Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, 22 iyulda Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 qərarını elan edib.
Məhkəmə iddia edilən pozuntuların əksəriyyətini tanıyıaraq hesab edib ki, Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 51200 avro təzminat ödəməlidir.
Mahmudov və Ağazadə Azərbaycana qarşı
AİHM “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı Rövşən Mahmudov və Yaşar Ağazadənin işində hesab edib ki, ərizəçilərin ifadə azadlığı hüququna müdaxilə baş verib. Qərar qəti olduqdan sonra hökumət ərizəçilərə mənəvi zərərə görə 2400, xərc və məsrəflərə görə 1000 avro ödəməlidir.
- Şikayət: Bu iş müxalif məzmunlu “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşının cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlıdır. Siyasi xadim olan Cəlal Əliyev iddia edib ki, jurnalistlər məqalədə ona böhtan atıblar. Xüsusi ittiham qaydasında jurnalistərdən şikayətindən sonra Yasamal rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli hökmü ilə məhkum ediliblər. Onların hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Təxminən bir il sonra Ali Məhkəmə hər iki jurnalistə verilən cəzanı təsdiq edib. Ancaq Ali Məhkəmənin həmin qərarından əvvəl – 2007-ci ilin dekabrında jurnalistlər Azərbaycan prezidentinin əfvi ilə azadlığa buraxılıb.
Ərizəçilər AİHM-ə şikayətlərində məqalələrinə görə cinayət cəzasına məhkum edilmələri ilə ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia ediblər.
Azər Əhmədov Azərbaycana qarşı
“Azadlıq” qəzetinin direktorunun işində AİHM ona münasibətdə şəxsi həyata müdaxilə hüququnun pozuntusuna yol verilməsinə qərar verib. Hökumət A.Əhmədova mənəvi zərərə əvəzi 4500, xərc və məsrəflərə görə isə 2500 avro təzminat ödəməlidir.
- Şikayət: Bu iş A.Əhmədovun həmkarlarından Aqil Xəlilin bıçaqlanması olayının istintaqı çərçivəsində onun telefonunun dinlənilməsi ilə bağlıdır. Ərizəçi Konvensiyanın 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsinə əsasən iddia edirdi ki, telefon danışıqlarının dinlənilməsi qanuna zidd olub. Ərizəçi həmçinin, gizli dinləmə ilə bağlı qərarın onunla bağlı olmamasından, onun adının həmin qərarda qeyd edilməməsindən, gizli dinlənilmə qərarının yalnız həmkarına yönəlik olmasından da şikayət edib. Bu baxımdan, ərizəçi Konvensiyanın 6-ci (ədalətli məhkəmə araşdırması) və 13-cü (səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq) maddələrinin pozuntusunu məruz qaldığını da iddia edib.
Kərimov və başqaları (daha iki nəfər) Azərbaycana qarşı
Bu işdə Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramov ərizəçilər olub. AİHM qərar verib ki, onların Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsi ilə təminat altına alınan hüququna müdaxilə baş verib. Hökumət ərizəçilərin hər birinə 3600 avro təzminat ödəməlidir.
- Şikayət: Bu iş ərizəçilərin aldıqları pul borcunu geri ödəmədiklərinə görə, həbs edilmələri ilə bağlı olub.
Badalyan Azərbaycana qarşı
Məhkəmə Ermənistan vətəndaşının Azərbaycana qarşı bu şikayətində ərizəçinin azadlıq və toxunulmazlıq, işgəncəyə məruz qalmamaq hüququna müdaxilə baş verdiyinə qərar verib. Ərizəçiyə 30 min avro təzminat ödənilməlidir.
- Şikayət: Bu iş ərizəçinin Azərbaycan-Ermənistan sərhəddində tutulması, 22 ay Azərbaycanda saxlanılması ilə bağlıdır. Ərizəçi iddia edib ki, Azərbaycanda saxlanıldığı müddətdə onun Konvensiyanın 3-cü və 5-ci maddələıri ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib.