Müəllif: Bahadır Özgür
Mənbə: Gazete Duvar
Türkiyədə əksəriyyətimiz ən azı bir dəfə: “Allaha şükür ki, neftimiz yoxdur!” demişik. Bu şükür hissini öz hakimiyyətini tikinti və borc üzərində quran iqtidar koalisiyasının monopoliyasına baxsanız daha yaxşı başa düşə bilərsiniz. Təəssüf ki, Türkiyədə neft yoxdur, ancaq Azərbaycan neftindən gələn pul var. Türkiyəyə nə qədər çox pul gəlsə, davamında mütləq qəribə hadisələr baş verir.
Mütəşəkkil cinayətkar dəstənin axtarışda olan başçısı Sedat Pekər bir sıra video yayımlayıb. O, ilk yayımladığı videoda qeyd edib ki, ona qarşı əməliyyat “dərin dövlətin başçısı” kimi qələmə verdiyi keçmiş daxili işlər naziri və polis rəisi Mehmet Ağar tərəfindən həyata keçirilib. Onun dediyinə görə Ağar prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakın rəhbərlik etdiyi “Pelikan qrupu”nun təsiri altında olub. O Egey dənizi sahilində yerləşən Bodrumdakı Yalıkavak limanına işarə edərək, Ağarın azərbaycanlı milyarder Mübariz Mənsimovun əmlakını ələ keçirdiyini və bunu başqasının adına etdiyini əlavə edib.
Ağar və Yalıkavak limanı arasındakı əlaqə, Alaattin Çakıcı, Mehmet Ağar, Engin Alan və Korkut Ekenin 2020-ci ilin oktyabrında birlikdə çəkdirdikləri fotoşəkildə arxada aydın görünür. Bu adamlar, 1996-cı ildə avtomobil qəzası ilə ortaya çıxan, dövlət ilə mafiya arasındakı yaxın münasibətləri əks etdirən və Türkiyəni silkələyən qalmaqal olan Susurluk işinin əsas baş qəhrəmanları olub. Mənsimov həbs edilərək FETÖ üzvü olmaqda günahlandırılıb, lakin daha sonra azad edilib.
Bəs nə baş verir?
Burada Susurluk işindən milyarder azərbaycanlı oliqarxlara qədər uzanan qarışıq hadisəyə rast gəlirik. Hansı ipi dartsanız, pul dolu dağlar yerə yıxılacaq. Peker və Ağar arasındakı münaqişə dəhşətli iqtisadi siyasi şəbəkənin kriminal üzüdür. Ortada milçəklərin əhatə etdiyi yemək durur.
Təhlükəli hekayə
Aşağıdakı məlumatlar gizli deyil. İctimaiyyətə necə açıqlanmasından asılı olaraq hadisələr yenidən təşkil edildi. Türkiyənin siyasi rejimində dəyişən oxlar ilə buradakı münasibətlər arasındakı paralellik bizə təhlükəli hekayədən bəhs edir.
Türkiyədəki siyasi dəyişikliklər 2007-ci ildə sürətlənməyə başladı. O dövrün ən vacib hadisələrindən biri, Türkiyənin qabaqcıl neft-kimya şirkətlərindən biri olan Petkimin Azərbaycanın dövlət neft müəssisəsi SOCAR-a 2,04 milyard dollara satılması idi. Petkim sadəcə özəlləşdirilmiş şirkət deyildi.
Türkiyə-Azərbaycan münasibətlərində həmişə qaranlıq tərəf var. Məsələn, Ömər Lütfi Topalın qətli ilə başlayan 1998-ci il “Susurluk işi”nə baxsanız, həmin hadisə bu günə işıq tutur: “Bakıda qonaq evi inşa edilən zaman maliyyə çatışmazlığı peyda olduğuna görə, inşaatı otel kimi tamamlamaq və əsas binanın yanında qumarxana tikdirmək barədə qərar qəbul edildi. İmperator nəzarəti əlinə aldı. Bu layihə keçmiş Prezident Heydər Əliyevin oğlu İlham Əliyev tərəfindən həyata keçirilib. Onun Topala 500.000 dollar qumar borcu olduğu və otelin gizli ortağı olduğu deyilir.”
Azərbaycanlı milyarderlər
İlham Əliyev 1994-2003-cü illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti kimi fəaliyyət göstərib. Atası Heydər Əliyev xəstələndikdən sonra o, prezident seçilib. Petkimin satışı ilə isə Türkiyədə yeni bir dalğa: azərbaycanlı milyarderlər dalğası başlayıb. Məsələnin təfərrüatlarına qısa nəzər salaq:
O zamanlar ən populyar insan Mənsimov olub. O, prezident Ərdoğanın şəxsi dəstəyi ilə 2007-ci ildə Türkiyə vətəndaşlığını alıb. 2003-cü ildə Əl-Qaidə tərəfindən partladılan və Dəmirbanka məxsus olan, amma Dəmirbankın əmlakına həbs qoyulduqdan sonra Əmanətlərin Sığortalanması Fonduna (TMSF) verilən binanı Mənsimov 2008-ci ildə alıb. Bu bina partlayış zamanı HSBC tərəfindən istifadə edilib. Mənsimov buranı 60 milyon dollara alıb və otelə çevirib. 2011-ci ildə isə Bodrum Yalıkavak limanını alıb. Palmali Holdinqin çətiri altında toplanan şirkətlərin hazırda onlarla gəmisi var. Bu bizi SOCAR-a aparır.
Gəlin başqa bir vacib oliqarxdan söhbət açaq
2009-cu ildə Antalyada 1,4 milyard dollara əsası qoyulan, “dünyanın ən lüks oteli” olduğu iddia edilən və açılışında Riçard Gir, Şeron Stoun, Monika Belluçi və başqa məşhurların iştirak etdiyi “Mardan Palace” adlı otelin sahibi Telman İsmayılov. O borclarını ödəyə bilmədiyi üçün Garanti Bankı tərəfindən məhkəməyə verilib.
Oteli Halkbank 2015-ci ildə 360 milyon türk lirəsinə satın aldı. Beləliklə, dövlət bankı iflas edən oliqarxın yaratdığı qarışıqlığı təmizləməyə başladı. Halkbank, İsmayılova 62,5 milyon dollar borc verdi və xəzinəyə məxsus ərazi kredit zəmanəti olaraq göstərildi. Reza Sarraf qalmaqalından əvvəl başlayan bu qarışıqlıq sakitcə ört-basdır edildi. Putini də maraqlandıran İsmayılovu sonuncu dəfə 2019-cu ildə Sedat Pekerlə birlikdə Çernoqoriya ətrafında gəzərkəm gülümsədiyi fotoşəkildə görmüşük. Bu da bizi Pekerə aparır.
Növbəti oliqarx Lukoyl şirkətinin sahibi Yusufoviç Alekperovdur. O, 1998-ci ildə Türkiyə bazarına girdi, amma yalnız 2006-cı ildə uğur qazana bildi. Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (EPDK) pay lisenziyası alındıqdan sonra 600-ə yaxın yanacaqdoldurma məntəqəsinin sahibi oldu. Ələkbərov Əliyevin yaxın dostu idi və onun şirkəti SOCAR-la əməkdaşlıq edirdi. Mənsimov Lukoyl şirkətinin neftini daşıyırdı və buna görə heç bir ödəniş ala bilmədiyini əsas gətirərək Londonda Arbitaj məhkəməsində 2 milyard dollarlıq iddia qaldırdı.
Beləliklə, hər şey SOCAR-la birbaşa əlaqədardır və nəticədə bizi SOCAR-a aparır. İndi Bora Erdinin 2015-ci ildə “Sözcü” qəzetindəki hekayəsinə baxaq.
“Kiçik gəmilər”
Mənsimov Türkiyə vətəndaşı olan kimi Bilal Ərdoğanın (prezidentin oğlu) BMZ şirkətindən üç “kiçik gəmi” icarəyə götürüb. O həmçinin Ərdoğanın qardaşı Mustafa Ərdoğanın və qaynının 2014-cü ildə satın aldığı Tuzla gəmiqayırma zavodu ilə işləməyə başladı. Burada 15 İyulda baş tutmayan çevriliş cəhdindən sonra “silahlı terror təşkilatına üzv olmaqda” günahlandırılan, 15 il həbs cəzasına məhkum edilmiş Fettah Təmince, Murat Sancak və Mehmet Fatih Baltacının da daxil olduğu şəbəkə üzə çıxdı. Ərdoğanın qaynı Ziya Ilgen və Ömər Faruk Kalyoncu da bu işə qarışdı. Mənsimovla SOCAR arasındakı tərəfdaşlıq iki enerji şirkəti vasitəsi ilə səhmlərin mütəmadi olaraq əldən-ələ ötürülməsi yolu ilə illərlə davam etdi.
Daha sonra Baş nazirlik İstintaq İdarəsinin Başçısı olan Kutlu Savaş Susurluk işi ilə bağlı bunu yazdı:
Silahlı cinayətkar dəstələrin dövlətin istəyi ilə asanlıqla öhdəsindən gəlmək olar. Problem ağ yaxalı dəstədir.
Mənsimov işində onun əleyhinə ifadə verən Alaattin Aykaç və Əli Kemal Çelik haqqında da danışmaq lazımdır. Mənsimov onları saxtakarlıqda və Yalıkavak Limanda onu aldatdıqlarını iddia edərək hər iki şəxsi məhkəməyə verdi. Aykaç, Petkimin ələ keçirdiyi limanın idarəçilərindən biri idi. Mənsimov onu məhkəməyə verəndə o buranı tərk etdi və Yıldırım Dəmirörənin sağ əli oldu və hazırda Azərlotereyanı tərkibinə əlavə edən Dəmirörən Holdinqin liderlərindən biridir.
Mənsimov işində göstərilən sübutlardan istifadə edərək mürəkkəb əlaqəni ümumiləşdirək:
2009-cu ildən bu yana Malta və bəzi digər adalarda Aykaç adı altında 16 şirkət qurulub. Çelikten də liderlər arasındadır və onun altı şirkəti var. SOCAR şirkətlərinin çoxu eyni ünvanda qeydiyyatdadır. Bunlardan biri Bodrum Limannın yeni sahibi Yalıkavak Holdinqdir. Bu holdinq SOCAR ilə çox yaxın münasibətdə olan Anar Əlizadəyə məxsusdur.
Maltada yerləşən və Çeliktenə məxsus “Arrow Star Trading Co.”şirkəti, 2018-ci ildə Türkiyədə fəaliyyətə başlayıb. Yeganə direktoru Çeliktendir, amma 2020-ci ildə səhmlərini İlham Qədimzadəyə ötürüb. Qədimzadənin atası 2002-ci ilə qədər SOCAR-a rəhbərlik edən və öldürülən Vaqif Qədimovdur. Bilal Ərdoğanın gəmiləri (5 ədəd kiçik gəmi) 2016-cı ildə Maltadakı Qədimzadə gəmiçilik şirkəti tərəfindən qeydiyyata alınıb. Bu arada Çelikten, Azərbaycanda fəaliyyət göstərən SOCAR Polymer şirkətinin direktorları arasındadır.
Olduqca çətindir elə deyil? Əslində bu sadələşdirilmiş versiyadır. Əsas olan hamısının bir-biri ilə əlaqəli olması və bütün əlaqələrin eyni ünvana gedib çıxmasıdır. Anar Əlizadəyə. Bütün münasibətlər Sinqapurda yerləşən RSR Holding ilə əlaqələndirilir. Bəs Əlizadə kimdir?
2005-ci ildən bəri SOCAR-a rəhbərlik edən, SOCAR-ın Türkiyədəki Socar Enerji A.Ş-nin İdarə Heyətinin, Petkim Petrokimya Holding A.Ş. və 2020-ci ildən STAR Rafineri A.Ş.şirkətinin idarə heyətinin sədri olan Rövnəq Abdullayevin dayısı oğludur. Dəyişdirilmədən öncə soyadı “Əliyev” olub. Onun 2007-ci ildə Sinqapurda qurduğu RSR Holding, yuxarıda adı çəkilən bütün şirkətlərin sahibi və ya şərikidir. İddiaya görə, o SOCAR ilə əməkdaşlıq edən yüksək gəlirli müqavilə imzalayan 48 şirkətin sahibidir. Əlizadənin Türkiyədəki nümayəndəsi keçən il Petkim şirkətinin Vitse-prezidenti vəzifəsinə təyin olunan Aqşin Səlimovdur. Direktorları Nihad Əliyev, Əli Polat, Koray Atalık və Moreno Acchiolinidir. Ağarın da idarə etdiyi şirkət də daxil olmaqla bütün şirkətlər adı çəkilən şirkətlərlə əlaqəlidir.
Petkimin özəlləşdirməsindən sonra orada baş verənlərin ən sadə versiyasıdır. İndi əsl suala gələk: “böyük rəsim” nədir?
Milyard dollarıq işlər digər şirkətlərə və digər sahələrə də yayılır. Söhbət təkcə iş adamlarını deyil, sənətçiləri, idmançıları və jurnalistləri də əhatə edən nəhəng bir hövzədən gedir. 2007-ci ildə Türkiyə özünü bu hövzədə tapdı. Kanalizasiyada gizlənmiş, çürümüş və iylənmiş iş indi paslanmış borulardan küçələrə sızır.
İllərdir qarşımızda zəhərli bir çay axır. Peker dediyi çayı çirkləndirən borulardan biridir. Türkiyədə o qədər çox Azərbaycan var ki, indi səsləndirilən “iki dövlət, bir millət” şüarı mədəni, ideoloji və siyasi həmrəylikdən kənar məna daşıyır. Yeni şüar neft pulları, dronlar, inşaat və dərin əlaqələrin bizi bir araya gətirdiyi “İki Dövlət, Bir Rejim” şüarı ola bilər. Yaxınlaşdıqca bir-birimizi eyni taleyə sürükləyirik.
Dövlət işlərini analiz etdikdə geriyə bir sual qalır: Çoxmilyardlıq çirkli su hövzəsi seçkilərlə necə təmizlənə bilər?