20 iyulda Svetlana Tixanovskaya ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ağ Evdə görüşüb.
Hazırda Vaşinqtonda olan müxalif namizəd S.Tixanovskaya Birləşmiş Ştatları ölkəsindəki avtoritar rejimə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalara çağırıb.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken və onun siyasi məsələr üzrə müavini Viktoriya Nulandla danışıqları olub.
Görüşlər barədə “Twitter” hesabından məlumat yayan Tixanovskaya ABŞ-dan Belarusun vətəndaş cəmiyyətinə və yeni seçkinin keçirilməsinə dəstək verməsini xahiş etdiyini bildirib. O həm də deyib ki, müstəqillik belaruslar üçün ən yüksək dəyərdir. Müxalifət lideri həmçinin ABŞ rəsmilərinə Belarusda sanksiyaların tətbiq edilməli olduğu sahələrin siyahısını verib.
Nə baş verib: Belarusda 2020-ci ilin avqustunda prezident seçkiləri keçirilib. Aleksandr Lukaşenko prezident seçkisində 6-cı dəfə qalib elan edilib. Lukaşenkonun yenidən seçilməsinə etiraz edən minlərlə siyasi aktivist və jurnalist zorakılığa məruz qalaraq həbs edilib. Bundan sonra Lukaşenko və avtoritar rejiminə qarşı sərt sanksiyalar elan edilib.