – indi missis Pankhörstün əlindən alınan həyatın”.
Meri Riçardson bu yolla sufrajist silahdaşı, Qadınların İctimai və Siyasi Birliyinin (WSPU – Women’s Social and Political Union) təsisçisi, 1914-cü ildə radikal hərəkətləri ilə seçilən Emmelin Pankhörstün (Emmeline Pankhurst) həbsinə etiraz edirdi. Pankhörst qadınların seçki hüququ ilə təmin edilməsi uğrunda mübarizə aparmaq üçün 1903-cü ildə WSPU təsis edir. Hərəkat üzvləri vətəndaş itaətsizliyi aksiyaları keçirir: komitələr təşkil edir, özlərini darvazalara zəncirləyir, nümayişlər keçirir, plakatlarla küçələrdə dayanır, vərəqələr paylayır və parlament üzvlərinə məktub yollayırdılar.
“Sufrajist” termini (ingiliscə “suffrage” – “səs hüququ”, “seçim hüququ” sözündən) bir qədər sonra meydana çıxıb. Bu sözdən ilk dəfə 1906-cı ildə “Daily Mail” nəşrinin müxbiri istifadə edib. Ardınca hərəkat üzvləri aktiv şəkildə bu termindən istifadə etməyə başlayırlar. Hazırda sufrajistlər haqqında hamı olmasa da, əksəriyyət məlumatlıdır. 2015-ci ildə baş rollarda Keri Malliqan (Carey Mulligan) və Helena Bonem Karterin (Helena Bonham Carter) iştirakı ilə rejissor Sara Qavronun (Sarah Gavron) sufrajistlərin həyatından bəhs edən film ekranlara çıxıb.
Əvvəlcə Riçardsonun “vizit kartı” təxribatçılıq olur: yanğınlar, Daxili İşlər Nazirliyinin pəncərələrinin sındırılması, lokal partlayışlar. Lakin “Güzgülü Veneraya” hücum həmin dövr sufrajistlərin ən çox müzakirə edilən aksiyası olur, Riçardson isə qəzet işçiləri tərəfindən “qatil Meri” adlandırılır.
“Müasir tarixin ən gözəl xadimini – missis Pankhörstü məhv edən hökumətə etiraz əlaməti olaraq mifologiyadakı ən gözəl qadının portretini məhv etmək istədim”,
Riçardson WSPU bəyanatında yazırdı.
Çox sonra, 1961-ci ildə BBC-yə verdiyi müsahibədə Riçardson hücum üçün “Güzgülü Venera” tablosunu seçməyini onunla izah edir ki, bu rəsm əsərinin qadınların obyektivləşdirilməsinə bəhanə verdiyini hesab edir və “kişilərin tablonu gözləri ilə necə yediyini” görürdü.
***
Velaskes “Güzgülü Venera”nı 1647-1651-ci illərdə çəkib. Həmin dövrdə İspaniyada Müqəddəs İnkvizisiya rəssamlara dini mövzuları necə təsvir etməli olduqlarını diktə edirdi. Məsələn, mələkləri qanadsız çəkmək olmazdı, Məryəmin ayaqları mütləq örtülü olmalı idi. O dövrdə çılpaq bədən təsvirləri qadağan edilmişdi. Velaskes bir şəkildə bu qaydanı pozmağı bacarır: İtaliyada çəkdiyi rəsmi gizlicə İspaniyaya gətirir. Ola bilsin, “Güzgülü Venera” inkvizisiya qadağalarının şamil edilmədiyi biri tərəfindən sifariş edilibmiş.
Rəsmin mərkəzində qədim Roma sevgi ilahəsi arxası tamaşaçılara dönmüş, ipək boz örtüyə sarınmış, çarpayıda yarı uzanaqlı vəziyyətdədir. Veneranın oğlu Kupidon güzgünü əlində elə tutub ki, tamaşaçı ilahənin üzünü görsün. Veneranı məhz bu şəkildə təsvir etməklə Velaskes heç bir işlə özünü yormayan, məhəbbət dolu gözlərlə özünə tamaşa edən ilahəni nümayiş etdirmək kimi köhnə ənənələri davam etdirir. Rəssam bilərəkdən seyrçini vuayeristə çevirir. Veneranın tablodakı vəziyyəti tamaşaçını gizlicə ona baxmağa məcbur edir. İlahə isə izlənildiyini görə bilmir, cavab verə bilmir, heç güzgünü də döndərə bilmir, çünki onu öz əlində tutmayıb.
Velaskesin Venera obrazı Riçardson və sufrajistlər üçün nifrət etdikləri hər şeyi özündə cəmləyirdi. Tələbə ikən Riçardson incəsənət sahəsi üzrə təhsil almışdı və bu obrazın nə demək olduğunu, onun məhv edilməsinin nəyin simvolu olacağını çox yaxşı başa düşürdü. “Güzgülü Venera” Britaniyadakı ən məşhur tablolardan biridir, Riçardsonun aksiyası diqqətdən kənarda qala bilməzdi.
1908-ci ilədək sufrajistlər mülki və cinayət itaətsizliyi aktlarına, açıq havada publik çıxışlara, küçələrdə qəzet satışına və nümayişlərdə iştiraklarına görə təqib edilirdilər.
Dinc fəaliyyətləri heç bir nəticə vermədikdən sonra onlar daha aqressiv hərəkətlərə keçdilər: polislə toqquşmalar, yanğınlar, hökumət binalarında şüşələrin sındırılması və bomba partlayışları başladı.
1908-ci il sufrajistlərin mübarizəsində dönüş nöqtəsi hesab edilir. Onda Londonun mərkəzində 500 min nəfər qadınlara seçki hüququnun verilməsi tələbi ilə çıxış etdi. WSPU üzvləri baş nazir və parlamentdən nəsə bir reaksiya gözləyirdilər. Nəhayət, iştirakçılardan iki nəfər hökumət başçısının evinə yollandı və binanın pəncərələrinə daş atmağa başladı. Bu da sonrakı həbslərə səbəb oldu.
Tələbə, jurnalist Meri Riçardson “Qara cümə” hadisəsinə şahid olduqdan sonra 1910-cu ildə hərəkata qoşulur. Onda Riçardson ilk dəfə polisin sufrajistləri döyməsinə şahid olmuşdu.
***
Fəallar publika qarşısında istənilən çıxış imkanını səhnəyə çıxış imkanı kimi qiymətləndirirdilər. Əvvəldən hazırlanmış cümlələrdən tutmuş düzgün seçilmiş kostyuma, jestlərdən tutmuş davranış şəklinə kimi hər cürə atribut işə salınırdı. 1908-ci ildə Emmelin Pankhörstün həbs edildiyi anın əks olunduğu ikonik şəkildə fəal bir neçə dəqiqədən sonra həbsxanaya yollanan insandan daha çox tamaşaçıların qarşısına təzim etməyə çıxan aktrisaya oxşayır.
Məsələn, aşağıdakı cümləni Emmelinin qızlarından biri Silviya Pankhörstün (Sylvia Pankhurst) söylədiyi deyilir: “Sufrajistlərin çoxu ziyankar hirsli qadın təəssüratı yaratmamaq üçün geyimlərinə büdcələrindən daha artıq vəsait xərcləməyə hazır idi”. Liverpullu sufrajist Patrisiya Vudlok (Patricia Woodlock) məhkəmədən sonra “pulunu cəriməyə xərcləməyəcəyini, həmin vəsaitə özünə yeni şlyapa alacağını” bildirir. Pankhörst və silahdaşları geyimdə kişi tərzinə müraciət etmək yerinə müqavimət silahı kimi onların qadın zərifliyini vurğulayan tərz seçirdilər. Sufrajist hərəkatının üzvləri geyimlərində xüsusi rəng palitrasına üstünlük verirdilər: bənövşəyi, ağ və yaşıl rənglərlə birlikdə tünd rəngli paltolar geyirdilər. 1908-ci ildə hərəkatın qəzetlərindən biri yazırdı:
“Günümüzün sufrajisti möhtəşəm geyimində zərif və xırdaçıdır”.
***
Aksiyadan sonra Riçardson altı ay təkadamlıq kamerada saxlanılır. O, sonralar avtobioqrafiyasında yazırdı: “Mənə hökm oxunanda hakim az qalırdı ağlasın, çünki mənə yalnız altı ay iş kəsə bilmişdi”. Əslində, Riçardson həbsxanada bir neçə həftə keçirir – başlatdığı aclıq aksiyasından dolayı ölüm ayağında olanda azadlığa buraxılır.
“Məni burnumdan yedirirdilər. Yerə sərir, üstümü döşəkağı ilə örtür, sonra üç zabit, böyük ağır üç kişi üstümə cumurdu. Heç vaxt, ölənə qədər həmin prosesin qorxunc səsləri yadımdan çıxmayacaq. Burnumdakı boru ilə bədənimə daxil edilən qida məhlulundan boğulurdum. Bəzən mənə elə gəlirdi ki, daha dözə bilməyəcəm, amma birtəhər müqavimət göstərə bildim”,
o, BBC-yə müsahibəsində deyirdi.
Riçardsonun əvvəlki həbs müddəti də belə olmuşdu: faktiki olaraq bitməmişdi – 1914-cü ildə başqa işə görə həbsdə olarkən aclıq elan edib vaxtından əvvəl çıxdığı üçün Milli qalereyaya gələ bilmişdi.
Sufrajisti bir il öncə Britaniya parlamenti tərəfindən qəbul edilən “Siçan-pişik” haqqında qanuna əsasən həbsxanadan müvəqqəti azad etmişdilər. Qanun həbsxana rəhbərlərinə aclıq elan edən sufrajistlərin vəziyyəti ağırlaşdıqca onları həbsdən buraxmaq hüququ verirdi. Hüquqi cəhətdən bu, müvəqqəti azadlıq idi. Sufrajistlərin vəziyyəti yaxşılaşdıqdan sonra onlar özləri həbsxanaya qayıtmalı idilər. Lakin onlar bunu etmirdilər – polisdən gizlənir və tərəfdaşlarının yanına sığınırdılar. Riçardsonun özü doqquz dəfə həbsxanaya aparılıb və hər dəfə də aclıq elan edib.
Səs hüququ almaq uğrunda mübarizədə aclıq aksiyasından radikal tədbir kimi ilk dəfə 1909-cu ilin iyul ayında Merion Uolles Danlop (Marion Wallace Dunlop) istifadə edib. Digər sufrajistlər də bu yola əl atdıqdan sonra həbsxana rəhbərləri bununla məcburi qidalanma vasitəsilə mübarizə aparmağa başlayıblar. Həbsxana işçilərinin bu hərəkətləri kübar təbəqədən olan Konstans Litton (Constance Lytton) adlı sufrajistin ürəyində problem yaratdıqdan sonra həkimlər bu təcrübəni pisləməyə başlayıblar.
***
Birinci Dünya müharibəsinin başlaması ilə sufrajistlər radikal aksiyalarını dayandırmalı və dinc mübarizəyə keçməli olurlar. Həmin vaxta kimi hərəkat açıq-aşkar çıxılmaz vəziyyətə düşmüşdü. 1918-ci il müharibə başa çatanda Böyük Britaniyada 30 yaşdan yuxarı qadınlar nəhayət səsvermə hüququ almışdılar.
Bu zaman Riçardsonun 36 yaşı var idi. O, bir il sonra Leyboristlər Partiyasına qoşulur və dörd dəfə – 1922, 1926, 1931 və 1934-cü illərdə parlamentə namizədliyini irəli sürür, lakin uğursuz olur.
Mötədil sosialistlər ilə əməkdaşlıq onun siyasi karyerasına təsirsiz ötüşür. Çox güman, bu səbəbdən Riçardson 1933-cü ilin sonunda Britaniya Faşist İttifaqına (BFİ) qoşulur. “Əminəm ki, qadınlar bu ölkədə faşizmin qurulmasında böyük rol oynayacaqlar”, – Riçardson qürurla deyirdi.
O, əvvəlcə əsas britaniyalı faşist ser Osvald Moslinin (Oswald Mosley) həyat yoldaşı, Simmi adı ilə tanınan ledi Sintiyanın (Lady Cynthia Curzon) yaratdığı qadın seksiyasında köməkçilərdən biri idi. Sintiya səsvermə hüququ uğrunda qadınların apardığı mübarizəni dəstəkləyən lord Corc Kerzonun (George Nathaniel Curzon) qızı idi.
Tezliklə Riçardson BFİ-nin “Qadın seksiyası”nın rəhbəri olur. “Güclü xarakterə malik keçmiş sufrajist. O, ehtiraslı natiq idi, xüsusilə küçə mitinqlərində”, – BFİ üzvlərindən biri onun haqqında belə yazırdı.
İngilis faşistlərinin lideri Mosli deyirdi: “Başçılıq etdiyim hərəkat qismən qadın fanatizminin üzərində qurulub – onlar böyük bir ehtirasla öz ideallarının ardınca gedirlər. Qadınlar olmasaydı, yolun dörddə birini də keçə bilməzdim”. Hərəkatın “Blackshirt” (“Qara köynək” – red.) nəşri yazırdı:
“Qadınlar səsvermə hüququ qazandılar, lakin siyasətə təsir etmək hüququ əldə etmədilər. Qadınlar yalnız qadınları təmsil etdikdə belə bir təsir hüququ əldə edə biləcəklər”.
Həmin ərəfədə BFİ kütləvi informasiya vasitələri arasında böyük dəstəyə sahib idi: “Daily Mail” və “Sunday Dispatch” nəşrləri onların tərəfində idi. 1934-cü ilin yanvar ayında qəzetlərin sahibi lord Rotermir (Lord Rothermere) yazırdı: “Böyük Britaniyanın böyük derjava kimi sağ qalması milli məsələlərlə bağlı Mussolini və Hitlerin nümayiş etdirdiyi eyni birbaşa məqsəd və enerjili metodlarla məsuliyyəti öz üzərinə götürməyə hazır olan yaxşı təşkil edilmiş sağçılar partiyasının mövcudluğundan asılıdır”.
Nüfuzlu qəzetlərin dəstəyindən ilhamlanan faşistlər “Olimpiya” zalında mitinq təşkil edirlər – 7 iyun 1934-cü ildə ora 12 min nəfər toplaşır. Moslinin çıxışı zamanı zalda BFİ tərəfdarları və tədbiri pozmağa gələn kommunistlər arasında kütləvi dava baş verir. Bu hadisədən sonra “Daily Mail” dəstəklədiyi faşistlərdən üz döndərir.
Britaniyalılar da qaraköynəklilərə qarşı çıxmağa başlayırlar. “Olimpiya”dakı hadisələrdən üç ay sonra ən böyük aksiyalardan biri baş tutur. Təxminən 100 min insan BFİ mitinqinə etirazını bildirmək üçün Londonda Hayd-parka toplaşır.
BFİ-nin bu cür pis start götürən işləri sürətlə korlanır. Bir ildən sonra Riçardson ittifaqı tərk edir. Keçmiş sufrajist 1953-cü il avtobioqrafiyasında həyatının bu dövründən heç bəhs etmir. Amma Moslinin anası Katarina Edvards-Hitkoup (Katharine Maud Edwards-Heathcote) həmin dövrü xatırlayır. O, ittifaqdan çıxan sufrajisti “şərəfsiz və qeyri-effektiv” insan kimi xarakterizə edir.
1935-ci ildə “Welwyn Times” nəşri Riçardsonun çıxışından iqtibas gətirir. O, çıxışında etiraf edir ki, BFİ-dən sinfi bərabərsizliyə qarşı etiraz və qadın hüquqlarının müdafiə edilməsini gözləyib, lakin ittifaq gözləntilərini doğrultmayıb. Fəal ittifaqın sıralarında nifaq yaratmağa çalışarkən təşkilatdan uzaqlaşdırılıb.
7 Noyabr 1961-ci ildə Meri Riçardson 78 yaşında Hastinqsdəki mənzilində ürək çatışmazlığı və bronxitdən vəfat edir. Onu 47 il öncə “Güzgülü Venera”ya hücum edən qadın kimi xatırlayırlar. Riçardsonun ölümü barədə xəbər verən qəzetlərin çoxu onu 1914-cü ilin ləqəbi “Qatil Meri” kimi adlandırırdı.