24 sentyabrda Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi Polad Həsənovun sədrliyi ilə keçirilən prosesdə Ə.Əhmədovun aldığı rüşvətin məbləği məlum olub və ona hökm oxunub.
Alınan rüşvətin məbləği nə qədərdir: Məhkəmə istintaqında qeyd edilib ki, təqsirləndirilən şəxs vətəndaşlardan rüşvət şəklində 9 073 550 manat məbləğində pul alıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi (DİN) də iş üzrə zərərçəkmiş qismində tanınır. Keçmiş nazir DİN-ə 5 129 105 manat dəyərində maddi ziyan vurub.
Hökmə əsasən nə təmin edilib:
- 5 129 105 manat dəyərində dəymiş maddi ziyan təqsirləndirilən şəxsdən alınaraq Naxçıvan Daxili İşlər Nazirliyi nə qaytarılıb
- Ə.Əhmədovun vətəndaşlardan rüşvət şəklində aldığı 9 073 550 manat məbləğində pul müsadirə edilərək dövlət nəfinə alınması təmin edilib.
Neçə il həbs cəzası verilib: Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb.
Hansı orden və rütbələrdən məhrum edilib:
- “Daxili xidmət generalmayoru” ali-xüsusi rütbəsindən,
- “Polis general-leytenantı” ali-xüsusi rütbəsindən,
- “General-leytenant” ali hərbi rütbəsindən
- “Azərbaycan Bayrağı” ordenindən mərhum edilməsi üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.
Hökmdən narazı qalan məhkum Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.