İyulun 28-dən 30-na kimi Türkiyənin 21 vilayətində ümumilikdə 71 meşə yanğını başlayıb. Meşə yanğınlarının 57-si nəzarət altındadır,14 yerdə isə yanğın hələ də davam edir. Minlərlə heyvanın tələf olduğu yanğında onu söndürmək üçün tanker və yanğınsöndürənlərdən başqa, pilotsuz aparatlardan da istifadə olunur.
Ən son məlumata görə, davam edən yanğınların siyahısı:
- Adanada 20 yanğından 3-ü
- Antalyada 11 yanğından 4-ü
- Mersində 7 yanğından 3-ü
- Muğlada 4 yanğından 2-si
- Osmaniyədə 4 yanğından 1-i
- Qəhrəmanmaraşda 5 yanğından 1-i davam edir.
Ölən və yaralanan neçə nəfərdir: Yanğının ən sıx müşahidə olunduğu Antalyanın Manavgat şəhərində 3, Marmaris şəhərində isə 1 nəfər həlak olub. Antalyada xəsarət alan 183 nəfər xəstəxanaya çatdırılıb.
Yanğın niyə başlayıb: Yanğınların başlamasına əsas səbəb olaraq iki etimal irəli sürülüb. Bunlardan biri yanğının terror təşkilatı tərəfindən qəsdən törədilməsidir. İddia edilir ki, terror təşkilatları bu addımı cəmiyyətdə qorxu və vahimə yaratmaq üçün atıb.
Yanğının səbəbi ilə bağlı digər ehtimal isə iqlim dəyişikliyi böhranıdır. İqlim dəyişikliyinə görə havanın sürətlə istiləşməsi, isti hava dalğaları və yağıntının azlığı səthdəki bitki toxumasının çox tez qurumasına səbəb olur. Bu da yanğın üçün münbit şərait yaradır.
Meşə yanğınlarının başlamasının dəqiq müəyyən olunmuş səbəbi isə hələ ki, bilinmir.
Hansı təhlükəsizlik tədbirləri görülüb: Yanğının külək vasitəsilə ətraf ərazilərə sıçraması ehtimalı var. Bu da daha çox Manavqat, Marmaris və Bodrumdakı yaşayış məntəqələri üçün təhlükəlidir. Ona görə də həmin ərazidəki bəzi kəndlər və turizm obyektləri boşaldılıb.
Rəsmilər nə deyir: Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün “Twitter” səhifəsində yanğının nəzarət altında olduğu ərazilərin adlarını açıqlayıb:
- Kütahya Emet
- Kilis
- Qəhrəmanmaraş
- Kocaeli
- Kastamonu Taşköprü
- Sakarya
- İstanbul
- Hatay İskəndərun
- Bursa
- İzmir Ödemiş
- Diyarbəkir Diclə və Karaman
- Manisa Soma
Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Engin Özkoç dünən gecə Daxili İşlər naziri Süleyman Soylu ilə danışdığını bildirib. Onun sözlərinə görə, yanğının təxribat nəticəsində başlamasında dair məlumat əldə etməyiblər və əsas səbəbin güclü istilər olduğu ehtimal edilir.
Saxlanılan varmı: Meşə yanğınları ilə bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Azərbaycan nə edib: Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib, ən qısa zamanda yardım dəstələri Türkiyəyə göndəriləcək.