Azərbaycanda 2021-ci ilin ilk 4 ayına olan məlumata görə, rəsmi qeydiyyatda 7449 nəfər İİV (insanın immun çatışmazlığı virusu) ilə yaşayan insan var.
Onlardan, 5198-i (69,8%) kişi, 2251-si (30,2%) qadındır. QİÇS mərhələsində olan 1889 nəfər var, İİV-infeksiyasından vəfat edənlərin sayı isə 1119 nəfərdir.
İnsanlar cinsi yolla keçən xəstəliklər və onlardan qorunma yolları barədə nə qədər məlumatlıdır? İnsan bu xəstəliklərə necə yoluxa bilir?
Mikroskop Mediaya tibbi fərqindəliyin artırılmasına xidmət edən “Sadəcə et: Tibb” layihəsinin qurucularından biri və Azərbaycan Tibb Universitetində 3. kursda təhsil alan Kənan Eminli ilə danışıb.
K. Eminli deyir ki, insan həyatına son qoyan məhz xəstəlik deyil, cahillik olur. O tövsiyyə edir ki, cinsi yolla keçən xəstəliklər haqqında əsasən gənclərlə danışmaq, ətraflı məlumat vermək lazımdır:
Bizim layihənin “cinsi sağlamlıq paketi” təşəbbüsünün əsas məqsədi də elə budur. İnsanları məlumatlandırmaq və cinsi sağlamlıq vasitələri ilə tanış etmək. Cinsi yolla yoluxan xəstəliklərdən qorunmağın ən etibarlı yolu (99%) mexaniki kontraseptlərdir (prezervativ). Xəstəliklə mübarizə üçün mərkəzlər var, hər il bununla bağlı tədbirlər keçirilir, sadəcə düzgün piar kompaniyası aparılmalıdır. Çox az insanın xəbəri var ki, ölkədə QİÇS mərkəzi var və orada pulsuz analiz vermək olur.
Platformanın yaranmasının 2 əsas səbəbi var:
- Azərbaycanda həkimlərə olan etimadın get-gedə azalması
- Xəstələrin tibbi savadlılığının geriləməsi
Layihə təşəbbüskarı deyir ki, cinsi yolla keçən xəstəliklər mövzusu çox həssas məsələdir və valideynlər inanmalıdır ki, nə qədər pis həkimlər olursa olsun, əksəriyyət anonimliyi qoruyur və hətta lazımi məlumatları almaq üçün onlara müraciət edə bilərlər:
Biz anonimliyi qorumaq şərti ilə onlara lazımi tibbi məlumatları verməyə hazırıq, narahat olmasınlar, 90% xəstəliklər sağalandır və digərlərini də blokadaya almaqla uzun ömür sürmək olar.
İşin sosial tərəfi
Müxtəlif yoluxucu xəstəlikləri daşıyan pasientlərlə məşğul olan həkimlər işin sosial tərəfini unudur. Əsasən cinsi yolla yoluxan xəstəliklərdən əziyyət çəkən insanlar müxtəlif səbəblərdən, istər mentalitet, istər “camaat nə deyər”, istərsə də müxtəlif dini mövqelər ucbatından nə bu kimi xəstəliklər haqqında məlumat əldə edə bilir, nə də qorunma yollarını öyrənə bilirlər. Ümumiyyətlə cinsi sağlamlıq mövzusuna heç toxunulmur.
Təhsildə cinsi sağlamlıq dərsləri
Orta məktəblərdə müəllimlər insan anatomiyası dərsində cinsi orqanlar, çoxalma haqqında olan mövzuları ya izah etmir, ya da üstündən keçir. Nəticədə bizim kimi ölkələrdə rəqəmlərin göstərdiyindən daha çox İİV (İnsan İmmundefisit Virusu) daşıyıcısı, sifilisli xəstələr və başqa digər xəstəliklər baş alıb gedir. Bu xəstəliklərin inkubasiya dövrü deyə adlandırılan gizli inkişaf dövrləri mövcuddur. Bəzən insanlar xəstəliyə yoluxduğunu bilmədən ən yaxın doğmalarına belə yoluxdura bilir.
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu)
Ən çox bilinən və sayca yoluxma ehtimalı çox olan və əsasən cinsi yolla yoluxan xəstəlikləri sadalasaq, başda QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu), Sifilis, Genital Herpes və Hepatit B-nin adları gələr. Bu xəstəliklərin ən əsas ortaq cəhəti cinsi yolla daha çox yoluxmasıdır. QİÇS virus məşəli xəstəlik olub İİV tərəfindən törədilir. İlkin dövrdə qrip əlamətlərinə bənzər simptomlar göstərsə də, kəskin dövrü keçirdikdən sonra gizli dövr başlayır və hətta 10 illərlə heç bir əlamət göstərmədən davam edə bilir. Bu dövr ərzində yoluxmuş şəxs aktiv daşıyıcı hesab olunur. Qan və əsasən də cinsi yolla xəstəliyi digər insanlara ötürür. İİV yə yoluxmuş şəxs ömrünün sonuna qədər dərman içmək məcburiyyətindədir. O şərtlə ki, vaxtında xəbərdar olunsun və daimi müalicə alsın Əgər şübhəli və təsadüfi cinsi əlaqədə qorunmadan olmusunuzsa, sizə də yoluxa bilər.
Xəstəliyə yoluxmadan şübhələnilirsə: Müntəzəm analizlər vermək şərtdir və analizlər üçün Respublika QİÇS-lə mübarizə mərkəzinə müraciət etmək mümkündür.
Sifilis
QİÇS dən fərqli olaraq yoluxmadan bir müddət sonra birinci mərhələdə şankr adlanan bərk kənarlı, ortası parlaq eroziyaya bənzər yara əmələ gəlir ki, bu yara ağrısız olur. Çox təəssüf ki, yoluxmuş şəxslər əksərən müxtəlif məlhəmlərlə özünü müalicə edir. Bir müddət sonra bu yaralar sağalsa da izləri qalır. Lakin bu heç də xəstəliyin sağalması demək deyil. İş o yerə gəlir çatır ki, bakteriyalar bütün orqanizmə yayılır və orqanizm tədricən məhv olur. Əgər birinci mərhələdə müalicə olunsa, sifilis qorxulu hesab olunmur və QİÇS kimi əsasən cinsi yolla və qan transfuziyasi zamanı ötürülür. Bu xəstələrin də vaxtında aşkarlanıb qorunması mütləqdir.
Genital Herpesi
Xoşxassəli törəmə əmələ gətirən lakin müalicə olunmadıqda və ya düzgün müalicə olunmadıqda bədxassəli törəməyə çevrilə bilən təhlükəli xəstəlikdir. Müxtəlif növləri var. Növündən asılı olaraq genital bölgədə gülkələmi xatırladan törəmələr əmələ gətirir. Məhz bu növun törətdiyi xəstəliyə genital Herpes deyilir. Ona görə də belə şübhəli törəmə gördükdə mütləq həkimə – dermatoveneroloqa müraciət edilməlidir.
Hepatit B
Qaraciyərdə çox böyük fəsadlar törədə bilən Hepatit B virusunun törətdiyi xəstəlikdir. Ümumilikdə, hepatit virusları çoxdur və Hepatit B aralarında ən təhlükəlisi hesab oluna bilər. Səbəbi isə yoluxduqda klinikası ağır gedişli olur və vaxtında müalicə olunmadıqda ölümlə nəticələnir. Ən yaxşı ehtimalda isə xroniki hala keçir. Digər 3 xəstəlikdən fərqli olaraq yoluxulan zaman özünü biruzə versə də, əsasən laqeyd yanaşmalarla iş geridönməz nöqtələrə gəlib çıxa bilər. Bu xəstəlik də əsasən cinsi və qan yolu ilə yoluxur. Digər iltihabı xəstəliklər kimi qızdırma başda olmaqla, bütün iltihab əlamətləri özünü büruzə verir. Həmçinin isə sarılıq görünə bilər.
Xəstəliklər təkcə cinsi yollamı keçir: Bütün bu xəstəliklər təkcə cinsi yolla keçmir. Qan köçürmələri, narkotik istifadəçiləri arasında eyni sprisdən inyeksiya zamani və digər tibbi prosedurlarda ( məsələn, stomatoloji, ginekoloji müdaxilə və s.) keçə bilir. Hər halda ən çox təsadüf olunan cinsi yolla yoluxma olduğu üçün diqqətli olmaqda fayda var.
Pasientlərin gündəlik həyatı: Vaxtında müalicə aldıqda istənilən xəstə gündəlik həyatına davam edə bilir. Xəstəliklər məişət üsulu ilə keçmədiyi üçün həmin xəstələri sosial mühitə qaytarmaq mümkündür. Bütün xəstəliklər təhlükəlidir. Lakin məlumatsız olduqda öldürücü də ola bilirlər.
Layihə çərçivəsində “YouTube”da tibbi məlumat video-bazası yaradılıb. Əvvəlcə ən çox yayılmış, daha sonra cinsi xəstəliklər, ən qısa zamanda da mental (və ya psixi) xəstəliklər üçün baza yaradılaraq insanlar xəstəlik barədə maarifləndirilir.
Nə baş verib: 2020-ci il Birləşmiş Millətlər Təşkilatının HİV / QİÇS üzrə Birgə Proqramına (UNAIDS) görə, dünyada 38 milyon HİV ilə yaşayan insan olduğu müəyyən edilib. Bunlardan 1.8 milyonu 14 yaşdan kiçik uşaqlardır. 25.4 milyon insan həyat üçün zəruri antiretovirus müalicəsinə (ART) başlayıb, 12 milyonu isə hələ də öz müalicə növbəsini gözləməkdədir.