Ötən ilin bu günü – 27 sentyabrda Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi başladı. Noyabrın 10-a qədər davam edən müharibədə, rəsmi məlumata görə, 2 min 907 hərbi qulluqçu və 93 mülki şəxs həlak olub, 7 nəfər itkin düşüb, 454 mülki vətəndaş isə yaralanıb.
Müharibə zamanı Gəncə, ərazisində Su Elektrik Stansiyasının mövcud olduğu Mingəçevir şəhərləri, Goranboy, Beyləqan, Bərdə, Tərtər, Ağcabədi, Qəbələ, Abşeron, Xızı rayonları raket atəşinə tutulub.
Gəncə və Bərdə şəhərlərində raket zərbələrindən 55 nəfər həyatını itirib.
Müharibədən 1 il keçsə də problemləri hələ də həll olmayan qazilər vəziyyətləri barədə Mikroskop Media-ya danışıb. Qazilər sosial problemlər və müalicənin olmamağından əziyyət çəkir.
44 yaşlı Yusif Dəmirov deyir ki, 20 il orduda xidmət edib və müharibədən 5 il əvvəl təxris olunub. İkinci Qarabağ Müharibəsi başlayanda isə yenidən könüllü kimi orduya yazılıb.
Döyüşlər zamanı aldığı xəsarətlərdən sonra əmək qabiliyyətini tam itirən Y.Dəmirov ona əllillik dərəcəsinin təyin olunmasında da problem yaşadığını bildirir:
Füzuli, Cəbrayıl istiqamətlərində döyüşlərdə oldum. 2020-ci il oktyabr ayının 16-da Cəbrayıl istiqamətində düşmənin açdığı atəş nəticəsində ağır yaralandım. Əlimin 3 barmağını itirdim. Bədənimdə olan çox sayda qəlpənin bir qismini çıxarsalar da, hazırda 13 qəlpə hələ də qalır. Yaralanan zaman bağırsaqlarımdan 1.2 m uzunluğundakı hissə əməliyyatla kəsilib götürülüb. Bir neçə dəfə bu haqda müvafiq orqanlar qiymətləndirmə aparsalar da mənə əllik dərəcəsinin təyin olunmasında problemlər yaşayıram. Bir ay öncə bu barədə sosial şəbəkələrdə çağırış etdikdən sonra məni yenidən tibbi müayinəyə dəvət ediblər. Hazırda tibbi müayinələrdən keçirəm, düzü, bilmirəm ki, son qərarları necə olacaq.
Y.Dəmirov deyir ki, o, 25 ildir kirayədə yaşayır və ev tikməyə çalışsa da maddi sıxıntıya görə işlər yarımçıq qalıb:
Ailə qayğıları, sosial problemlərdən əziyyət çəkirəm. Heç bir yerdə işləmədiyimdən, işləmək imkanım olmadığından, xəsarətlərim olduğu halda əlillik dərəcəsi ala bilmədiyim sosial problemlərimi qarşılaya bilmirəm.
Y. Dəmirov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi və YAŞAT Fonduna müraciət etsə də ona etinasız yanaşıldığını və yardım edilmədiyini deyir. Onun sözlərinə görə, YAŞAT fondu sadəcə qazinin kredit borcunu ödəyib, başqa heç bir yardım ala bilməyib.
31 yaşlı İlqar Məmişov da Qarabağ qazisidi və o da xərçəng xəstəliyindən əziyyət çəkir. Könüllü olaraq orduya yazılan İ.Məmişov Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etdiyini deyir. Elə müharibə vaxtı onda onkoloji xəstəlik olduğu məlum olub və o, Onkologiya Mərkəzində ümumilikdə 8 dəfə kimyaterapiya alıb. İ.Məmişov deyir ki, ilk dəfədən sonra şişin ölçüsündə kiçilmə müşahidə olunsa da, sonradan heç bir fayda olmayıb.
Müharibənin gedişində ağrılar hiss elədim və ötən ilin dekabrında təxris olunduqdan sonra Füzuli və Gəncədə müayinələrdə keçdim. Orada bildirdilər ki, məndə damar genişlənməsi var. Lakin Bakıda özəl klinikada müayinədən keçdikdə qarın boşluğumda şiş aşkarlandı.
İ.Məmişov yanvarın 8-də Milli Onkoloji Mərkəzdə əməliyyat olunub. Onun sözlərinə görə, xəstəliyinin müalicəsi Azərbaycanda mümkün deyil və bunla bağlı qazi prezidentə də müraciət etdiyini deyir:
Sağlamlığımla bağlı ölkə xaricində daha ciddi müayinə və müalicə oluna bilərəm. Buna görə də dövlətdən, lazımi orqanlardan dəstək istəyirəm.
Şikayətlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi ilə əlaqə saxlasaq da zənglərimiz cavabsız qalıb. YAŞAT fondundan isə sualların cavablandırılacağı bildirilsə də hələ ki cavab verilməyib.
YAŞAT Fondu nədir: Prezident İlham Əliyevin 2020-ci il dekabrın 8-də “YAŞAT” fondunun yaradılması ilə bağlı fərman imzalayıb. Fondun yaradılmasında məqsəd ölkənin ərazi bütövlüyü uğrunda yaralanan və həlak olanların ailələrinin təminatına dəstəkdir.
“YAŞAT” Fondunun 4 dəstək istiqaməti var:
- Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi
- Borc öhdəliklərinin qarşılanması
- Məişət şəraitinin yaxşılaşdırılması
- Təhsil xərclərinin ödənilməsi
Bu günə kimi Fonda ümumilikdə 62 milyon manatdan çox vəsait toplanıb. Fondun hesabatına görə, xərclərin 40 faizdən çoxu məişət şəraitinin yaxşılaşdırılmasına yönləndirilib. Digər hissəsi isə tibbi xərclər, borc öhdəliklərinin qarşılanması, təhsil xərcləri və digər istiqamətlərə sərf olunub.
Sentyabrın 21-ə olan məlumata görə, fond ümumilikdə 132 nəfər qazini Türkiyəyə müalicəyə göndərib.