Son bir ayda Azərbaycanda LGBTIQ+ vətəndaşlara qarşı zorakılığın və ayrıseçkiliyin artması müşahidə edilib. 30 maydan etibarən 6 Azərbaycan vətəndaşı müxtəlif şəxs və qrupların fiziki hücumuna məruz qalıb, onlara müxtəlif xəsarətlər yetirilib.
Baş verən zorakılıq hallarının qarşısının alınması məqsədilə Vətəndaş cəmiyyəti nümayəndələri bəyanat yayıb. Bəyanatı 120-dən çox adam imzalayıb. Onların arasında aktivistlər, jurnalistlər, hüquq müdafiəçiləri, tərcüməçilər, sosioloqlar yer alıb.
Bəyanatda vətəndaş cəmiyyəti nümayəndələri son vaxtlar ölkədə LGBTIQ+ vətəndaşlara qarşı zorakılığın, ayrıseçkiliyin, digər hüquqa zidd halların artması və bu istiqamətdə dövlətin hərəkətsizliyindən narahatlığını ifadə edib.
Yayılan məlumatda bütün insanların irqinə, dilinə, milliyətinə, cinsi oriyentasiyasına, gender kimliyinə fərq qoymadan cəmiyyətdə təhlükəsiz, damğalanmadan azad və bərabərhüquqlu yaşamaq kimi yerli və beynəlxalq hüquqi sənədlərin tələblərini rəhbər tutulduğu qeyd edilib.
Bəyanatda Azərbaycan dövlət orqanlarından aşağıdakılar tələb edilib:
- LGBTIQ+ vətəndaşlara qarşı zorakılıq halları ilə bağlı təxirəsalınmaz effektiv və şəffaf təhqiqatın aparılması təmin edilsin və təhqiqatın nəticələri ictimaiyyətə açıqlansın;
- LGBTIQ+ vətəndaşlara münasibətdə nifrət çıxışlarına, həmçinin ictimai xidmətlər göstərən qurumlar (səhiyyə, sosial, hüquq mühafizə və.s) tərəfindən xidmətlərin göstərilməsindən imtina kimi müxtəlif ayrıseçkilik halları dərhal araşdırılsın və nəticəsi ictimaiyyətə açıqlansın;
- Dövlət qurumlarında cinsi oriyentasiya və gender kimliyinə əsaslanan ayrıseçkiliyin qadağası haqqında məlumatlılığın artırılmasına dair tədbirlər görülsün;
- Effektiv hüquqi təqib ilə nəticələnməyən cinsi oriyentasiya və gender əsaslı zorakılıq cinayətlərinin və digər ayrıseçkilik hallarının təkcə fərdi hüquq və azadlıqların kobud pozuntusu ilə məhdud olmayıb, cəmiyyətdə zorakılıq meyllərini artırdığını nəzərə alaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret işlər görülsün.
- Bu məqsədlə Azərbaycan höküməti:
- Beynəlxalq insan hüquqları sənədlərinin milli hüquqa münasibətdə üstün hüquqi qüvvəsinə baxmayaraq, müxtəlif milli qanunvericilik aktlarında ayrıseçkiliyin qadağasına dair müddəalarda nəzərdə tutulan ayrıseçkiliyin əsasları siyahısına şəxslərin cinsi oriyentasiyası və gender kimliyi ifadələri əlavə edilsin.
- Gender haqqında qanun təkmilləşdirilsin və beynəlxalq standartlara uyğunlaşdırılsın.
Nə baş verib: ILGA Europe təşkilatının hesabatlarına əsasən, Azərbaycan 2021-ci il də daxil olmaqla, LGBTQ+ hüquqları üzrə son bir neçə ildir ki, 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşır.