Azərbaycanda bir neçə aydır ki, LGBTQI+lara həm hücumlar, həm də nifrət nitqi artıb. Təkcə iyun ayında 10-a yaxın hücum olub və bu hücumlar zamanı həm fiziki təzyiq göstərilib, həm də onların bir qismi yaşadıqları evdən qovulub.
Bununla yanaşı bloger kimi tanınan Sevinc Hüseynova izləyicilərini bir neçə dəfə LGBTQI+lara, xüsusilə də transgender vətəndaşlara qarşı hücuma səsləyib. Bu çağırışlar ərəfəsində ölkədə daha bir transgenderə hücum olub və o, qətlə yetilirib. Öldürülən transgenderin hadisədən əvvəl sosial şəbəkələrdə videosu yayılıb və onun toy elədiyi barədə yalan məlumat tirajlanıb.
Bloger Sevinc Hüseynova son olaraq sentyabrın 1-də sosial şəbəkədəki canlı yayımında LGBTQI+lar əleyhinə nifrət nitqi ilə çıxış edib və hədə-qorxu gəlib. Bloger deyib ki, qarşılarına çıxacaqları təqdirdə o, onları məhv etmək üçün əlindən gələni edəcək.
Mən burdan bütün oğlanlarımıza, kişilərimizə, qardaşlarıma fərqi yoxdur elə qızlarımıza mənim kimi ataman qızlara, harada görsəniz, bunları it balası kimi çırpın.
Onunla canlı yayıma qoşulan LGBTQI+ fəalı Lili Nazarov Mikroskop Mediaya açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarının açıq nifrət çağırışına reaksiya verməməsi qanun pozuntusudur. L.Nazarov onu da deyir ki, blogerlə canlı yayımda S.Hüseynova özü qanunları əsas götürmədiyini vurğulayıb.
Sevinc Hüseynova bu yaxınlarda yandırılaraq öldürülən transgender cinayətinə görə məsuliyyət daşıyır, çünki nifrət çağırışı və nəticələri göz önündədir. O, 22 iyulda həmin transgenderin gəlinlikdə olan videosunu paylaşıb videodakı şəxsləri birbaşa hədəf göstərmişdi. “Azərbaycanda trans toy” adı ilə çıxış etmişdi. Halbuki bu, toy deyildi. Onu izləyən kütlə var və bu nifrət çağırışından sonra transgender yandırılaraq öldürülüb.
L.Nazarov hesab edir ki, blogerin fəaliyyəti dövlətin siyasəti ilə üst-üstə düşür:
Çünki dövlət özü 2007 və 2017-ci ildə LGBTİQ+lara qarşı “ova” başlayıb. LGBTQI+ şəxslərə işgəncələr verilib. Biz sona kimi blogerin cəzalandırılması üçün əlimizdən gələni edəcəyik.
Hansı hüquqi addımlar atılıb: Nifrət nitqi ilə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinin qaynar xətti, “102” – yə zəng edilib və şikayət ərizəsi yazılıb. Həmçinin lazımi hüquqi addımların atılması üçün hüquq müdafiəçiləri və vəkillərə müraciət edilib.
Qətlə yetirilən transgender kimdir: Transgender Nuray avqustun 18-də qətlə yetirilib. Onun yandırılmış cəsədi avqustun 22-də Qaradağ rayonu, Puta qəsəbəsində aşkarlanıb. Məlum olub ki, o, daha əvvəl gəlinlik paltarında videosu yayılan trans fərddir.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində Mirşahid Mehdiyev adlı şəxs saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisəyə reaksiyalar necə olub: Hadisəyə etiraz olaraq bir neçə nəfər LGBTQI+ avqustun 24-də Qaradağ rayon Polis İdarəsi və Ombudsman Aparatının qarşısında aksiya keçirib. Onlar cinayətə görə bloger Sevinc Hüseynovanın məsuliyyət daşıdığını deyib.
Nə baş verib: ILGA Europe təşkilatının hesabatlarına əsasən, Azərbaycan 2021-ci il də daxil olmaqla, LGBTQI+ hüquqları üzrə son bir neçə ildir ki, 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşır.