Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 10 iyunda Azərbaycanla bağlı 3 qərarını elan edib.
“Emin Ələkbərov və başqaları (6 nəfər) Azərbaycana qarşı” işində AİHM hesab edib ki, ərizəçilərə münasibətdə azadlıq və toxunulmazlıq hüququnun pozuntusuna yol verilib. Qərara əsasən, hökumət 7 ərizəçinin hər birinə 3 min avro (ümumilikdə 21.000), xərc və məsrəflərə görə 1000 avro təzminat ödəməlidir.
- Şikayət: Bu iş Səid Nursi dini təriqətinin 7 təmsilçisinin şikayəti ilə bağlı idi. Hadisələr 2015-ci ildə Gədəbəy rayonunda baş verib. İddia edilirdi ki, təriqət üzvlərinin toplaşdığı evə 25 nəfərə qədər rəsmi şəxs basqın edib. Onlar polisə aparılıblar və bir gecə orda saxlanılıblar. Ertəsi gün yenidən polisə aparılıblar və ictimai qaydanı pozmaq əsası ilə inzibati qaydada cərimə ediliblər. Yuxarı məhkəmələrsə, bu cəzanı qanuni sayıb. Ərizəçilər iddia edirdilər ki, onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması , dini etiqad azadlığı hüquqlarına müdaxilə edilib.
“Vidadi Əli oğlu İnsanov Azərbaycana qarşı” işində tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 5 000 avro təzminat, 1000 avro xərc və məsrəf əvəzi ödəyəcək.
- Şikayət: Bu iş ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı idi. Ərizəçi ona münasibətdə hərəkət azadlığı hüququnun pozuntusuna yol verildiyini iddia edirdi.
“Ş.Ə. Azərbaycana qarşı” AİHM bu işin baxılacaq şikayətlərin siyahısından çıxarılmasına qərar verib. 31 mart 2021-ci il tarixdə ərizəçi şikayətini davam etdirmək istəmədiyini məhkəməyə bildirib.
- Şikayət: Bu iş Şahdağ Milli Parkındakı Bazardüzü dağına səyahət etmək istəyən ərizəçinin əngəllənməsi, onun adının səyahətçilərin “qara siyahısına” salınması ilə bağlıydı. Ərizəçi məhkəməyə şikayət etsə də onun iddiaları rədd edilmişdi. Ş.Ə. AİHM qarşısında ədalətli məhkəmə araşdırması və hərəkət azadlığı hüquqlarına müdaxilə olunmasını mübahisələndirib.