Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri universitet rəhbərliyinin onlara etinasız münasibətindən şikayətçidir.
Tələbələr deyir ki, qayıb limitini keçdiklərinə görə semestr imtahanlarına buraxılmırlar. Onların sözlərinə görə, elektron jurnalda hər dərsdən sonra qeyd edilməli olan qayıblar semestrin son günü qeyd edilib. Universitetdən isə tələbələrə limiti keçənlərin imtahanlara buraxılmayacağı qərarını, yalnız limiti keçdikləri məlum olduqdan sonra açıqlayıblar.
Bəzi tələbələr hətta imtahan verib bal toplayandan sonra onların qayıb limitini keçdikləri əsas gətirilərək imtahan nəticələri ləğv edilib.
Tələbə Güc Mərkəzinin (TGM) bununla bağlı yaydığı məlumatada bildirilir ki, narazı tələbələr universitet rəhbərliyinə şikayət etsələr də, rəhbərlik onların şikayətlərini geri çevirib.
Memarlıq və İnşaat Universitetinin adının çəkilməsini istəməyən tələbəsi deyir ki, onlayn dərslərə qoşulmayan tələbələrə semestr imtahanında iştirak etmə hüququ verilmir:
Tələbə kəsri bağlamaq üçün mütləq şəkildə alt dərsdə oturmalıdır. Nəticədə tələbə kəsildiyi fənndən ən azı 1 semestr geri düşür. Dərslərə qoşula bilməmə səbəbləri internetin, işığın yoxluğu kimi problemlər olsa da, universitet tərəfindən deyilir ki, sizin probleminizin bizə aidiyyəti yoxdur. Dərsə qoşulmamısınızsa, kəsriniz yazılacaq.
O deyir ki, dərslərin 25%-nə qoşulub universitetin tələb etdiyi tapşırıqları yerinə yetirsə də imtahana buraxılmayıb:
Mənim internet problemim olub. Əvvəl işlədiyim yerdə telefondan istifadəyə icazə verilmirdi. 1 ay olar ki, işimi dəyişmişəm, ofisdə işləyirəm. Bundan öncə mənim də internetə qoşulma imkanım olmayıb. Mənim kimi çox tələbə var. Hətta tələbə var ki, onun internet almağa pulu yoxdur. Dünən 30+ giriş balım olan fənnin imtahanına buraxılmadım. Fənni bilməyimə baxmayaraq, 1 semestr təzədən alt dərsdə oturmalıyam. Halbuki bütün sərbəst işləri təhvil verib dərs danışmışdım. Bəzi tələbələr imtahana girib, bal yığıb, amma imtahandan çıxandan sonra onlara deyilib ki, siz, əslində, imtahanda iştirak etməməli idiniz. İştirak etdikləri halda onların topladığı ballar keçərsiz sayılıb. Halbuki, imtahanda iştirakı ləğv edilənlərin elektron qaydada əvvəldən şəxsi kabinetinə imtahana qoşulmaq üçün link gəlməməlidir.
Kəsilən tələbələrə alt dərslərdə iştirakın pulsuz olacağı deyilsə də onlar buna inanmır, çünki alt dərs pulsuz olsa da 5-ci kursda təhsil almaq məcburiyyətində qalırlar.
Universitet nə deyir: TGM kəsilən tələbələrin ümumi sayının 4700 nəfər olduğunu bildirib. Universitet isə bunu təkzib edir və deyir ki, cəmi 698 tələbə kəsilib.
Tələbərin sözlərinə görə, universitet bildirib ki, qayıb limitinə görə imtahan ballarının ləğv edilməsi iftira və qərəzli yanaşmadır.
Nə baş verib: Azərbaycanda koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə orta və ali məktəblərdə ötən ilin martın 3-dən distant təhsilə başlanılıb.