Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai-siyasi fəalların telefonlarının izlənməsinə dair yeni araşdırma yayıb.
Dəlillərə görə, Azərbaycan, jurnalistlərinə qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə edib.
Siyahıda adı olanlardan biri də Meydan Tv-nin əməkdaşı jurnalist Sevinc Vaqifqızıdır.
O, Mikroskop Media-ya açıqlamasında deyir ki, izlənildiyini həmişə hiss edib, lakin bu dərəcə olduğundan xəbəri olmayıb.
2015-ci ildə Meydan Tv-yə qarşı cinayət işi açılmışdı. Biz Ukraynadan Bakıya qayıdanda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotel) saxlanılanladan sonra bizə deyildi ki, ölkədən çıxışımıza qadağa qoyulub. Ondan sonra telefon zəngləri zamanı səs əks-səda verirdi. Bu isə izlənmənin bir əlamətidir. Həmçinin kimsə mənə zəng edəndə mənim nömrəmə düşə bilmirdi. Guya ki, mən nömrəni söndürürdüm, qarşı tərəfdə belə bir fikir formalaşırdı. Yalnız 2-3-cü cəhddən sonra kimsə mənimlə əlaqə qura bilirdi. Bu da şübhəli hal idi. Mən izlənildiyimi bilirdim, amma bu dərəcə olduğunu düşünmürdüm.
Ağlıma gətirmirdim ki, mənim telefonuma hər hansı bir proqram yerləşdirilib və onun vasitəsilə hökumətin bütün şəxsi foto, video, kontak listimə çıxışı var. Eləcə də mənim internetdə hər bir addımımı – hansı saytlara keçdiyimi, hansı məlumatları əldə etdiyimi, telefon danışıqlarımı, bütün proqramlarda olan yazışmalarımı – bir sözlə, iş və şəxsi həyatla bağlı olan hər şeyi izləyə bilirlər. Həmçinin qeydə də ala bilirlər. Telefonun video-kamerasındam istifadə edərək videonu da götürə bilirlər. Bu proqram onlara bu fürsəti də verir.
Jurnalist deyir ki, telefonun izləndiyini Almaniyada OCCRP-in jurnalistləri ilə görüşəndən sonra bilib.
Mən “Sərhədsiz reportyorlar” təşkilatının dəvəti ilə 3 aylıq proqramla maydan Almaniyaya gəlmişəm. Buraya gələn kimi OCCRP-in jurnalistləri ilə əlaqəyə keçdik. Onlar mənimlə görüşmək istədiklərini bildirdilər. Görüş zamanı mənə dedilər ki, onların əlində data var və orada mənim də nömrəm qeyd olunub. Telefonumu yoxladıqdan sonra dəqiqləşdirdilər ki, belə bir proqram var. Amma mənim bu barədə detallı bilgim yox idi, çünki onlar araşdırma aparırdılar. Bunu hansı şirkətin etdiyini və necə baş verdiyini dünən çıxan yazıda öyrəndim.
Sevinc Vaqifqızı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Deyir ki, hökümət qorumalı olduğu hüquqları özü pozduğu üçün, şəxsi toxunulmazlıq hüququnun qorunmadığı üçün bu addımı atacaq.
İsrail şirkəti nə deyir: Proqram, əslində, kütləvi cinayət işlərinin, terrorun qarşısının alınması üçün nəzərdə tutulub.
Hökumətin izlədiyi adamlar nə edə bilər: Hüquqlarının pozulması və müdafiəsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilər. Bu halda səlahiyyətli hüquq mühafizə orqanı cinayətin törədildiyi yer üzrə olan müvafiq rayon (şəhər) prokurorluğudur. Şəxsi həyat hüququnun pozulması ilə əlaqədar cinayət mühakimə icraatı ictimai-xüsusi ittihama aiddir. Bu o mənaya gəlir ki, əgər zərərçəkən prokurorluq orqanına müraciət etməsə, onun hüququnun pozulması ilə əlaqədar icraat başlaya bilməz. Ona görə də bu hallarda prokurorluğa şikayət vermək tövsiyə edilir. Şəxs yerli məhkəmə instansiyalarının hər birini tükəndirərək Avropa İnsan Hüquqları Konvensiyasına müvafiq olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətini göndərə bilər.
Şəxsi həyata müdaxilə edənləri hansı cəza gözləyir: 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Nə baş verib: OCCRP Azərbaycan hökumətinin jurnalistləri, ictimai fəalları və hüquqşünasları izlədiyinə dair araşdırma yayımlayıb. Araşdırmada göstərilir ki, Pegasus proqramı vasitəsilə dünyada 50 mindən çox, Azərbaycanda isə 300-ə yaxın şəxs dinlənilib.