Ötən həftə Bakıda, şəhərin bir neçə yerində LGBTQ+ fərdlərinə hücum olub.
Hücuma məruz qalanlardan biri transgender kişi olub və nəticədə onun əli yaralanıb, xəstəxanaya gedib.
Daha kim hücuma məruz qalıb: Hücumlar həm də homoseksuallara qarşı olub və onlardan biri küçədə təhqir edilib, digərinə isə şərab açanla hücum edilib, nəticədə o, yaralanıb. Bir nəfər queer qadın bıçaqla hədələnib, daha birinə isə naməlum şəxslər küçədə sataşıb.
Adının çəkilməsini istəməyən LGBTQ+ fərdi Mikroskop Media-ya bildirib ki, fobik hücumlar əvvəllər də müşahidə edilsə də, son günlər bunun sayı artıb:
Cəmiyyətdə həmişə fərqli olan insanlar təcrid edilib. Son illər cəmiyyət az da olsa, LGBT+ fərdlərini qəbul etsə də, yenə də çərçivəni özü sizə qoymaq istəyir. Bunu etməyən fərd olanda artıq cəmiyyətdə qıcıq yaradır. Nəticədə isə məsələ “söhbətə çağırmaq”, fiziki zorakılığa qədər uzana bilir.
Zərəçəkmiş deyir ki, son 2 həftə ərzində küçədə dəfələrlə fobik hücuma məruz qalıb. Hətta mərkəz küçələrdə belə qısa şortik və rəngli saçla gəzəndə onu narahat ediblər:
Küçədə gedərkən bəzən sadəcə nifrət dolu baxışlarla, bəzən isə açıq-aydın, möhkəm tərzdə, bilərəkdən toqquşmağa çalışırlar ki, dava çıxsın. Məni hədələyib deyirlər ki, ölkədən rədd ol, get. Bununla da məni psixi və bəzən fiziki zorakılığa məruz qoyurlar. İnsanlar anlamalıdır ki, bədən bizə-özümüzə məxsusdur. Heç kimi bəyənmək və hörmət etmək məcburiyyətində deyilsiz, amma hörmətsizlik , təhqir və narahat etməməyə məcbursunuz. Hər kəsin bərabər hüquqları var. Kimisə döymək kimi azadlığınız yoxdur. Kiminsə saçının rəngi fərqli ola bilər, sırğa taxa, qısa şortik, rəngli corablar, ayaqqabılar geyinə bilər və bu, sizə xoş gəlməyə, bəyənməyə bilərsiniz. Lakin bu, sizə psixoloji və fiziki zoraklıq etmək hüququ vermir.
Daha bir hücum aktı isə homoseksual cütlüylə qarşı baş verib. Cütlük deyir ki, 4 iyun axşam saatlarında təxminən yarım saat ərzində yaşadıqları evin qapısının möhkəm döyüldüyünü eşidiblər, lakin qorxduqları üçün səslərini çıxartmayıblar. 5 iyunda mağazaya gedərkən qonşular tərəfindən fiziki hücuma məruz qalıblar. Təxminən 8 nəfərə yaxın şəxs onların qarşısını kəsib və geyimlərinə, həyat tərzlərinə irad bildiriblər. Daha sonra onları bıçaqlamaqla hədələyiblər. Cütlük baş verənləri videoya çəkib.
Hansı hüquqi addımlar atılıb: Zərərçəkən cütlük məsələylə əlaqədar polisə şikayət edib. Onlar videosübutları da hüquq-mühafizə orqanlarına təqdim ediblər. Polis zərərçəkənlərə məsələnin araşdırılacağını deyib. Bu gün Baş Prokurorluqdan zərərçəkənlərə bildirilib ki, qonşuların izahatı alınacaq. Zərərçəkənlər deyir ki, hüquq-mühafizə orqanları ümumilikdə belə hallar baş verən zaman məsələyə etinasız yanaşır. Sadəcə video dəlil və ictimai qınaq olanda məsələyə ciddi yanaşılır.
Nə baş verib: ILGA Europe təşkilatının hesabatlarına əsasən, Azərbaycan 2021-ci il də daxil olmaqla, LGBTQ+ hüquqları üzrə son bir neçə ildir ki, 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşır.