Əşyasız köhnə evdə yaşayan Anar Manafov və ailə üzvləri həm imkansızlıqdan, həm də xəstəlikdən əziyyət çəkir. Üç övladları olan Anar Manafov və həyat yoldaşı Humay Manafova Xəzər rayonu, Atçılıq-Badam bağlarında kirayə mənzildə yaşayır.
Mikroskop-a şikayətini danışan 33 yaşlı A.Manafov fəhlə kimi çalışır. O deyir ki, həyat yoldaşı ağır xəstədir və müalicəsinin hər seansı 250-300 AZN-ə başa gəlir.
Yoldaşımın başında su yığılması var, o, epillepsiya xəstəsidir. Elə olur ki, gündə 2 dəfə ürəyi gedir. Onu müalicə etdirməyə imkanım yoxdur. Kirayə pulunu belə ödəyə bilmirəm. Günü 5-10 manata fəhlə işləyirəm . Bu gəlirlə mən nə edim? Nə iynə-dərman, nə ərzaq almağa pulum çatır.
Şikayətçi deyir ki, onun övladlarının da səhhətində problem var və onun da müalicəsinə 600-700 AZN pul tələb olunur:
“Böyük övladımın sinəsinin bir tərəfi yuxarı, bir tərəfi aşağıdır, gözündə çəplik var. Onun müalicəsinə də 600-700 manat lazımdır. Müalicəsi bir yana, imkansızlıqdan uşaqlarımı heç məktəbə göndərə bilmirəm.

A.Manafov deyir ki, həyat yoldaşı axırıncı dəfə 2019-cu ildə MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası) müayinəsindən keçib. Ondan sonrakı müddət ərzində yenidən müayinə üçün imkan olmayıb. Bu müayinə 80-100 manata başa gəlir, onunsa bu məbləği ödəməyə pulu yoxdur.
Şikayətçinin sözlərinə görə, o, dəfələrlə prezident İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və başqa bir neçə aiddiyyatı quruma müraciət etsə də ona kömək edilməyib:
Hər yerə müraicət etmişəm. Mənə dövlət qurumlarından cavab gəlmədi. Məcburiyyətdən xalqıma müraciət edirəm. Mənə kömək edin.
Ailəyə yardım etmək istəyənlər 050 787 44 73 nömrəsi ilə əlaqə saxlaya bilər.