Mənbə: OC Media
Mətnin və fotoların müəllifi: Tamuna Chkareuli
Gürcüstanda insanlar metal yığanları, yəni jartiləri ancaq bir halda çağırırlar, Sovet dövründən qalma soyuducular, sobalar və içində qiymətli metallar olan digər köhnə əşyalardan xilas olmaq istəyəndə. Halbuki çətin vəziyyətdə olan sənayeyə daha yaxından nəzər salanda gömək olur ki, Gürcüstanın vəziyyəti qalay, mis və latun yığınlarında necə öz əksini tapır.
Tiflisdəki “Samqori” metro stansiyasından bir qədər aralıda yerləşən köhnə keramika fabrikası indi xırdavat metalların toplanması, sökülməsi və emalı üçün istifadə olunur. Metal yığanlar iki əsas kateqoriyaya ayrılır -“qara metal” yığanlar daha aşağı dəyəri olan dəmir, qalay və polad toplayır, “əlvan metal” yığanlar isə mis, latun, alüminium və digər ferromaqnit olmayan metalları yığır.
Birinci kateqoriyadan olanlar adətən topladıqları xırdavatı Rustavidəki metallurgiya zavoduna satmaq üçün onlarla razılığa gəlirlər, “əlvan metal” toplayanlar isə Gürcüstanda nadir hallarda müştəri tapırlar.
Ölkədə əlvan metallarla işləmək üçün heç bir imkan yoxdur. Bütün müştərilər xaricilərdir.
Bu sektorda təxminən 20 ildir fəaliyyət göstərən Yura Beridze belə deyir.
O və qardaşı əhalidən metal toplayır, tərəzidə çəkir, çəkiyə görə ödəniş edir və daha sonra parçalayaraq yenidən emal üçün daha böyük bazalara aparır.
Bizim çox ləyaqətli bir peşəmiz var. Satmağa başqa heç bir şeyi olmayan kasıblara kömək edirik. Öz qazancımız hər kiloqram material üçün 0,20-0,30 laridir [Red: təxminən 0,16–0,17 AZN].
deyə Beridze digər bir müştərisini yola salarkən qeyd edir.
Beridze həftədə iki dəfə Forex birjasında qiymətləri yoxlayır. İndi misin hər kiloqramı 12 lari (6,57 AZN), latun üçün 8,5 lari (4,65 AZN) və ən çox yayılmış metal növü olan alüminiumun hər kiloqramı isə cəmi 2,5 laridir (1,37 AZN).
Biz adətən çox məşğul oluruq. İnsanlar qırıq əşyalarını yeni il üçün saxlayırlar, çünki düşünürlər ki, bunu indi satsalar bayramı hansı pulla qeyd edəcəklər?
deyə dəmir satıcısı Mamuka Nebulişvili əlavə edir.
O deyir ki, Sovetdən qalma əşyalar satılıb qurtardığından indi ümumiyyətlə müştəri azalıb.
Əlvan metal satıcılarından fərqli olaraq, dəmir yığanların daimi müştərisi var – Rustavi Metallurgiya Zavodu.
Biz inhisarçılardan asılıyıq, buna görə də dəyişmək üçün çox yer yoxdur. Ümid edirəm ki, indi Türkiyədə başqa bir fabrik açılacaq
Mamuka qeyd edir.
Mamuka yığdığı qarışıq metalın hər tonu üçün təxminən 55 lari (30 AZN) qazanır. Metal yığanlardan təmizlənmiş metallar satın alan bazalardan birinin müdiri Amiran Memarne deyir:
Nə qədər ailənin çörəyini burdan qazandığını təsəvvür edə bilməzsiniz. Amma bu çətin işdir. Müştərilərimiz metalları ucuz alırlar məsələn, Çin və Hindistan belə edir və biz aksiz vergilərindən çox itiririk. Qiymətlər London Birjası tərəfindən tənzimlənsə də, heç qazanc əldə etmədiyimiz və hətta bir neçə dəfə pul itirdiyimiz olub.
Amiranın fikrincə səbəblərdən biri qara bazardı. Burda heç yerdə izlənilməyən bir çox mağaza var.
Ümumiyyətlə, Gürcüstanda təkrar emal zavodumuz olsaydı, hər kəs üçün daha yaxşı olardı. Metal ölkədən xaricə sızdırılır.
Eyni ərazidə, ikinci əl tikinti materiallarının satışı ilə məşğul olan ayrı bir müəssisə var. Komanda əvvəlcə söküntü sahələrinə gedir və oradan divarın parçaları, pəncərə və metal parçalarını gətirir. Tikinti materialları bir-birindən ayrılır və bina tikərkən qənaət etmək istəyən müştərilərə satılır.
Komandanın rəhbəri Avtandil Tavadzenin dediyinə görə, ikinci əl olsa da sovet materialları daha keyfiyyətlidir.
Bunlar Gürcüstanda istehsal edilməyib. Artıq bu ərintiləri indi tapmaq olmur.
Materialların çoxu Qardabanidən olan azərbaycanlı müştərilərə satılır.