Azərbaycan Müdafiə Nazirliyi 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən Azərbaycan ərazisində yerləşdirilən Rusiya sülhməramlılarına çağırış edib. Nazirlik tələb edir ki, həmin ərazidə müvəqqəti dislokasiya olunan sülhməralılar orada Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.
Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.
Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan ordusu bununla bağlı adekvat tədbirlər görür və bu hallara imkan verilmir.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir ki, baş verənlər Ermənistanın Müdafiə nazirinin əmrindən sonra olub:
Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur.
Nə baş verib: Azərbaycanla Ermənistan arasında 2020-ci il sentyabrın 28-dən etibarən 44 gün davam edən müharibədən sonra 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərləri arasında üçtərəfli bəyanat imzalanıb. Son bir neçə həftədə isə dəfələrlə Naxçıvan Muxtar Respublikası və Kəlbəcər rayonu istiqamətində atışma olub. İyul ayı ərzində atəşkəs 17 dəfə pozulub.