İyulun 26-da Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı dəyişikliklər haqqında qərarı Baş nazir Əli Əsədov imzalayıb. Yeni qərarla bağlı detalları Operativ Qərargahın bu gün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Prezident Administrasiyasının İqtisadi məsələlər üzrə şöbə müdiri Şahmar Mövsümov açıqlayıb. Tədbirdən əsas məqamları təqdim edirik!
Nələr tələb olunur:
2021-ci il 1 sentyabrdan etibarən
- Mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri,
- Bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabrdan etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.
- Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq.
Yaşı 18-dən yuxarı olanlar
- ictimai iaşə müəssisələrində;
- mehmanxanalarda;
- iri ticarət mərkəzlərində- qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər
Vaksinasiya kimlərə tövsiyyə olunur: Yaqut Qarayevanın sözlərinə görə yeni ailə quranlara vaksinasiya tövsiyə olunur. O, həm də deyib ki, bu günə qədər ölkədə vurulan vaksinlərdə ciddi əks-təsir müşahidə olunmayıb.
Vaksinlərin növləri barədə: Azərbaycanda bu gün könüllü olaraq 4 vaksin növündən istifadə olunur. Bütün vaksinləri Bakıda vurdurmaq olar. TƏBİB-in şöbə müdiri deyib ki, bütün regionlarda səyyar şəkildə “Sinovac”, bəzi yerlərdə “Aztrazeneca” vaksinindən də istifadə olunur. O bildirib ki, səyyar vaksinasiya vasitəsilə 62 mindən çox peyvənd vurulub.
Həftəsonu ictimai nəqliyyat barədə: Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur. Şahmar Möhsümov bildirib ki, ölkədə peyvənd vurduranların sayı hələ kifayət qədər deyil:
Şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməməsi səbəbindən yoluxma sürəti aşağı düşür. Belə olanda da biz yoluxma sürətinə nəzarət edə bilirik.
Teatr və kinoteatrlar barədə: Növbəti mərhələdə teatr və kinoteatrların açılması müzakirə olunacaq. Bu sahənin fəaliyyətinə icazə veriləcəyi təqdirdə giriş üçün COVID-19 pasportu tələb ediləcək.
Yenidən qapanmaya gediləcəkmi: Ş.Mövsümov deyib ki, əgər epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq.
Xəstəliyi keçirənlər immun sertifikatını necə ala bilər: Bu gün ölkədə xəstəliyi keçirən şəxslər 6 aydan sonra bir doza vaksin vurdurub immun sertifikatı ala bilər.
Yoluxma sayında artım varmı: Brifinqdə son günlər yeni yoluxmaların sayında artım müşahidə olunduğu deyilib. Yaqut Qarayevanın sözlərinə görə, qeyri-iş günlərində bəzən yoluxma sayı aşağı düşür:
İyunun sonunda yoluxma bir faizdən aşağı idi. Bu, yaxşı göstərici idi. Lakin son günlər pozitiv nəticələrin sayı 5 %-ə yüksəlib. Yoluxma 30-39 yaş arasında yüksəkdir. Bölgələr arasında yoluxma halı yenə də Bakıda qeydə alınır. Binəqədidə bu hal qalır.
Peyvənd oluna bilməyənlər: Koronavirus əleyhinə peyvənd vurdurulması üçün əks göstərişləri olan insanlar üçün xüsusi sertifikatın hazırlanması nəzərdə tutulur.
İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı belədir.
Nə baş verib: Bu gün xüsusi karantin rejimi ilə bağlı ölkədə yeni qərar qəbul edilib və Operativ Qərargah brifinq keçirib.