Etirazlar nə vaxt və niyə başlayıb?
Kubada yüzlərlə insan iqtisadi vəziyyətin pisləşməsinə etiraz etmək üçün aksiyalara başlayıb. Yerli mətbuatın yaydığı məlumata görə, aksiyalar iyulun 12-də paytaxt Havananın 33 kilometrliyindəki San Antonio de los Banos qəsəbəsində başlayıb. Eyni zamanda ölkənin müxtəlif bölgələrində əhali hökumətə qarşı nümayişlərə qatılıb.
Etirazçılar Kuba prezidenti Migel Diaz Kanelin əleyhinə çıxıb və “Məhv olsun diktatura” və “Azadlıq istəyirik” şüarları səsləndirib.
Bu, 1994-cü ilin avqustundan bəri ölkədə baş verən ən böyük nümayişdir.
Ölkə başçısı nə deyir?
Prezident Migel Diaz Kanel ölkədəki iqtisadi böhrana görə ABŞ-ı günahlandırıb. O, Kuba televiziyası və milli radiosu vasitəsilə xalqa müraciət zamanı əhalini Kuba inqilablarını qorumağa çağırıb.
Vətənimizin suverenliyini təslim etməyəcəyik, bütün inqilabçıları hər yerdə inqilabı müdafiə etmək üçün küçələrə çıxmağa çağırırıq.
O vurğulayıb ki, ABŞ rəhbərliyi pandemiya dövründə Kubada siyasi qeyri-sabitliyə səbəb olub və blokada tətbiq etməklə iqtisadiyyatı məhv edib. Prezidentin sözlərinə görə, pandemiyaya görə ölkədə dərman və elektrik qıtlığı yaranıb.
Polis etirazçılara necə davranıb?
Təhlükəsizlik qüvvələri etiraz aksiyalarında iştirak edən insanları mülki geyimli polislərin köməyi ilə həbs edib. Sosial şəbəkələrdə təhlükəsizlik əməkdaşlarının aksiya iştirakçılarını döydüyü və aksiyanı dağıtmaq üçün bibər qazından istifadə etdiyi əks olunan videolar yayılıb. Qarşıdurmada “Associated Press News” agentliyinin bir fotoqrafı yaralanıb.
Ölkənin hər yerində internetin kəsildiyi barədə məlumat yayılıb.
Beynəlxalq ictimaiyyət nə deyir?
ABŞ Kuba sakinlərinin yanında olduqlarını və Kuba rəhbərliyini zorakılıqdan çəkinərək xalqa qulaq asmağa çağırıb.
Kuba xalqı cəsarətlə öz əsas və universal hüquqlarını tələb edir
ABŞ Prezidenti Co Bayden
ABŞ-ın Mayami şəhərində isə yüzlərlə insan Kubadakı etirazlara dəstək məqsədilə küçələrdə ABŞ və Kuba bayraqları ilə gəziblər.
Venesuela Prezidenti Nikolas Maduro isə Kuba hökumətinə dəstək olub:
Prezident Miguel Diaz Kaneli, Kuba xalqını və Kubanın inqilabçı hökumətini tamamilə dəstəkləyirəm. Həm yaxşı, həm pis gündə biz qardaşıq və Kuba irəli getməyə davam edəcək.
Meksika və Rusiya isə bəyan edib ki, heç bir ölkə Kubanın daxili işinə qarışmamalıdır.
Etirazların nəticəsi nə olub?
Kuba rəhbərliyinin yeni qərarına əsasən, müstəsna hallarda, ilin sonunadək turistlərin rüsumsuz qida və dərman gətirməsinə icazə verib. Bu qərara görə, turistlər ölkəyə 10 kiloqrama qədər dərman gətirə bilərlər. Bununla yanaşı, qida və şəxsi gigiyena əşyalarına məhdudiyyətlər qoyulub.