ABŞ əsgərlərinin 20 ildən sonra Əfqanıstanı tərk etməsini fürsət bilən Taliban qısa müddətdə bütün ölkəyə nəzarəti ələ keçirdi. Son olaraq 15 avqustda ciddi müqavimətlə üzləşmədən paytaxt Kabilə də nəzarəti Taliban ələ aldıqdan sonra prezident Əşrəf Qani də digər rəsmilərlə birlikdə ölkəni tərk etdi.
Türkiyənin “Cümhuriyyət” qəzeti Talibanın kim olduğunu və necə yarandığını, onun bu günə qədər keçdiyi yolu araşdırıb. Mikroskop Media həmin məqalənin tərcüməsini təqdim edir.
Taliban 1990-cı illərin əvvəllərində xarici ölkələrin dəstəyi ilə qurulan, ölkədə şəriət qanunlarının tətbiqini istəyən, buna görə qırğınlar törədən hərəkatdır. Qadınların bütün hüquq və azadlıqlarını məhdudlaşdıran bu silahlı qrup kimdir?
2001-ci ildə ABŞ-ın Əfqanıstana hücumu başlayanda Taliban hakimiyyəti devrilsə də zaman keçdikcə onlar ölkənin müxtəlif bölgələrinə geri qayıdıb və hərəkat vahid İslam hökuməti qurmağı hədəfləyib.
Əfqanıstan: İmperatorluqlar qəbiristanlığı
Bu illər ərzində Əfqanıstanda baş verən qarşıdurmalar və işğallar milyonlarla insanı evindən didərgin salıb.
Son zamanlar əsasən ABŞ-ın işğalı haqda danışılsa da, Əfqanıstan ayrı-ayrı vaxtlarda bir çox ölkənin hücumuna məruz qalıb. Buna baxmayarq bu işğalçıların heç biri orada güclü, mərkəzləmiş dövlət qura bilməyib. Ona görə də Əfqanıstan haqqında belə bir ifadə yaranıb – İmperiyalar qəbisrtanlığı.
Bəs bu nə deməkdir? Əfqanıstan Mərkəzi Asiya dövlətləri, Çin və İran kimi güclü ölkələrin olduğu coğrafiyanın, mühüm miqrasiya və ticarət yollarının ortasında yerləşir. Bu ölkədə çoxlu sayda etnik qrup, tayfa və fərqli dillərdə danışan insanlar yaşayır. Bu struktura malik ölkəni ələ keçirmək və mərkəzləşmiş hökumət qurmaq isə asan deyil.
1979-cu ildə Sovet İttifaqı işğalı başlayanda da mərkəzləşmiş hökumət qurmaq mümkün olmayıb. Bununla yanaşı, bu vəziyyətdən istifadə edən yeni bir qrup ortaya çıxdı – Taliban. Amma Talibanın kökləri Sovet işğalından da xeyli əvvəl dayanır.
Pakistanın Paştun hərakatlarına qarşı mübarizə məqsədilə dəstəklədiyi islam qruplaşmaları
Əfqanıstanın 84 faizini sünni müsəlmanlar təşkil edir. Bir çox etnik kimliyin yaşadığı Əfqanıstanda sayca ən çox Paştunlardır ki, onların sayı 38%-dir və əksəriyyəti ölkənin cənubunda məskunlaşıb. Təxminən bərabər sayda, 15 milyon Paştun isə Pakistanın şimalında yaşayır ki, bu da Əfqanıstanın cənubdakı qonşusudur.
1947 -ci ildə regionda İngilis hökmranlığı başa çatıb Pakistan müstəqil olandan sonra Paştunlar Əfqanıstandakı Paştunlarla birləşərək “Paştunistan” adlı müstəqil bir ölkə qurmaq tələbi irəli sürdülər.
Pakistanla regiondakı Paştunlar arasında gərginliyin davam etdiyi vaxtda, Banqladeş də 1971-ci ildə müstəqilliyini elan etdi və Pakistandan ayrıldı. Bu bölünmə Pakistan rəhbərliyinə sübut etdi ki, etnik kimlik dini kimlikdən üstündür və Əfqanıstanda Paştunların etnik kimlik istiqamətində apardıqları təbliğat Pakistan üçün daha ciddi təhdidə çevrildi.
Buna görə də Pakistanda Əfqanıstanda islamçı qruplaşmaları dəstəkləməyə, onların paştunlar arasında yayılmağına kömək etməyə başladı. Bu addım isə etnik millətçi hissləri boğmaq məqsədi güdürdü. Bu addımın davamı olaraq Pakistan Kəşfiyyat Xidməti (ISI) həmin regiondan gətirdiyi bir çox “mücahid”ə həm öz ölkəsində, həm də sərhəd bölgələrdə dini və hərbi təhsil verdi. Həmin tələbələr isə illər sonra Talibanın özəyini təşkil edəcəkdi. Yeri gəlmişkən, “Taliban” sözü Paştun dilində “tələbələr” deməkdir.
SSRİ işğalına dəstək olan qruplar
1978-ci ildə çevrilişlə sol yönümlü və Sovet Sosialist Respublikalar İttifaqının dəstəklədiyi hərbçilər hakimiyyətə gələndə islamçı müxalifət Pakistan və ABŞ-ın dəstəyi ilə ölkəyə girərək silahlı üsyana başladı.
1979 -cu ilin dekabrında Sovet lideri Leonid Brejnev Qırmızı Ordunu birbaşa müdaxilə üçün Əfqanıstana göndərdi. Sovet işğalı Pakistandan gəlib silahlı üsyana başlayan “mücahid”lərin əhalinin də dəstəyi ilə hərəkat olaraq daha da böyüməyinə səbəb oldu. Amma bu, yeganə səbəb deyildi; ABŞ və Səudiyyə Ərəbistanının da külli miqdarda maddi dəstəyi Pakistanda qurulan hərəkatı get-gedə gücləndirdi.
Pakistanlı araşdırmaçı jurnalist Əhməd Rəşidin sözlərinə görə, 1971-ci ildə ölkəsindəki mədrəsələrin sayı 900 ədəd olduğu halda, 1988-ci ildə bu rəqəm 8000-ə çatıb. Ölkənin sərhədlərində qeydiyyatda olmayan 25 min ədəd məktəb var idi.
Əfqanıstanla bağlı bir çox kitabın müəllifi olan amerikalı akademik Barnett Rubinin araşdırmalarına görə, 1980 -ci ildə ABŞ Sovetlərə qarşı mübarizə aparan bu mücahidlərə 30 milyon dollarlıq yardım göndərib. 1980 -ci illərin ikinci yarısında təkcə ABŞ-ın maddi yardımının illik miqdarı 630 milyon dollara çatıb. Bu məbləğə Səudiyyə Ərəbistanı, İsrail və Çinin göndərdiyi yardımlar daxil deyil.
1985-ci ildə ABŞ Prezidenti Ronald Reyqan mücahidlərə Stinger zenit raketləri verilməsi barədə qərar qəbul edib. Bu raketlərin və digər silahların paylanmasına görə məsuliyyəti isə Pakistan daşıyırdı. Ölkənin Karaçi və ya İslamabad hava limanlarına gətirilən silahlar ISI vasitəsi ilə Əfqanıstanla sərhəddə yerləşən radikal, islamçı, müxalif qruplara paylandı.
1989-cu ildə Sovet ordusu Əfqanıstandan geri çəkiləndən sonra ABŞ-ın mücahidlərə maliyyə dəstəyi 250 milyon dollara qədər azaldı, bir müddət sonra isə tamamilə dayandı.
İşğaldan sonra Talibanın hakimiyyətə gəlişi
Sovet işğalından sonra kommunist hökumət 1992 -ci ilə qədər ölkəni idarə etdi. Bundan sonra isə xaricdən də dəstəyin köməyi ilə silahlı mücahid qruplar mübarizəyə başladı. Bu zaman insan oğurluğu, cinayət, təcavüz və küçə döyüşləri Əfqanıstanda yaşayan insanların gündəlik həyatının bir hissəsinə çevrildi.
1992-1996 -cı illər ərzində həm mücahid qrupların, həm də qəbilələrin mübarizəsinə görə ölkədə daha da artan qarışıqlıq şərait yaratdı ki, Talibanın sabitlik vədini daha çox tayfa dəstəkləsin.
Ehtimal olunur ki, Taliban 1990-cı illərin əvvəllərində Molla Məhəmməd Ömər tərəfindən qurulub.
1996-cı ilin sentyabrında paytaxt Kabilə girən Taliban prezident Bürhanəddin Rəbbanini istefaya göndərdi və ölkəyə nəzarəti ələ keçirdiklərini bəyan etdilər. Onlar hesab edirdi ki, tacik əsilli prezident paştunların əleyhinə fəaliyyət göstərir və ölkədəki korrupsiyanın səbəbkarıdır.
Taliban-ın yürütdüyü siyasət və xalqın dəstəyi
Talibanın mənimsədiyi sistem mədrəsələrdəki sünni-vəhabi tədrisi ilə formalaşan şəraiət qanunları və daha çox torpaq sahəsi əldə etmək məqsədi daşıyan, İslama qədərki dövrə aid olan Paştun qanunlarının bir-birinə qarışdığı sistem idi.
Şayiələrə görə, Taliban ədaləti bərqərar edir və zalım sahibkarların qorxusuna çevrilirdi. 1997-ci ildə silahlı qruplar Talibanı Məzar-ı Şərifdən çıxarmağa nail olsa da təxminən 1 il yarımdan sonra şəhər yenidən ələ keçirildi. Bundan sonra Taliban tərəfindən aralarında mülki şəxslərin də olduğu minlərlə insana qarşı qətliam törədildi. Bu qətliamlara baxmayaraq Talibanın ələ keçirdiyi hər şəhərdə döyüşçülərinin gücü və nüfuzu artmağa başladı.
Talibanın tətbiq etdiyi sərt qanunlar artmağa başlayanda isə xalqın ona olan rəğbəti də azalmağa başladı.
10 yaşından böyük qızların və bütün qadınların təhsil hüququ əllərindən alındı və onlar bədənlərinin heç bir hissəsi görünməyən formada örtünməyə, burka geyinməyə məcbur edildi. Talibanın nəzarətində olan bölgələrdə “qanuni” hesab olunmayan kişilərlə söhbət edən qadınlara şallaq, daş-qalaq kimi cəzalar verilməyə başlandı. Saqqalı kifayət qədər uzun olmayan kişilər isə həbs olunur, oğurluq edənlərin əli kəsilirdi. Bunlarla yanaşı musiqiyə qulaq asmaq, televizora baxmaq da qadağan idi.
ABŞ-da yerləşən Asiya Fodunun 2009-cu ildə apardığı araşdırmaya görə, xalqın əsasən Paştunlar və kəndli əfqanlardan ibarət olan hissəsi Talibana rəğbət bəsləyir. Həmçinin xalq həmin ərəfədə ABŞ-ın mülki şəxslərin də ölümünə səbəb olan əməliyyatlarına qarşı idi.
Eyni fondun 2019-cu ildə BMT-nin dəstəyi ilə reallaşdırdığı araşdırmada bildirilir ki, ölkədə Talibana rəğbət 13,4%-ə enib.
ABŞ-ın “gəlişi”ndən sonra Taliban; süqut və dirçələrək geri qayıdış
2001-ci ildə ABŞ-da yerləşən Dünya Ticarət Mərkəzi və Pentaqona hücumda Əl-Qaidə terror təşkilatını ittiham edən ABŞ prezidenti Corc Buş Taliban hökumətindən həmin terror qruplaşmasının liderinin təhvil verilməsini tələb etdi. Buna cavab olaraq isə Taliban bildirdi ki, əgər onların təqsiri sübuta yetirilərsə, İslam qaydalarına uyğun cəzalandırılacaqlar. Bundan sonra ABŞ Əfqanıstana ordu yeritdi.
Həmin dövrdə ölkənin 90%-nin nəzarəti Talibanda idi, amma ABŞ ordusu ölkəyə daxil olandan sonra onlar Kabili və hakimiyyəti tərk etdi və əksəriyyəti Pakistana qaçdı.
ABŞ və NATO-nun rəhbərlik etdiyi qoşunların köməyi ilə Əfqanıstanda yeni hökumət qurulsa da, yerli qəbilələr arasında döyüşlərin yenidən başlaması, hava əməliyyatları, evlərə hücumlar və s. bu kimi hallar bəzi bölgələrdə əhalinin Talibana rəğbətinin yenidən artmasına səbəb oldu.
Bir müddət sonra Taliban geri dönəcək və xarici əsgərlərə qarşı hücuma başlayacaqdı.
Talibanın beynəlxalq münasibətləri
Əfqanıstanda hakimiyyətdə olduğu dövrdə Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əməkdaşlığı olan Taliban 2013 -cü ildə Qətərin paytaxtı Dohada ofisini açdı.
NATO -nun hesablamalarına görə, Taliban Rusiya və Çinlə 2015-ci ildə münasibət qurmağa başlayıb. Talibanla Çin isə Əl-Qaidə ilə bağlı razılığa gəlib ki, bu qruplaşma Əfqanıstanın şərq sərhədində məskunlaşmasın və buradan Çinə hücum etməsin. Bunun əvəzində isə rəsmi Pekin Əfqanıstanda infrastruktur layihələrinə sərmayə qoymaq və mədənlərdə işləmək barədə razılığa gəlib.
2017-ci ildə güclənməyə başlayan Talibanla birbaşa münasibət quran Rusiya da regionda nüfuz qazanmaq şansını itirmək istəmirdi. Danışıqlardan sonra bəzi Taliban rəhbərlərinin adı sanksiya tətbiq olunan şəxslər siyahısından çıxarıldı. Həmçinin Rusiyanın vasitəçiliyi ilə Taliban Mərkəzi Asiya ölkələri ilə də əlaqə qurdu.
Dohadakı pfisi vasitəsilə Talibanın Almaniya, Fransa, Norveç kimi Avropa ölkələri, eləcə də Türkiyə ilə münasibət qurur.
ABŞ-la birlikdı Əfqanıstanı tərk edən İngiltərə hökuməti də Talibanla siyasi münasibət qura biləcəyini açıqlayıb. İyulun 14-də İngiltərənin Müdafiə naziri Ben Uolles müsahibəsində deyib:
“Əfqanıstanda hakimiyyətdə kimin olmağından asılı olmayaraq, beynəlxalq normalara cavab verəcəyi təqdirdə İngiltərə həmin hökumətlə işləyəcək”.