İyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov daxil olmaqla, 12 nəfər dəstə üzvünün cinayət işi (Gəncə işi) üzrə məhkəmə davam etdirilib.
Vəkillərin müdafiə çıxışları olub. Müdafiə tərəfi Yunis Səfərovdan başqa digər təqsirləndirilən şəxslərə bəraət istəyib.
Məhkəmə prosesi 29 iyulda vəkillərin müdafiə çıxışları ilə davam etdiriləcək.
Məhkəmədə keçirilən prosesdə hakimlər kollegiyası zərərçəkən kimi tanınan Gəncə İH-nin keçmiş başçısı Elmar Vəliyevin anlaqlı olub-olmamasının müəyyənləşdirilməsi üçün tibbi ekspertiza keçirilməsi barədə qərar verib.
Vəkillər bildirib ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib. Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib.
Ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində Elmar Vəliyevdə psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər.
Bundan sonra, bu gün, iyulun 15-də məhkəmə prosesi davam etdirilib.
Dövlət ittihamçısı əvvəlki məhkəmə prosesində Yunis Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18-20 il həbs istəyib.
Təqsirləndirlən şəxslərin yaxınları məhkəmə binasının qarşısında hakim Əfqan Hacıyevə etiraz olaraq aksiya keçirib.
Nə baş verib: 3 iyul 2018-ci ildə Gəncədə şəhərinin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. İddiaya görə, Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu zaman iki yüksək rütbəli polis zabiti öldürülüb.. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib.