Sentyabrın 28-də “YouTube” platforması Rusiyanın “Russian Today” (RT) media orqanının RT DE və DFP kanallarını silib. Media orqanının baş redaktoru Marqarita Simonyan bunu media müharibəsi kimi qiymətləndirib. Kanalların silinməsini “Berlinin Moskvaya qarşı media savaşı” adlandıran baş redaktor Kremlə çağırış edib ki, alman mediası “Deutsche Welle” Rusiyada qadağan olunsun.
Rusiyanın rəsmi qurumları nə deyir: Rusiyada kommunikasiyalara nəzarət edən dövlət qurumu – Roskomnadzor “Google” şirkətinə müraciətində həmin kanalları bərpa etməyi tələb edib. Bildirilib ki, əgər bu baş verməsə, qurum 1 milyon Rubl dəyərində cərimələnə və ya “YouTube” Rusiya ərazisində bloklana bilər:
Əgər resurs sahibləri “Roskomnadzor”un xəbərdarlığına əməl etməsələr, qanunvericiliyə uyğun olaraq həmin resursa giriş tamamilə, ya da qismən məhdudlaşdırılacaq.
“Youtube” nə deyir: “Youtube” isə bu addımı “servisdən istifadə şərtlərinin pozulması” ilə əsaslandırıb. “Google-un mətbuat xidmətindən bildiriblər ki, RT DE telekanalı COVID-19 pandemiyası haqqında yalan məlumatlar paylaşıb.
Almaniya Nazirlər Kabineti nə deyir: Məsələ ilə bağlı Almaniya Nazirlər Kabineti bəyanat yayıb ki, Almaniya hökumətinin Russian Today -in alman versiyasının YouTube kanalının bağlanması ilə heç bir əlaqəsi yoxdur və bu qərar video platformanın rəhbərliyi tərəfindən qəbul edilib.
“Russian Today” nədir: 2005-ci ildən fəaliyyət göstərən media orqanı müxtəlif ölkələrdə ingilis, fransız, ispan və ərəb dillərində yayım edir. Media orqanı bir çox ölkədə Rusiya hökumətinin və onun xarici siyasətinin əsas propaqanda aləti hesab olunur və yayımı qadağan olunub. Telekanalın yayımı 2014-cü ildən etibarən Ukraynada, 2020-ci ildən etibarən isə Latviya və Litvada qadağan olunub.
Avropa Parlamentinin 2016-cı il 23 noyabrda yaydığı məlumata görə, Rusiya dezinformasiya və təbliğat üçün külli miqdarda vəsait ayırır, bununla yanaşı Avropa Birliyindəki siyasi partiya və təşkilatları maliyyələşdirir. Parlamentin açıqlamasına görə bu təbliğat əsasən jurnalistlərə, siyasətçilərə və Avropa Birliyi vətəndaşlarına yönəlib.