Azərbaycan hakimiyyətini kəskin tənqid edən hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti avqustun 5-də pisləşib.
Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru O.Gülalıyevin səhhətindəki son durumla bağlı onun oğlu Təbriz Gülalıyev ilə əlaqə saxlamışıq. O deyib ki, atasının qidalanması üçün qastrostomiya borusu dünən səhər Topçubaşov adına xəstəxanada dəyişdirilib və bundan sonra onun vəziyyəti ağırlaşıb:
“Atamın vəziyyəti dünən günün 2-ni yarısında, təxminən saat 4-də pisləşməyə başladı. Müayinədən sonra bizə dedilər ki, hər şey yaxşıdır və evə göndərdilər. Evdə boru vasitəsilə ona maye verdik və 10 dəqiqə çəkməmiş atamın qızdırması 41-42 dərəcəyə kimi yüksəldi. Dərhal ambulans çağırıb xəstəxanaya çatdırdıq. Xəstəxanaya çatdırılanda oksigen aparatına qoşsalar da, nəbzi də zəifləmişdi.
Mərkəzi Klinikadan onlara bildirilib ki, problem qidalanma borusuyla yox, beyni ilə bağlıdır. Təbriz Gülalıyev deyir ki, əvvəl atası daha ağır proses olan qastostomiya borusundan əməliyyat olunub və indiki qədər vəziyyəti gərginləşməyib:
Əvvəl ağır əməliyyatda belə hal ilə üzləşmədik, necə olur ki, hazırda yüngül bir prosesdə beyni buna dözmür…
Mərkəzi Klinikadan onları təkrar Topçubaşov adına xəstəxanaya yönləndiriblər. T. Gülalıyev xəstəxanadakı etinasız rəftardan şikayətçidir. Onun sözlərinə görə, xəstəxanada atasının kritik vəziyyətdən çıxarılması üçün heç bir addım atılmayıb:
Burada atamı reanimasiya şöbəsinə qaldırdılar və yalnız sakitləşdirici iynələr vurdular. Biz atamın səhhəti üçün heç nə edilmədiyini gördükdə dedik ki, o müayinələrdən keçməlidir. Vəziyyət belə olan halda Neyrocərrahiyyə Xəstəxanasına aparılması üçün təcili yardım maşını gəldi. Lakin xəstəxanadan bizə deyildi ki, atamın vəziyyəti risklidir və onu apara bilməzlər.
Ailəsi O.Gülalıyevin vəziyyəti nisbətən yaxşılaşanda onun Neyrocərrahiyyə Xəstəxanasına aparılması üçün yenidən cəhd ediblər. Lakin xəstəxanadan yenə eyni cavabı alıblar.
Atam indi olduğu xəstəxanaya gətiriləndə bundan daha pis vəziyyətdə idi. Əgər həqiqətən də xəstananın bildirdiyi kimidirsə, atamın belə vəziyyətdə aparılması düzgün deyil və risklidirsə, prestij cəhətdən daha aşağı olan bu xəstəxanaya bundan daha ağır formada necə gətirildi?
Hazırda vəziyyət: Oqtay Gülalıyev Topçubaçov adına xəstəxanadan Tibb Universitetinin Cərrahiyyə klinikasına aparılıb.
Nə baş verib: 2019-cu il oktyabrın 29-da Oktay Gülalıyevi avtomobil vurub. Onu vuran avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Fakt üzrə cinayət işi açılıb. Hüquq müdafiəçisi əvvəlcə Bakıda müalicə alsa da sonradan Heydər Əliyev Fondu onun müalicə xərclərini öz üzərinə götürüb və Türkiyənin İstanbul şəhərinə aparılıb. Ötən ilin noyabrında isə o Bakıya geri qaytarılıb.