20 iyunda Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə ölkənin bütün keçmiş rəhbərləri və hazırkı Baş nazir iştirak edib.
Kim qalib gəldi?
N. Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 53.9, keçmiş prezident Robert Koçaryanın Ermənistan Alyansı isə 21 faiz səs yığıb.
Nikol Paşinyan deyib ki, Ermənistan xalqı öz qərarını bəyan edib və bunun məğzi ortadadır. Paşinyan çıxışı zamanı ölkədə hüquq və qanunçuluq diktaturasının qurulacağını vurğulayıb:
Gözlənilən baş verdi. Bu seçkilərdə vətəndaşların qaçılmaz qələbəsi gözlənilirdi.
O bildirib ki, partiyası təkbaşına hökumət quracaq, amma ölkənin qarşısında duran problemləri həll etmək üçün sağlam qüvvələrlə də əməkdaşlıq etməyə hazırdır:
Xalq mənə idarəçilik üçün mandat verdi. Amma biz mandatı müzakirə etmək və həyata keçirmək üçün bütün sağlam ictimai resursları cəlb edəcəyik. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, yeni seçilmiş parlamentdə Vətəndaş Müqaviləsi Partiyası konstitusional çoxluğa (105 yerdən ən azı 71-nə) sahib olacaq və mənim rəhbərliyim altında bir hökumət qurulacaq.
Lakin Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, Vətəndaş Müqaviləsi Partiyasının hökuməti təkbaşına formalaşdıra bilmək üçün 0.08% seçici səsi çatmır.
Vətəndaş Müqaviləsi Partiyası 53,92% səs qazanıb, hökuməti təkbaşına qura bilmək üçün isə 54% səs toplamaq tələb olunur.
Seçkilərin yekun nəticələri necədir?
1. Vətəndaş Müqaviləsi Partiyası (Nikol Paşinyan) – 53,92%
2. “Ermənistan” bloku (Robert Koçaryan) – 21,04%
3. “Mənim şərəfim var” bloku (Serj Sarqsyan) – 5,23%
4. Çiçəklənən Ermənistan Partiyası (Qaqik Tsarukyan) – 3,96%
5. Erməni Milli Konqresi Partiyası (Levon Ter-Petrosyan) – 1,54%
6. Aydınlanmış Ermənistan (Edmon Marukyan) – 1,22%
Koçaryanın alyansı iddia olunan pozuntular araşdırılmayana kimi nəticələri tanımayacağını bəyan edib:
Seçki məntəqələrində təşkil olunmuş və planlaşdırılmış saxtakarlığı göstərən yüzlərlə siqnal etimadın yoxluğuna ciddi əsas yaradır
Ermənistan Mərkəzi Seçki Komissiyası nə deyir?
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tiqran Mukuçyan deyib ki, deputat mandatlarının bölgüsü bir həftə sonra, yekun nəticələr elan olunduqda aparılacaq. Sədr həm də deyib ki, hazırkı mərhələdə müxalif bloklar mandatdan imtina edə bilməz, mandatlar onları qazanan qüvvələr arasında bölüşdürüləcək, başqa bir qüvvəyə verilə bilməz.
Seçkiyə hansı ölkə nə reaksiya verib?
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml Ermənistandakı parlament seçkiləri ilə bağlı vəziyyəti yaxından izləyir:
Yerevandan gələn məlumatları çox yaxından izləyirik, bu seçkilərin keçirildiyinə dair Ermənistanın Mərkəzi Seçki Komissiyasından gələn məlumatları alqışlayırıq. Əlbətdə ki, Paşinyan partiyasının inamlı qələbə qazandığını görürük.
Hansı partiyalar və namizədlər iştirak edib?
Seçkidə ümumilikdə 21 partiya və dörd alyans iştirak etsə də, əsas mübarizənin sabiq prezident Robert Koçaryanla hazırda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan arasında gedəcəyi proqnozlaşdırılırdı.
Birinci prezident Levon Ter-Petrosyan Erməni Milli Konqresinin siyahısına başçılıq edir.
İkinci prezident Robert Koçaryan “Ermənistan” blokunun siyahısında ilk sıradadır.
Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə “Vətəndaş sazişi” partiyasının lideridir.
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan partiya siyahılarında göstərilməsə də, onun başçılıq etdiyi Respublika Partiyası seçkilərə “Şərəf duyuram” bloku ilə qatılır.
Milli Məclisə düşmək üçün siyasi partiyalar 5, bloklar isə 7 faizlik baryeri aşmalıdırlar.