Avropa İnsan Haqları Məhkəməsi bu gün, sentyabrın 9-da Azərbaycandan göndərilmiş 2 şikayət üzrə qərarlarını elan edib. Həmin qərarlara görə, hökumət ərizəçilərə 3500 avro təzminat ödəyəcək.
Xavər Əlibəyova Azərbaycana qarşı
Avropa İnsan Haqları Məhkəməsinə 9 il əvvəl, 2012-ci ildə göndərilmiş bu işdə ərizəçi iddia edirdi ki, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququna müdaxilə baş verib. O, məhkəmə qarşısında həmçinin, Konvensiyanın 34-cü maddəsinə əməl edilib-edilmədiyi mübahisələndirib. Məhkəmənin qərarına görə, hökumət bu işin xərc və məsrəflərinə görə, 500 avro təzminat ödəməlidir.
- Şikayət: 1940-cı il təvəllüdlü Xavər Əlibəyova 2009-cu ildə yolda yıxılıb, ayağından ağır sınıq xəsarətləri alıb, bir müddət xəstəxanada və evdə müalicə olunub. Ərizəçi xəsarət almasında səbəbkar saydığı Bakı Şəhər İcra Hakimiyyətini və Nəqliyyat Nazirliyinin yol xidmətini məhkəməyə verib. Səbail Rayon Məhkəməsi iddianı təmin edib, cavabdehlərin üzərinə 50 min manat təzminat öhdəliyi qoyub. Qərar qüvvəyə minib, icraya göndəriləndən sonra BŞİH apellyasiya şikayəti verib. Şikayət müddəti bitsə, müddətin bərpası üçün hər hansı əsas mövcud olmasa da ərizəçinin xeyrinə verilmiş qərar ləğv edilib. Bu işdə ərizəçinin təmsilçisi İntiqam Əliyev 2014-cü ildə həbs edilərkən, işin materialları hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən götürülüb, geri verilməyib.
AİHM ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququna müdaxilə iddialarını ərizəçinin daxili müdafiə vasitələrini tükəndirməməsi əsası ilə qəbuledilməz sayıb. Konvensiyanın 34-cü maddəsinin pozuntusu ilə bağlı iddialara gəlincə, AİHM dövlətin bu maddə çərçivəsindəki öhdəliklərini yerinə yetirməməsi qənaətinə gəlib.
Əlisa Həsənov Azərbaycana qarşı
Avropa İnsan Haqları Məhkəməsinə 2012-ci ildə göndərilmiş bu şikayət ərizəçinin saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlı idi. Avropa Məhkəməsi şikayətçinin azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verdiyini təsdiqləyərək dövlətin Əlisa Həsənova 3000 avro təzminat ödəməsi qərarını elan edib.
- Şikayət: Ərizəçi Saatlı rayonunda qanunsuz olduğu bildirilən piketdə polislər tərəfindən tutulub və 7-8 saat polisdə saxlanılıb. Daha sonra rayon məhkəməsi onu qanunsuz aksiyada iştiraka və polisin əmrinə tabe olmamağa görə inzibati tənbehlə cəzalandırıı. Ərizəçi hesab edirdi ki, 3 saatdan artıq polisdə saxlanılması ilə onun Konvensiyanın 5-ci maddəsi ilə təminat altına alınan azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib. Ərizənin araşdırlması zamanı AİHM hökumətdən işə aid bütün sənədlərin surətlərini istəsə də hökumət bu istəyə əməl etməyib.
AİHM hesab edib ki,tərəflər ərizəçinin tutulması, polisə aparılması faktı ilə bağlı mübahisə etməyiblər. Ancaq ərizəçinin polisdə nə qədər saxlanılması ilə bağlı təqdimatlar fərqli olub. Ərizəçi 7-8 saat saxlanıldığını bildirib, hökumət isə inkar edib, lakin məhkəməyə bunu təsdiq edən hər hansı rəsmi sənəd təqdim etməyib. Məhkəmə ərizəçiyə münasibətdə Konvensiyanın 5.1-ci maddəsinin pozulduğu qənaətinə gəlib.