Qarabağda salınacaq “Zəfər yolu”nun yarısını türk şirkətləri – Cengiz və Kolin inşaat tikəcək. Cengiz Holdinq hazırda tərkibində 35 şirkət olan holdinqdir. Jurnalist araşdırmalarında şirkətin rəhbəri Mehmet Cengizin adı həm də ofşor şirkətlərin sahibi kimi hallanır. Mehmet Cengiz kimdir? Sahibi olduğu holdinqin uğurları niyə AKP və Ərdoğanla əlaqələndirilir? Şirkət Azərbaycana nə vaxt gəlib və hələ neçə il fəaliyyət göstərəcək?
Ərdoğanla paralel yüksələn şirkət
Cengiz Holdinq 1987-ci ildə qurulub və şirkət ilk vaxtlar təkcə inşaat sektorunda fəaliyyət göstərib. Hazırda Cengiz Holdinqə 35 şirkət daxildir və onlar turizm, inşaat, mədən və digər sahələrdə fəaliyyət göstərir. Holdinqin rəsmi saytında qeyd olunan məlumata görə, onun illik gəliri 5 milyard dollardan çoxdur.
Holdinqin hazırda Türkiyə ilə yanaşı, Azərbaycan, Xorvatiya, Bosniya və Hersoqovinya və Sloveniyada davam edən layihələri var. Həmin 35 şirkət indiyə qədər avtomobil yolu, tunel, körpü, metro, liman, hava limanı, mədən və sənaye obyektlərinin tikintisini həyata keçirib.
Türkiyə mediası yazır ki, şirkət 1987-ci ildə yaradılsa da sektorda əsas uğurunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidara gəldiyi illərdən etibarən qazanmağa başlayıb. Cengiz Holdinq Türkiyədə dövlətin icra etdiyi layihələrin tenderində ən çox qalib olan şirkətlərdən biridir və hətta onun sahibi Mehmet Cengizin “tender kralı” ləqəbi var. AKP hakimiyyəti dövründə bu holdinq ümumi həcmi milyardlarla dollar olan layihələrdə qalib gəlib və paralel olaraq da dövlətə vergi ödəməməklə məşhurlaşıb, amma buna görə nəinki cərimələnib, əksinə vergi borcu silinib.
Şirkətin rəhbəri Mehmet Cengizin Ərdoğanla bağlılığı Türkiyənin Rize şəhərindən başlayır. Onlar həmyerlidir.
Layihə icraçılarından birinin Cengiz Holdinq olduğu İstanbul hava limanında həm prezidentin yaxınlarının, həm də şirkətin sahibi Mehmet Cengizin qızının biznesi var.
Mehmet Cengizin qızı Zeynep Cengiz “MVNCH” adlı yemək restoranı, Ərdoğanın vəkili Abdullah Demirhanın qızı Melike Sultan Demirhan aptek, prezidentin oğlu Bilal Ərdoğanın şərikləri Ali Bahadır Yeşil və Mustafa Esenkal isə “Akıncı” adlı restoran açıb. Bu mağazaların hər üçünün aid olduğu şirkətlər 2018-ci ildə qurulub.
Mehmet Cengiz həm də “Rəcəb Tayyib Ərdoğan İnkişaf Dərnəyi” Təsisçilər Şurasının üzvüdür.
Holdinqin Türkiyənin Rize şəhərində tikdiyi “Ricosta” otelinin də 2020-ci ilin yayında baş tutan açılışında prezident Rəcəb Tayyib Ərdoğan iştirak edib.
160 milyon türk lirəsi (təxminən 31 milyon 520 min manat) xərclənən otelin xərcinin 49 milyon 630 min lirəlik (təxminən 9 milyon 777 min manat) hissəsi dövlət hesabına ödənib.
Cengiz Holdinq üçün vergi cənnəti – Türkiyə
Türkiyədə bir neçə böyük holdinq var ki, onlar dövlət əhəmiyyətli və çox böyük layihələrdə tender qalibi olub. Onların cərgəsində olan Cengiz Holdinq də qalib olduğu layihələrin hamısını tək icra etməyib, bu layihələrin bir qismi digər şirkətlərlə ortaq icra olunub.
Həmin layihələrin bir qismi:
- İstanbul Hava Limanı
- Şimali Marmara avtomobil yolu
- Ordu-Giresun hava limanı
- Rize-Artvin Hava limanı
Cengiz Holdinqin dəfələrlə vergi borcu ya silinib, ya da borc endirimi olub. Məbləğ olaraq ən böyük vergi silinməsi 2016-cı ildə baş tutub. Bu zaman şirkətin 2005-2009-cu illərə aid 400 milyon lirədən (təxminən 78 milyon 800 min manat) çox vergi borcu silinib. Bunu həmin dönəmdə Maliyyə naziri olan Naci Ağbal da təsdiqləyib.
Təbii ki, vergi borcu silinən tək şirkət Cengiz Holdinq deyil. Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, son 10 il ərzində ölkədəki 5 şirkətin ümumilikdə 128 dəfə vergi borcu silinib.
Siyahı:
- Cengiz İnşaat – 30
- Kolin İnşaat – 36
- Makyol İnşaat – 24
- Kalyon İnşaat – 19
- Limak İnşaat – 19
Həm jurnalistləri, həm işçiləri, həm də təbiəti təhlükə altında qoyan holdinq
2016-cı ildə Panama sənədləri yayılanda müxtəlif ölkələrdən olan bir çox siyasətçi, iş adamı, ölkə rəhəri ilə yanaşı Cengiz Holdinqə də aid sənədlər tapılıb. Bu barədə elə həmin il Türkiyənin “Cümhuriyyət” qəzeti “Panamaçı türklər” adlı araşdırma yayımlayıb və türkiyəli iş adamlarının Panamadakı ofşor şirkətləri barədə məlumat verib. Siyahıda adı olan Mehmet Cengiz bu araşdırma dərc olunandan sonra redaksiyaya zəng edib və jurnalistləri təhdid edib.
O, haqqında çıxan araşdırma yazısına “Adamı qatil etməyin” deyərək etiraz edib.
Yeri gəlmişkən, həmin sənədlərdə Azərbaycan prezidenti İlham Əliyev və onun ailə üzvlərinin də adı hallanırdı.
Holdinqə daxil olan və xüsusən də tikinti sahəsindəki şirkətlərdə çalışan işçilərin vəziyyəti də Cengiz Holdinqi tənqid hədəfinə çevirir. Kifayət qədər təhlükəsizlik tədbiri görülmədiyinə görə indiyə qədər iş yerindəki qəzalarda 10-larla işçi həyatını itirib. Pandemiya ilə əlaqədar olaraq işdən qovulmalar qanunla qadağan olunduğu halda həmin ərəfədə 100-dən çox insan işdən çıxarılıb.
İş şəraitindən narazı olan və buna etiraz olaraq ayrı-ayrı vaxtlarda işçilər tətil etsə də onlar tələblərinə nail ola bilməyib və əksinə işdən qovulub.
Cengiz Holdinqdən əziyyət çəkən təkcə işçilər deyil, təbiətə də kifayət qədər ziyan dəyib.
Hazırda holdinqin Rizenin İkizdere kəndində daş karxanası tikmək istəyinə etirazlar var. Oxşar vəziyyət 4 il əvvəl Rizenin başqa kəndi, Haçapitdə də yaranıb. Bu zaman da etirazlar olsa da daş karxanası tikilib.
Amma bu, Mehmet Cengizin Türkiyədə ətraf mühitə ziyan vurduğu yeganə layihə deyil.
- Çanaqqala şəhərindəki Karabiga Su Elektrik Stansiyası
- SES zeytun bağlarına, yaşayış binalarına və arxeoloji əhəmiyyətli əraziyə yaxın olduğundan təhlükəli hesab olunur.
- Artvin şəhərində Çoruh çayı üzərindəki Yusufeli Barajı
- Batman vilayətinin Hasankeyif şəhərindəki İlisu Barajı
- Hər iki su anbarına görə yaxınlıqdakı qəsəbə su altında qalıb. Bundan başqa arxeoloji əhəmiyyəti olan Hasankeyif yox olmaq təhlükəsi ilə üzləşib.
- 13 milyon ağacın məhvi hesabına başa gələn İstanbul Hava Limanı
Şimal Meşələri Müdaifəsinin (KOS) yaydığı hesabata görə, bu hava limanının tikintisinə görə 2012-2019-cu illər ərzində ümumilikdə 13 milyon ağac kəsilib. Halbuki, tikinti başlamadan əvvəl hazırlanan Ətraf mühitə Təsiri Qiymətləndirmə (ÇED) hesabatında cəmi 2,5 milyon ağac kəsiləcəyi qeyd olunmuşdu.
Bu tikinti üçün ümumilikdə 6500 hektar meşə ərazisi məhv edilib.
Cengiz Holdinq qardaş ölkədə
Cengiz Holdinqin Azərbaycana gəlişi prezident İlham Əliyevin hakimiyyətə gəldiyi dövrə təsadüf edir. Azərbaycan həm də Cengiz Holdinqin Türkiyədən xaricdə layihə icra etdiyi ilk ölkədir. Şirkətin rəsmi saytında olan məlumata görə, Azərbaycandakı fəaliyyətə 2003-cü ildə Naxçıvanda Vayxır Su Anbarının tikintisi ilə başlayıb. Layihə 2005-ci ildə tamamlanıb.
İndiki adı Heydər Əliyev Su Anbarı olan anbarın layihəsi 1981-ci ildə hazırlansa da tikintisi ləngiyib və 2002-ci ildə Heydər Əliyevin Naxçıvana səfərindən sonra işlər sürətləndirilib.
Taxtakörpü-Ceyranbatan
Cengiz Holdingin Azərbaycanda bir neçə şirkətlə konsorsiyumla icra etdiyi və sayca ikinci layihə Taxtakörpü-Ceyranbatan su kanalı olub. Bu layihəyə eyni zamanda Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyasının tikintisi daxildir. 2007-ci ildə prezidentin iştirakı ilə tikintisinin əsası qoyulan layihə 2013-cü ildə bitib. Həmin ilin sentyabrında İlham Əliyev açılışda iştirak edib.
Bu kanal, su anbarı və elektrik stansiyası “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində icra edilib və məqsəd Bakı-Sumqayıt üçün etibarlı su mənbəyi yaratmaq olub. Dövlət Neft fondunun rəsmi saytında qeyd olunan məlumata görə, təkcə 2006-2018-ci illərdə fonddan bu layihə üçün ümumilikdə 1 milyard 469 milyon manat vəsait istifadə olunub.
Tikintinin birinci mərhələsinin tərkib hissəsi olaraq Taxtakörpü su anbarı və su elektrik stansiyası üçün çəkilən ümumi xərc 564,7 milyon AZN, Taxtakörpü-Ceyranbatan kanalının tikintisi üçün isə 406,2 milyon AZN olub.
Layihənin açılışının baş tutduğu 2013-cü ilin aprelində Baş nazirin o zamankı müavini Abid Şərifov bu layihə üçün “AzərSu”ya ayrılan vəsaitin miqdarının 1,4 milyard dollar olduğunu deyib.
Şəmkirçay su anbarının açılış nitqində prezident İlham Əliyev də Taxtakörpü-Ceyranbatan layihəsinin dəyərinin 1 milyard manat olduğunu təsdiqləyib.
Yeri gəlmişkən, həmin ərazidə yaşayanların köçürülməsi, kompensasiyaların ödənməsi üçün milyonlarla manat vəsait ayrılsa da yerli əhali onlara ödənən məbləğdən narazı qalıb. Onlar mətbuata şikayətlərində deyib ki, cəmi 4-5 min manat pul verilib ki, bu məbləğ də ev tikmək üçün lazımi xərcləri qarşılamır. Bundan başqa tikintiyə çox yaxın ərazidə yaşayan sakinlərin evini hər yağış yağanda su basıb.
Şəmkirçay su anbarı. Tikintisinə 700 milyon AZN, yoxsa 948 milyon dollar xərcləndiyi bəlli olmayan layihə
Şəmkirçay Su Anbarının tikintisi ilə bağlı qərar ilk dəfə 2008-ci il avqustun 25-də verilib. Həmin tarixdə prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilməsi haqqında sərəncam imzalayıb və bu sərəncamda reallaşdırılması nəzərdə tutulan layihələrdən biri də bu su anbarının tikintisidir.
Şəmkirçay Su Anbarının tikintisi 2009-cu ildə başlayıb və 2014-cü il noyabrın 14-də həm Şəmkirçay Su Anbarı, həm də Şəmkirçay Su Elektrik Stansiyasının (SES) açılış mərasimi ilə başa çatıb. Anbarın və SES-in təməlqoyma və açılış mərasimlərinin hər ikisində prezidentlə yanaşı hökumət rəsmiləri və Cengiz Holdinqin rəhbəri Mehmet Cengiz iştirak edib.
Bu layihələrin hər biri üçün ayrılıqda nə qədər vəsait ayrıldığı barədə dəqiq məlumat yoxdur.
Prezident İlham Əliyev 2012-ci ilin mayında tikintisi davam edən Şəmkirçay Su Anbarı barədə danışarkən deyib ki, işlərin 3-4 ilə bitməsi planlaşdırılır və ilkin məlumata görə, layihəyə qoyulacaq vəsaitin həcmi 400 milyon manatdır.
2014-cü ilin noyabrında açılış mərasimindəki çıxışında isə prezident deyib ki, Şəmkirçay Su Anbarı, Su Elektrik Stansiyası, Su kanalları vahid bir kompleksdir və bu kompleksə 700 milyon manatdan çox dövlət vəsaiti qoyulub.
İ.Əliyev onu da deyib ki, Şəmkirçay Su Anbarı layihəsi Taxtakörpü Su Anbarından sonra qeyri-neft sektorunda həcminə görə ən böyük layihədir.
Cengiz Holdinqin rəsmi saytında qeyd olunan məlumatda isə yazılıb ki, Şəmkirçay Su Anbarı və Şəmkirçay Su Elektrik Stansiyasının tikintisinə şirkət 948 milyon dollar vəsait xərcləyib.
Şəmkirçay su anbarı və Şəmkirçay Su Elektrik Stansiyasının tikintisinə milyonlarla manat və ya dollar ayrılsa da tikintinin getdiyi ərazidə yaşayan və həmin yerdən köçürülən insanlar kompensasiyalarını qanuna uyğun miqdarda ala bilmədiklərindən şikayətlənir. Şəmkir rayonunda yaşayan Seymur Cəlilov Azadlıq Radiosuna müsahibəsində deyir ki, Şəmkir rayonunda o, 4 qardaşı və atasının icarə müqaviləsi ilə götürdükləri torpaq sahəsindəki təsərrüfatdan paylarına düşən kompensasiyanı ala bilməyiblər.
Şikayətçinin sözlərinə görə, qanunun tələblərinə tam riayət olunsaydı onların hər birinə 2 milyon AZN təzminat verilməli idi, amma verilməyib.
Bu tikintiyə görə də yüzlərlə ağac kəsilib və həmin ağaclara görə onları yetişdirən şəxslərə dəyərindən xeyli az ödəniş edilib.
OCCRP-nin araşdırmasında Şəmkirçay Su Anbarı
Şəmkirçay su anbarı, eləcə də bu qəbildən olan digər layihələr üçün maliyyə vəsaiti həm də Meliorasiya və Su Təsərrüfatı İdarəsinə ayrılır. Şəmkirçay Su anbarının tikintisinin davam etdiyi illərdə isə həmin idarənin rəhbəri Əhməd Əhmədzadə idi.
OCCRP-nin araşdırmasına görə, Əhməd Əhmədzadənin Londonda yaşayan oğlu Cümə Əhmədzadə də bu vəsaitdən “payı”nı alıb. Araşdırmada deyilir ki, Azərbaycan dövləti Cengiz Holdinqlə böyük müqavilə imzaladıqdan bir müddət sonra, 2008-ci ildə Mehmet Cengizin Böyük Britaniyada nəzarət etdiyi şirkət “Vremax Properties Limited” (Vremax Mülkləri QSC) adlı ofşor şirkətə 3.07 milyon dollarlıq konsultasiya ödənişi edilib. Amma bu şirkət yeni yaradılan və konsultasiya sahəsində tanınmayan şirkətdir.
Jurnalist araşdırması müəyyən edib ki, bu ödənişdən bir müddət sonra “Vremax” şirkəti Londonun mərkəzində 2,3 milyon dollarlıq dəbdəbəli mənzil alıb. Şirkət əvvəldən də bu mənzildə yaşayan Cümə Əhmədzadəyə orada yaşamağa davam etmək üçün icazə verib. İki il sonra isə gizli ofşor şirkəti qonşuluqdakı daha iki mənzili almaq üçün 3,4 milyon dollar vəsait xərcləyib. Cümə Əhmədzadə hər üç mənzili birləşdirərək onu 273 kvadrat metrlik evə çevirib.
2051-ci il. Cengiz Holdinq hələ də Azərbaycanda
Ermənistanla Azərbaycan arasında 44 gün davam edən İkinci Qarabağ Müharibəsindən sonra Qarabağda yenidənqurma işləri başlayıb və hazırda inşaası davam edən Əhmədbəyli-Füzuli-Şuşa yolu və ya “Zəfər yolu” da bunun tərkib hissəsidir. Prezidentin 2020-ci il noyabrın 17-də imzaladığı sərəncamla ümumi uzunluğu 101,5 km olan bu yolun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 50 milyon manat vəsait ayrılıb.
Layihəyə əsasən yolda tunellər və körpülər dəolacaq ki, tunellərdən hər birinin uzunluğu 530 metr, eni isə 12 metr nəzərdə tutulub. Bu yolun və onun üzərində inşa olunacaq körpü və tunellərin inşasının bir hissəsini Türkiyə şirkətləri, bir hissəsini isə Azərbaycan şirkətləri həyata keçirəcək. Bu layihənin tikintisində iştirak edəcək Türkiyə şirkətlərindən biri Cengiz Holdinqdir.
Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də həmin yol üzərində inşa ediləcək və Daşaltı kəndi ərazisindən keçəcək tunelin təməlqoyma mərasimində də iştirak edib.
Cengiz Holdinqin Azərbaycanda fəaliyyəti “Zəfər yolu”ilə bitməyəcək və hələ uzun illər şirkət Azərbaycanda olacaq. Çünki prezidentin 2021-ci il mayın 29-da imzaladığı sərəncama əsasən Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqları bu holdinqin tərkibinə daxil olan şirkətlərə icarəyə verilib.
Sənəddə deyilir ki, Azərbaycanın normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilsin.
Bu qızıl yataqları işğaldan yeni azad olunan Kəlbəcər rayonunda yerləşir. Cengiz Holdinqin rəsmi saytında qeyd olunan məlumata görə, “Eti Bakır A.Ş” 2004-cü ildə holdinqin tərkibinə daxil edilən şirkətdir.
Artvin Maden A.Ş isə Zirve Holdinqin şərikliyindədir və Zirve Holdinq də Türkiyədə fəaliyyət göstərən böyük holdinqlərdən daha biri – Kalyon Holdinqə məxsusdur. Yəni Azərbaycanda layihə icra edən yeganə şirkət Cengiz Holdinq deyil. Onunla hyanaşı digər bir neçə türk şirkəti var ki, təkcə tikinti sektoru yox, hətta minatəmizlənmə sahəsində də Azərbaycanda fəaliyyət göstərəcək.