Ermənistanın ikinci prezidenti Robert Koçaryan seçki kampaniyası zamanı deyib ki, xarici donorlar tərəfindən maliyyələşdirilən təşkilatlara nəzarət etməyi planlaşdırır:
Həmin təşkilatların fəaliyyəti ya qadağan ediləcək, ya da ciddi nəzarət altında xarici agent çalışacaqlar.
OC Media yazır ki, bu sözləri Koçaryan 13 iyunda Ermənistanın Tavuş vilayətində seçki kampaniyası çərçivəsindəki çıxışı zamanı deyib.
Həmin təklif Rusiyanın eyniadlı qanunu ilə səsləşir. Bu qanun Latviya mərkəzli müstəqil Rusdilli media qurumu Meduza da daxil olmaqla, vətəndaş cəmiyyəti və media qurumlarının senzuraya məruz qalmasına və ya bağlanmasına yol açır.
Koçaryan Ermənistanda xaricdən maliyyələşən təşkilatlara ilk dəfə irad tutub və o, Corc Sorosun hər hansı formada Ermənistanı məhv etmək istədiyini bildirib.
2018-ci il inqilabı zamanı və ondan sonra macar-amerikalı maliyyəçi və xeyriyyəçi Corc Sorosdan yürüş əmri almaqda ittiham edilənlər barədə müzakirələr ortaya atılmışdı.
Sui-qəsd nəzəriyyəsi Macarıstanın Baş Naziri Viktor Orbanın Corc Soros və onun qurduğu “Açıq Cəmiyyət” və Mərkəzi Avropa Universiteti kimi təşkilatlara qarşı apardığı kampaniyadan qaynaqlanır. Bu, dünyanın hər yerində ifrat sağçı qruplar tərəfindən maraqla qarşılanıb. Bəzi erməni tərəfdarlara görə, Corc Soros ilə əlaqəsi olan təşkilatlar, Ermənistanın milli dəyərlərini sarsıtmaq və ölkəni zəiflətmək üçün qadın və LGBTQ+ların hüquqları kimi məsələlərdən istifadə etməyə çalışır.
Qərbin maliyyələşdirdiyi hər hansı təşkilat və media qurumları haradan pul aldıqlarından asılı olmayaraq, ümumilikdə Sorosla eyniləşdirilir. Bu hal Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra daha da şiddətlənib.
Üç tərəfli sülh bəyannaməsinin elan edildiyi gecə İrəvanda başlayan iğtişaşlarda qiyamçılar Açıq Cəmiyyət Fondunun yerli ofisləri və Azad Avropa Radiosunun ofisləri daxil olmaqla , xaricdən maliyyələşən ofislərə və jurnalistlərə hücum edib.
İfratçı sağa meyl
Media Təşəbbüsləri Mərkəzinin baş redaktoru Qeqam Vardanyanın sözlərinə görə, məğlubiyyətdən sonra xarici qüvvələri günahlandırmaq istəyi gözlənilən idi:
Hər şeydə günahkar elan ediləcək insanları tapmaq asan və rahatdır. Soros və ya Bill Qeyts kimi adamlar həmişə var və bu yalnız Ermənistana aid bir vəziyyət deyil.
O, Koçaryanın Corc Soros tamaşası qurmağın öz tərəfdarlarına doğru addım atmaq üçün bir cəhd ola biləcəyini də vurğulayıb:
Cənab Koçaryanın tərəfdarları arasında çoxlu sayıda radikal sağçı qruplar və ekstremistlər var və bu cür çağırışlar onlara istiqamətlənmiş ola bilər.
Vardanyan deyir ki, xarici agent qanunu qəbul olunacağı təqdirdə ölkədəki ən yaxşı jurnalist orqanlarının ləğv ediləcəyindən narahatdır.
Tarazlığı qoruyan, insanlara müəyyən siyasi qüvvələrin təbliğatından kənarda məlumat verən, demək olar ki, bütün media qurumları – […] bu və ya digər şəkildə Qərb tərəfindən maliyyələşdirilir.
Erməni sağçıların tez-tez xaricdən maliyyələşən QHT kimi qaraladığı “Məlumatlı Vətəndaşlar Birliyi” qeyri-hökumət təşkilatının layihə koordinatoru Daniel İoannisyan OC Media-ya bildirib ki, bu təklif Ermənistanın demokratik qurumlarına yönəlmiş hücumdan başqa bir şey deyil:
Vətəndaş cəmiyyəti təşkilatları Koçaryan və müttəfiqləri üçün sinfi düşməndir və vətəndaş cəmiyyəti Ermənistanın ən köklü qurumlarından biridir.
İoannisyan keçmiş rəsmilərin bu gündəmi yaratmağının təəccüblü olmadığını vurğulayıb:
Çünki onlar özləri iqtidarda olanda da Ermənistanın demokratik qurumlarına qarşı fəaliyyət göstərirdilər.
Nə baş verib: Xarici agent qanunu ilk dəfə Rusiyada qəbul edilib və bu qanun QHT-lərin qeydiyyatı üçün maneələr yaradır. Buraya əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hər hansı bir qurumu təşkil etmək və ya hətta üzv olmasına qoyulan məhdudiyyətlər daxildir. Xarici ianələr alan və Rusiyada “siyasi fəaliyyət” göstərən qeyri-kommersiya təşkilatları qeydiyyatdan keçdiyi təqdirdə xarici agent etiketini öz üzərinə götürür.