18 iyunda İranda prezident seçkiləri keçiriləcək. Hazırkı Prezident Həsən Ruhani bu vəzifədə maksimum – iki dəfə prezident seçildiyindən üçüncü dəfə öz namizədliyini irəli sürə bilməz. Seçkinin təfərrüatları ilə bağlı bilməli olduğunuz əsas məqamları təqdim edirik!
Prezidentin İran siyasətindəki rolu və gücü nədədir?
Konstitusiyaya görə, dini liderdən sonra “ikinci ən yüksək vəzifə” prezidentlikdir. 1989-cu ilə qədər İranda prezidentlik daha çox simvolik xarakter daşıyırdı. Lakin 1989-cu il konstitusiya dəyişikliyindən sonra İranda bir növ prezidentlik sistemi tətbiq olundu. Dini liderin müəyyən etdiyi ümumi qaydalara əsasən, prezident ölkənin mövcud siyasətini müəyyənləşdirir və həyata keçirir. Prezident konstitusiyanın icrasından məsuldur. O büdcəni öz kabineti ilə hazırlayır və Parlamentə təqdim edir. Prezident səfirləri təyin edir. O, həmçinin Parlamentdən referendum keçirilməsini tələb edə bilər. Prezidentlik müddəti 4 ildir və prezident xalq səsverməsi ilə seçilir. Ardıcıl olaraq ən çox iki dövr seçilmək hüququ vardır. Ancaq prezidentin səlahiyyətləri müəyyən məhdudiyyətlərə malikdir. İrandakı ikili quruluş prezidentin fəaliyyət dairəsini məhdudlaşdırır. Məsələn, xarici siyasətdə prezidentin təyin etdiyi xarici işlər nazirinin səlahiyyətləri əslində kifayət qədər məhduddur. Dini liderə bağlı təşkilatların, xüsusilə Ali Milli Təhlükəsizlik Şurasının və İnqilab Keşikçiləri Ordusunun komandirlərinin Xarici İşlər Nazirliyi ilə eyni sahədə səlahiyyət sahibi olduqları və sözlərinin xarici işlər nazirindən daha çox keçərli olduğu məlumdur.
Seçki prosesi necə keçirilir və kimlər namizəd ola bilir?
Namizəd olmaq üçün konstitusiyada bəzi şərtlər var. 115-ci maddədə “İran mənşəli və İran vətəndaşı olmaq, idarəetmə bacarıqlarının mövcud olması, keçmişində heç bir cinayət halının mövcud olmaması, etibarlılığa və dindarlığa sahib olmaq; İran İslam Respublikasının və ölkənin rəsmi məzhəbinin təməl dəyərlərinə sadiq qalmaq ” kimi ifadələr işlədilib və prezidentlərin “dini və siyasi ləyaqət sahibləri” arasından seçiləcəyi bildirilirib. Mayın əvvəlində Seçki komissiyası qarşıdan gələn seçkilər üçün bəzi əlavə kriteriyalar elan edib: 40-70 yaş arası, magistr dərəcəsi olan, hər hansı bir cinayətə görə məhkumiyyəti olmayan, inzibati vəzifələrdə ən azı 4 illik təcrübəsi olan şəxslərin namizəd ola biləcəyi vurğulanıb. Hər seçki dövründə qadınların namizədlik qeydləri olsa da, Seçki Şurasından heç vaxt təsdiq olunmayıblar.
Bu seçkilərə neçə nəfər namizədliyini irəli sürüb?

Prezident seçkilərində namizəd olmaq istəyənlər 11-15 may arasında rəsmi olaraq qeydiyyatdan keçib. 592 nəfər müraciət edib. Müraciətlərdən yalnız 7-nin müraciəti təsdiqlənib. Onlardan beşi şərti olaraq mühafizəkar, iki nəfər isə mərkəzçi və islahatçı sayılır. Seçkilərində iştirakına icazə verilmiş yeddi namizəddən ikisi isə seçkilərə az qalmış geri çəkilib: reformist millət vəkili Möhsün Mehralizadə və mühafizəkar deputat Əlireza Zakanim.
Bununla da İranda 18 iyunda prezidentlik uğrunda yarışanların sayı 5 olub.
Bəs digər namizədlər kimlərdir?
- Mühafizəkar namizəd İbrahim Rəisi seçkilərin lideri sayılır. Hətta gələcəkdə Ali Dini Rəhbər Ayətullah Əli Xameneyini də yerinə keçə biləcəyi düşünülür. O, seçki kampaniyası gedişatında iqtisadi tənəzzüllə son qoyacağını vəd edib.
- 66 yaşlı Möhsün Rezai 3 dəfə prezidentlik uğrunda mübarizəyə qatılıb. O, 1981-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri təyin olunub.1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı İİKK qüvvələrinə rəhbərlik edib.
- Səid Cəlili 2007-2013-cü illərdə xarici işlər nazirinin müavini vəzifəsində işləyib. O, eyni dövrdə nüvə məsələləri ilə bağlı danışıqlarda ölkəsinin nümayəndə heyətinin rəhbəri olub. Vəzifələrin çoxuna bilavasitə Ali Dini Rəhbər tərəfindən təyin olunub. Cəlili 2013-cü ildəki prezident seçkilərində ona verilən səslərin sayına görə üçüncü yeri qazanıb.
- Əbdülnasir Həmmati 2018-ci ildən bəri Mərkəzi Bankın rəhbəri vəzifəsində çalışıb. O, müxtəlif administrasiyalar dövründə mühüm vəzifələrə təyin olub. Bu, onun fərqli siyasi qütblərə mənsub qüvvələrlə işləmək qabiliyyətinin sübutu kimi qəbul edilir. İqtisadi elmlər doktoru olan Əbdülnasir Həmmati, Tehran Universitetində dərs deyir.
- Əmirhüseyn Qazizadə Haşimi 50 yaşındadır və prezident vəzifəsinə iddiaçılar arasında ən gənc namizəd sayılır. 2008-ci ildən bəri Məşhəd seçki dairəsini təmsil edən millət vəkili, ötən ilin mayından bu yana parlament sədrinin birinci müavinidir.