“Mikaela Jav”, İspaniyanın İbiza adasında elektronik musiqi səsləndirən məşhur DJ-dir və eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin əmisi qızıdır. OCCRP – Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi “Transparency International” təşkilatının İngiltərə şöbəsi ilə birgə onla bağlı araşdırma aparıb.
DJ “Mikaela Jav” prezidentin əmisi qızı İzzət Xanım Cavadovadır, səhnə adı Mikaela isə onun 22 yaşlı qızının adıdır.
Milli Cinayət Agentliyi son bir neçə il ərzində İ. Cavadova və həyat yoldaşı Süleyman Cavadovun “korrupsiya, oğurluq və mənimsəmə” yolu ilə milyonlarla funt əldə etməyindən şübhələnib, bununla da cütlük İngiltərə istintaqının hədəfinə çevrilib.
Bu istintaq haqqında ötən il “Evening Standard” qəzeti xəbər yayıb və qəzetdə yayımlanan məqalədə “azərbaycanlı cütlüyün” şübhəli mənbələrdən 13,9 milyon funt sterlinq (təxminən 45 milyon AZN) aldıqlarını göstərən sənədlər üzə çıxarılıb.
OCCRP həmin cütlüyün məhz Cavadovlar olduğunu öncədən müəyyən edib, amma məhkəmə qərarı ilə əlaqədar olaraq bunu bu günə qədər açıqlaya bilməyib.
Milli Cinayət Agentliyi (MCA) hesab edir ki, Cavadovlar İngiltərədəki hesablarına vəsait toplamaq üçün ofşor zonalardakı 20 qeyri-şəffaf şirkət şəbəkəsindən istifadə edib.
MCA müstəntiqlərinin verdiyi məlumata görə, həmin 20 şirkətdən 6-ı “Azərbaycan Pulyuyan Maşını”nın bir hissəsidir və bu sistem ölkənin hakim elitasına pul mənimsəməkdə, vergidən yayınmaqda, çirkli pulları yumaqda və Avropa Parlamentindəki deputatlara rüşvət verməkdə kömək edir. Eləcə də onlar qeyri-qanuni vəsaitləri Azərbaycandan Qərbə, daşınmaz əmlak aldıqları və dəbdəbəli həyat yaşadıqları yerə göndərə bilir.
İndiyə qədər araşdırmalarda Azərbaycandan olan bir çox vəzifəli şəxsin “Pulyuyan Maşın”dan istifadə etdiyi ortaya çıxıb, amma Cavadova Əliyevlər ailəsinin bunu həyata keçirən ilk üzvüdür.
Cavadovlar kimdir?
İzzət Xanım Cavadovanın mərhum atası Cəlal Əliyev deputat, həyat yoldaşı Süleyman Cavadovun atası Gülməmməd Cavadov isə ötən ilə qədər Energetika nazirinin müavini olub. Atasının tutduğu vəzifəyə görə S.Cavadov barəsində əlavə araşdırma aparılmalı idi. Buna baxmayaraq Cavadov Böyük Britaniyada hesab açdığı Coutts Banka deyib ki, Energetika nazirinin müavini ilə heç bir əlaqəsi yoxdur, onlar sadəcə adaşdır.
MCA deyir ki, Cavadovların gəlir mənbələri barədə verdikləri izahatlar da yanlışdır. Məsələn, İzzət Xanım Cavadova Azərbaycandakı əmlak şirkətindən kirayə gəliri alacağını desə də məhkəmə sənədləri aldıqları məbləğin kirayə gəlirindən qat-qat çox olduğunu üzə çıxarıb.
Ofşordakı 20 şirkətdən 2-nin onlara pul köçürməsini əsaslandırmaq üçün Cavadovlar 250 ədəd kirayə və iş müqaviləsi təqdim edib. Məhkəməyə təqdim olunan sənədlərdə deyilir ki, onlar 2015-2018-ci illər ərzində 2.4 milyon dollar (təxminən 4 milyon AZN) pul köçürüb.
Bundan başqa müqavilələrin tarixləri ilə köçürmələr də üst-üstə düşmür və sənədlərdə görünür ki, iş müqaviləsi pul köçürüləndən sonrakı tarixdə bağlanıb.
Prokuroqluq bunlara şübhə ilə yanaşıb və məhkəməyə yazıb:
“Estoniyadakı (ya da Latviya) bank hesabı vasitəsilə Azərbaycandakı mülkləri idarə etmək üçün niyə Şotlandiya, ya da İrlandiya şirkətindən və ya Seyşel şirkətindən istifadə edilib? Bununla bağlı heç bir açıqlama verilməyib”.
Müstəntiqlər onu da müəyyən edib ki, 20 şirkətin heç biri Azərbaycanda yerləşmir və bu da ödənişlərin birbaşa Azərbaycandan gəlmədiyini göstərir.
MCA-nin müstəntiqləri qeyd olunan 20 şirkətdən heç birinin Azərbaycanda yerləşmədiyini, bu səbəbdən Cavadovların əmlaklarını kirayə götürmələrinin mümkün olmadığını qeyd ediblər. Bu həm də ödənişlərin heç birinin birbaşa Azərbaycandan gəlmədiyini göstərir.
Digər 18 şirkətlə bağlı isə Cavadovlar ailəsi heç bir açıqlama verməyib, onları tanıdıqlarını inkar ediblər, amma MCA sənədlərinə əsasən bu da şübhəli görünür. Ailənin Azərbaycanda qanuni gəlir mənbəyinin olub-olmadığını müəyyənləşdirmək isə mümkün olmayıb, çünki bu, istintaqın hüdudlarından kənarda qalıb.
Cavadovların bank hesablarına yatırılan və MCA qərarı ilə dondurulmuş 6,5 milyon funt sterlinq (təxminən15 milyon AZN) barədə hakim qərar verəcək. İş üzrə məhkəmə prosesi iyul ayında başlayacaq.